Avropa İttifaqı Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verdi

post-img

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentlərinə müraciət edərək, azərbaycanlıların zorla qovulduğu Ermənistandakı evlərinə qayıtmaq hüququnun təmin edilməsinə Aİ-nin müdaxiləsini xahiş etmişdi.

Qərbi Azərbaycan İcmasından verilən məlumata görə, Avropa İttifaqı bu müraciətlərə rəsmi cavab verib. Cavabında Avropa İttifaqı bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiqləyir və bu məsələnin daha geniş sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir.

Beynəlxalq aləmdə böyük çəkiyə malik olan Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşmasında, regionda sülhün və sabitliyin təşviqində mühüm rol oynayır.

“Biz hesab edirik ki, Avropa İttifaqının azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi bu işə beynəlxalq dəstəyin gücləndirilməsində mühüm addımdır. Fikrimizcə, bu rəsmi cavab Ermənistandan qovulmuş azərbaycanlıların çətin vəziyyətinin həll edilməsinə olan təcili ehtiyacının beynəlxalq səviyyədə artan etirafını ifadə edir. Bu, həm də Qərbi Azərbaycan İcmasının bu aktual humanitar problemin ədalətli və davamlı həllinə nail olmaqda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Qərbi Azərbaycan İcması bu istiqamətdə Avropa İttifaqı ilə gələcək dialoq və praktiki əməkdaşlığı səbirsizliklə gözləyir. İcma azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək, beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq regionda barışıq, sabitlik və birgəyaşayışı təşviq etmək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə sadiq qalır”, - deyə İcmanın məlumatında vurğulanıb.

Siyasət