Tarixin qurtuluş soraqlı günləri

post-img

Müstəqilliyin ilk illərində ölkəmizdə yaşananları heç kəs unutmayıb və unuda bilməz. Ancaq həmin məşəqqət və məhrumiyyətlərin apogeyi ilə bilavasitə 1993-cü ilin birinci yarısında üz-üzə qaldıq. 

Xaos, anarxiya, məmur özbaşınalı­ğı, vətəndaş itaətsizliyi, ordunun vahid idarəetməsinin olmaması, siyasətçilə­rin əksəriyyətinin öz silahlı dəstəsini formalaşdırması, üstəlik, ərazilərimizin işğalının davam etdirilməsi həmin gün­lərin ən acı həqiqətləri idi. Ancaq bütün bunların fövqündə daha möhtəşəm bir həqiqət də var idi: Xalqın aydın sabaha olan ümidi ölmür, dövlətçiliyimizin qo­runacağına olan inam azalmırdı.

Məhz elə ona görə də 1993-cü ilin ilk altı ayında müasir tariximizin ən dəhşətli – ölkə vətəndaş müharibəsi­nin bir addımlığına gətirilmişdi – və ən qürurlu – milli dövlətçiliyimizin növbəti dəfə əldən getməsindən xilas yolu ta­pılmışdı – səhifələri yaranmışdı. Xalq vətəndaş müharibəsindən xilas olmaq üçün də, milli dövlətçiliyimizin əsrin əvvəlindəki taleni yaşamaması üçün də pənah yeri kimi Naxçıvanı seçmiş, “Heydər Əliyev, gəl bu ölkəni bəlalar­dan, faciələrdən xilas et!” – kimi çağı­rışları bayraq etmişdi. 

Belə çağırışların səsləndirilməsi nə qədər vacib olsa da, bir o qədər də riskli və hətta, təhlükəli idi. Çünki həm xaricdəki bədxahlarımız, həm də ölkədə siyasi hakimiyyətə yiyələnən­lər Heydər Əliyevin dövlət idarəçili­yinə qayıtmasını qətiyyən istəmirdilər. Əcnəbilər Heydər Əliyevin adından ona görə qorxurdular ki, onlar bizim dövlət müstəqilliyimizin əleyhinə idilər. Heydər Əliyev gəlsə, müstəqillik əldən getməyəcəkdi. Yerli bədxahlar isə sa­dəcə öz hakimiyyətlərini qorumaq üçün istənilən mütərəqqi addıma badalaq gəlməyə hazır idilər. Ancaq buna bax­mayaraq, “əli Surət Hüseynovun daşı altında qalan” ölkə rəhbərliyi nəinki Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsinə icazə verdi, hətta, ona yal­varmağa başladılar. 

Bütün bunlar haqqında daha müfəssəl məlumatları qələmə almaq üçün Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı il noyabrın 13-də Tür­kiyənin TGRT telekanalının “Üz-üzə” proqramına verdiyi müsahibənin bəzi məqamlarına nəzər salmaq kifayətdir. Ulu öndər həmin müsahibədə demişdi ki, 1993-cü ilin iyununda Azərbaycan­da vətəndaş müharibəsi başlanmışdı: “Bu zaman insanlar gəlib dedilər ki, Azərbaycan dağılır, qardaş qanı tö­külür, vətəndaş müharibəsi başlayıb­dır, mən Bakıya gəlməliyəm. Gəlmək istəmədim. Çünki doğrusunu deyim, mən Bakıdan küsmüşdüm. Burada bu qədər xidmət göstərməyimə bax­mayaraq, mənə qarşı belə münasibət bəslənildiyinə görə küsdüm. Dedim ki, ömrümün sonunadək Naxçıvanda ya­şayacağam. Əbülfəz Elçibəy dörd gün ərzində hər gün təyyarə göndərirdi, an­caq mən gəlmirdim. Nəhayət, gəldim gördüm ki, burada işlər, vəziyyət necə­dir? Gəlib gördüm ki, Azərbaycan dağı­lır, parçalanır, qardaş qardaşı öldürür. Mən gələndən sonra bir həftə ərzində danışıqlar getdi, sonra parlament sədri seçilməyimə razılıq verdim. Amma iki gün sonra Əbülfəz Elçibəy buradan gizli olaraq qaçdı. Respublika prezi­dentsiz qaldı. Mən prezidentin səlahiy­yətlərini üç-dörd ay icra etdim. Ondan sonra məni prezident seçdilər”.

Rəsmi məlumatlarda isə oxuyuruq ki, 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşmə­si ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilmə­si tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular.

Yəni bütün bunlar, ilk növbədə, xalqın Heydər Əliyev siyasi dühasına olan inamı, son nəticədə isə müstəqil Azərbaycan dövlətinin qurtuluşa doğ­ru gedən yolunun açılması demək idi. Ancaq Prezident İlham Əliyevin fikrin­cə, bu yolun başlanğıcı ulu öndərin Naxçıvana rəhbərlik etdiyi dövrdə qo­yulmuşdu.

Dövlət başçımız xatırladır ki, Azər­baycan Xalq Cümhuriyyətinin üçrəng­li bayrağı 1990-cı ilin noyabr ayında Naxçıvanda rəsmi dövlət bayrağı kimi Heydər Əliyevin təşəbbüsü ilə qal­dırılmışdır. Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, bu bayraq Azərbaycanın dövlət bayra­ğı kimi elan edilsin: “1991-ci ilin mart ayında Azərbaycanda Sovet İttifaqının saxlanılması haqqında referendum keçirildiyi zaman Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum ke­çirilməmişdir. Yəni, bütün bu hadisələr və addımlar Azərbaycan xalqının qəl­bində çox böyük əks-səda vermişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı ən çətin anlarda Heydər Əliyevə müraciət edərək öz seçimini etmişdir”. 

Bəli, Azərbaycan xalqı qurtuluşa doğru gedən yolu dəqiq müəyyənləş­dirmiş və istəyinə nail olmuşdur. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra Azərbaycanda böyük inkişaf və quruculuq işləri aparılmağa başlamış­dır. İlk növbədə sabitlik bərpa olunmuş, qanunsuz silahlı birləşmələr tərksilah edilmişdi. Eləcə də, iqtisadi sahədə dəyərli təşəbbüslər irəli sürülmüş və ən önəmlisi ölkənin strateji inkişafı haqqın­da düzgün seçim edilmişdir. Azərbay­can müasir, dünyəvi, dünya birliyinə inteqrasiya edən, bazar iqtisadiyyatı prinsiplərinə, demokratik əsaslara sadiq ölkə kimi inkişaf etməli idi. O strateji se­çimi Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildə etmişdir və o ildən bu günə qədər Azərbaycan inkişaf yolu ilə uğurla gedir.

Sonda xatırladaq ki, Prezident İlham Əliyev dövlət müstəqilliyimizin 20 illyi münasibətilə keçirilən təntənəli mərasimdə heç zaman unutmayaca­ğımız fikirlər səsləndirmişdi: “Bu 20 il 120 il, 220 il, 520 il olacaqdır. Müstəqil respublikamız əbədi yaşayacaqdır... Bizdən əvvəlki nəsillər əsrlər boyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşamışlar və həyatdan getmişlər. Amma bu müstəqilliyi görməmişlər. Biz, bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, həm də müstəqil­liyi möhkəmləndiririk”.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Siyasət