İrəvanın “metallurgiya təxribatı”

post-img

Ermənistan Azərbaycanla sərhəddə iri metallurgiya zavodunun inşasına start verib. Çirkli sənaye sahəsi hesab edilən bu zavod üçün başqa ərazinin deyil, məhz Azərbaycanla sərhəd zonasının seçilməsi heç də təsadüfi deyil. Hələ sovet dönəmindən ölkəmizə qarşı ekoloji terror siyasəti həyata keçirmiş Ermənistanın bu addımı, onun ekoloji terror siyasətini genişləndirməkdə qərarlı olduğunu göstərir.

Xatırladaq ki, artıq məlum olay­la bağlı Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 7-də etiraz bəyanatı ilə çıxış edib. Bəyanatda deyilir: “Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazi­sində - Yerasx (Arazdəyən) kəndin­də 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən vi­deogörüntülər yayılıb.

Bu, Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsip­lərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymət­ləndirilməsi haqqında Konvensiyası­nın (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir”.

Bəyanatda həmçinin dünya birliyi, beynəlxalq ictimaiyyət baş verənlərə biganə yanaşmamağa, adekvat reak­siya sərgiləməyə çağırılıb.

Qeyd edək ki, Azərbaycanın Nax­çıvanla sərhəddə inşa edilən zavod­la bağlı bu cür narahatlıq keçirməyə ciddi əsasları mövcuddur. Ermənistan on illərdir ki, Araz çayını irili-xırdalı çoxsaylı dağ-mədən müəssisələri­nin tullantıları ilə çirkləndirməkdədir. Nəticədə, çaydakı flora və fauna alə­minə ciddi ziyan dəyib, qiymətli balıq növlərinin bir çoxu məhv olub. Araz çayının suyunun Ermənistan tərəfin­dən həddindən artıq çirklənməsi bu suları kənd təsərrüfatı baxımından da yararsız hala salıb. Belə bir şəraitdə Ermənistanın Araz çayı yaxınlığında iri metallurgiya zavodu inşa etməsi, çayın yeni tullantılar hesabına daha çox çirklənəcəyi anlamına gəlir.

ABŞ da məsuliyyət daşıyır

Ermənistanın Naxçıvanla sərhəd­dən cəmi 800 metr uzaqlıqda inşa etməyə başladığı zavodun tikintisidə ABŞ şirkəti də aktiv rol oynamaqdadır. Belə ki, metallurgiya zavodu Ermə­nistana məxsus GTB Steel tərəfindən inşa edilsə də, tikinti prosesində ABŞ şirkəti də yaxından iştirak edir. Bu isə o deməkdir ki, Ermənistanın bu zavod vasitəsilə həyata keçirəcəyi ekoloji terrora görə məsuliyyət İrəvanla ya­naşı, həm də Birləşmiş Ştatların üzə­rinə düşəcək. Ümumən Ermənistanın ekoloji terror üzrə zəngin təcrübəyə malik olduğu, zaman-zaman regional ekoloji fəlakətlərə səbəb olan təxribat­lar həyata keçirdiyi ilə bağlı çoxsaylı faktlar mövcuddur. 44 günlük Vətən müharibəsində Şuşa meşələrinin xüsusi kimyəvi maddələrlə yandırıl­ması, işğal dönəmində Laçın və Kəl­bəcərdəki meşələrin kütləvi şəkildə məhv edilməsi, təmiz su hövzələrinin məqsədli çirkləndirilməsi bu baxımdan vurğulanmalıdır. Ermənistanın çirkli sənaye müəssisəsini Azərbaycanla sərhədə gətirməsi İrəvanın bu gün də öz məkirli xislətindən əl çəkmədiyini göstərir.

Xəzərin ekoloji durumu ağırlaşacaq

Naxçıvanla sərhəddə inşa olunan mettalurgiya zavodunun mövcudlu­ğu sadəcə Araz çayının çirklənməsi ilə yekunlaşmayacaq. Zavodun fəa­liyyəti Xəzərdəki ekoloji durumu da əhəmiyyətli dərəcədə ağırlaşdıracaq. Çünki Ermənistandan axıdılan zərərli tullantılarla çirklənən Araz çayı Kürlə qovuşandan sonra Xəzərə axır ki, bu da dəniz suyunun da çirklənməsi, bu­radakı flora və faunanın məhvi demək­dir. Deməli, məsələyə Azərbaycanla yanaşı, bütün Xəzəryanı ölkələr öz etirazını bildirməli, beynəlxalq ekoloji təşkilatlar təhlükənin miqyası və müm­kün nəticələri haqqında dünya ictima­iyyətini məlumatlandırmalıdır. ABŞ-ın bu zavodun inşasından imtina etməsi, beynəlxaqlq təşkilatların Ermənista­na təzyiq göstərməsi, hətta müəyyən sanksiya və qadağaların gündəmə gəlməsi, İrəvanı layihədən çəkindirən effektiv addımlar ola bilər. Əks halda, regionun ekologiyasına növbəti zərbə vurulmaqla, milyonlarla insanın həyatı və sağlamlığı risk altına düşəcək. 

Heydər Əliyevin tələbi 

Onu da bildirək ki, Araz çayının və Xəzər dənizinin Ermənistan tərəfindən çirkəndirilməsi ötən əsrin 80-90-cı il­lərində də aktual problemlərdən biri olmuşdur. Bu problem bir neçə dəfə ulu öndər Heydər Əliyev tərəfindən də beynəlxalq təşkilatların, aparıcı döv­lətlərin diqqətinə çatdırılmış, İrəvanın ekoloji terror siyasəti ifşa edilmişdir. 

Ümummilli lider Heydər Əliyev 23 may 2002-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd əl-Baradeyi ilə görüşündə ermənilərin Araz çayını və Xəzər də­nizini çirkləndirməsinə diqqət çəkərək demişdir: “Bölgəmiz üçün çox əhəmiy­yətli olan Araz çayının da Ermənistan tərəfindən çirkləndirilməsi bizi narahat edir.

Xatirimdədir, hələ 1980-ci illərin əvvəllərində Ermənistanın Zod bölgə­sində qızıl mədənlərindən çıxan filizin flotasiyası üçün Arazın kənarında bir zavod tikilirdi və oradakı tullantıların Araza buraxılması təhlükəsi var idi. Biz o vaxt buna etiraz etdik. Amma indi Ermənistan ilə Azərbaycan ara­sında münaqişə olduğu üçün bizim bu barədə məlumatımız yoxdur və bir şey də edə bilmərik. Bu məsələ nəzarət al­tında olmalıdır. Biz Araz çayından çox məqsədlər üçün istifadə edirik. Bu ça­yın suları Xəzər dənizinə axır. Demək, bu çayın təmizliyi Xəzər dənizinin tə­mizliyi üçün lazımdır. Ona görə bu məsələ bizi çox narahat edir. Biz istər­dik ki, əməkdaşlığımızda bu məsələyə də diqqət yetirəsiniz.

Xəzər dənizinin ekologiyası, onun çirklənməsinin qarşısının alınması sahəsində də çox ciddi tədbirlər gör­mək lazımdır. Biz bununla məşğul oluruq. Güman edirəm, Xəzəryanı hər bir ölkə də, dövlət də bununla məşğul olur. Ancaq bizim hamımızın səyləri­miz yetərli deyil. Xəzər dənizi ardıcıl surətdə çirklənir”.

Göründüyü kimi, dahi şəxsiyyət Heydər Əliyevin hələ o zaman bey­nəlxalq təşkilatlar qarşısında Araz çayı və Xəzər dənizinin ermənilər tərfindən çirkləndirilməsi problemini qaldırmış­dı. Məsələ bu gün də öz həllini tapmış deyil. Məhz beynəlxalq təşkilatların, dünya birliyinin susqunluğunun nə­ticəsidir ki, Ermənistan ekoloji terror siyasətini dayandırmaq əvəzinə, bu fəaliyyəti daha da genişləndirir. Və nə qədər ki, beynəlxalq ictimaiyyət, regi­on dövlətləri bu məsələdə lazımi birlik və qətiyyət göstərməyib, çətin ki, sö­zügedən problemin həllində hansısa irəliləyişə nail olmaq mümkün olsun.

Seymur ƏLİYEV

Siyasət