Zəngəzur dəhlizinin “müştəriləri” çoxalır

post-img

Təkcə Türkiyə ilə Azərbaycanı deyil, bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması işi sürətlə davam edir. Prosesin artıq sona yaxınlaşdığını da söyləmək mümkündür. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bir neçə gün öncə “TRT Haber”ə müsahibəsində oxşar məzmunda fikir səsləndirmişdi. Səfir qeyd etmişdi ki, dəhlizin açılması işi sona yaxınlaşır. “Zəngəzur bizim təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə əlimizdən alınmış, Ermənistana verilmiş, Türkiyənin Azərbaycan sərhədində sədd çəkilmiş, əngəllər yaradılmış torpaqdır”, – deyən diplomat əlavə etmişdi ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycan arasındakı quru yolla məsafə 38 kilometrə qədər qısalacaq. Həmçinin bildirmişdi ki, bu dəhliz Türkiyənin Asiya ilə ticarət əlaqəsi üçün də vacibdir: “Türkiyə Şərqlə Qərb arasında əlaqəni quracaq”.

Moskvada 9 saatlıq danışıqlar

Zəngəzur dəhlizinin açılması is­tiqamətində müzakirələr sonuncu dəfə iyunun 2-də aparılıb. Həmin gün Mos­kvada Rusiya, Azərbaycan və Ermənis­tan baş nazirlərinin müavinləri – Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryandan ibarət Üçtərəfli İşçi Qru­punun iclası keçirilib. İclasın yekunlarını şərh edən A.Overçukun sözlərinə görə, danışıqlar 9 saat davam edib. O qeyd edib ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair mətn prin­sipcə, “yüksək hazırlıq vəziyyətində” olsa da, iki-üç məqamla bağlı əlavə mü­zakirələrə ehtiyac var: “Yüklərin gömrük nəzarətinin necə həyata keçiriləcəyinə dair razılığa gəldik. Bu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd və də­miryolu olacaq”.

Rusiyanın Baş nazir müavininin söz­lərinə görə, bütün tərəflər dəhlizin erkən işə salınması əhval-ruhiyyəsindədir. Rusiya Federal Təhlükəsizlik Xidməti­nin nəzarət və təhlükəsizliyin təminatı baxımından mümkün iştirakı məsələsi­nin hazırlanıb-hazırlanmaması ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Over­çuk deyib: “Bu, Ermənistan Respublika­sından asılıdır”.

Bu yerdə, necə deyərlər, xoruzun quyruğu görünür. Məsələ ondadır ki, 2020-ci ilin 10 noyabr tarixində imza­lanmış üçtərəfli Bəyanatda sözügedən məqam açıq-aşkar öz əksini tapıb. Bə­yanatın 9-cu bəndində deyilir: “Bölgə­dəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbay­can Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasın­da nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsiz­lik Xidmətinin sərhəd xidmətinin orqan­ları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respubli­kası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasi­yalarının inşası təmin ediləcək”.

İrəvan üçtərəfli Bəyanatdan imtina edir?

Beləliklə, bəyanatda birmənalı, ay­dın şəkildə göstərilir ki, nəqliyyat əlaqə­si üzrə nəzarəti FTX həyata keçirəcək. Ancaq Overçukun açıqlamasından belə anlaşılır ki, hələlik bu məsələ tam həlli­ni tapmayıb. Aydın olur ki, Ermənistan FTX-nin sərhədə nəzarəti həyata ke­çirməsi ilə bağlı nəinki verdiyi sözün, hətta atdığı imzanın arxasından qaçıb. Belə olmasaydı, A.Overçuk üçtərəfli Bə­yanatda əksini tapmış məqamla bağlı birmənalı fikir bildirər, onu şübhə altına almazdı. Rusiyanın baş nazir müavini­nin bu açıqlaması ekspert cameəsində də birmənalı qarşılanmayıb. Ekspert­lər Overçukun açıqlamasından sualla­rın yarandığını bildirirlər. Əsas suallar bunlardır: Ermənistan tərəfdən sərhəd və gömrük xidməti necə həyata keçi­riləcək? Bu, Ermənistanın sərhədçiləri və gömrükçüləri olacaq, yoxsa nəzarəti Rusiya həyata keçirəcək? Azərbaycan və Ermənistan Ümumdünya Gömrük Təşkilatının dəstəyindən yararlanacaq­larmı? Şərhlərdə qeyd olunur ki, bu sual Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə Av­ropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüş­də Ümumdünya Gömrük Təşkilatının imkanlarından istifadə edilməsi barədə şifahi razılıq əldə edildiyi üçün aktualdır. Bununla bağlı Şarl Mişelin açıqlaması olmuşdu. Overçuk Mişeldən fərqli ola­raq, Ümumdünya Gömrük Təşkilatının adını çəkməyib. Deməli, Moskva təş­kilatın Ermənistanla Azərbaycan ara­sında gömrük fəaliyyəti göstərməsinin əleyhinədir, bu rolda özünü görür.

Qriqoryan inkar edir

Zəngəzur dəhlizində nəzarətin necə həyata keçiriləcəyi barədə üçtərəfli işçi qrupunun üzvü Mher Qriqoryan da da­nışıb. O iki gün öncə “Sputnik Ermənis­tan”a açıqlamasında deyib ki, regionda kommunikasiyaların blokdan çıxarılma­sı kontekstində beynəlxalq operatorlar­dan istifadə məsələsi müzakirə olun­mayıb: “Hələlik müzakirə mərhələsi gedir və bu məsələnin detallarını açıq­lamamaq düzgün olardı. Amma bütün məsələlər gömrük və sərhəd nəzarəti prosesinin təşkilinin təfərrüatlarına aid­dir. Blokların aradan qaldırılması ilə bağlı vacib bir məqam var ki, bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır. Bu da ondan ibarətdir ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfinin kontrolu altında olacaq”.

Blokların açılması ilə bağlı razılaş­manın Rusiyada, yoxsa Qərbdə əldə olunmasının əhmiyyət daşıyıb-daşı­maması ilə bağlı suala cavab olaraq Qriqoryan deyib ki, məsələnin məzmu­nu, funksionallığı və işləkliyi önəmlidir. Onun sözlərinə görə, ölkələrin qanun­vericiliyi onların ərazisində yerləşən inf­rastruktura şamil olunacaq.

Qriqoryan üçtərəfli Bəyanatla Azər­baycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinə nəzarə­tin Rusiya FTX-nin sərhəd xidmətinin orqanları tərəfindən həyata keçirilməli olduğu bəndini şərh edərkən qeyd edib ki, bu, Ermənistan–Rusiya ikitərəf­li məsələsidir, üçtərəfli gündəm deyil: “Hesab etmirəm ki, biz üçtərəfli görüş­də belə bir məsələni müzakirə etməli­yik. Nə olacaq və necə olacaq, bu ayrı məsələdir”.

Şahin Mustafayev məsələyə nöqtə qoydu

Məsələyə dünən Baş nazirin müa­vini, Üçtərəfli İşçi Qrupunun üzvü Şa­hin Mustafayev də münasibət bildirib. O qeyd edib ki, nəzarət 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Rusiya FTX-nin sərhəd xidmə­ti tərəfindən həyata keçiriləcək: “Birgə Bəyanatın 9-cu bəndinin müddəaları­nın tez bir zamanda həyata keçirilməsi üçün danışıqlar aparılır. Tapşırıqlar çox aydındır. Naxçıvan Muxtar Respubli­kasını Azərbaycanın qərb rayonları ilə birləşdirən mövcud nəqliyyat kommuni­kasiyalarının bərpası və yeni nəqliyyat kommunikasiyalarının tikintisi nəzərdə tutulur. Həm sərnişin, həm yük, həm də avtonəqliyyat vasitələrinin daşınması təmin olunacaq”. O əlavə edib ki, ha­zırda texniki detalların razılaşdırılması üçün müzakirələr aparılır.

Eyni vaxtda iki stul?

Ümumiyyətlə, Ermənistanın istər əv­vəlki rejimləri, istərsə də Nikol Paşinyan iqtidarı hər zaman iki stulda eyni vaxtda əyləşmək siyasəti yürüdüb, Qərb və Ru­siya arasında manevr edib. Bu baxım­dan Rusiyanın Ukrayna ilə müharibədə zəiflədiyi, Qərb tərəfindən təkləndiyi in­diki durumda Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizində nəzarətlə bağlı üç­tərəfli Bəyanatda əksini tapan məqam­dan imtina xətti götürməsi bizim üçün təəccüblü deyil. Yada salaq ki, Ermə­nistan Rusiya ilə olduqca sıx müttəfiq­lik əlaqəsinə malik olsa da, N.Paşinyan iyunun əvvəlində “CNN Prima News”a verdiyi müsahibədə ölkəsinin Ukrayna müharibəsində Rusiyanın müttəfiqi ol­madığını bildirmişdi. Biz hayların necə deyərlər, dabbaqda gönlərinə bələdik. Hazırda bu fikir də yayğındır ki, ABŞ və Qərb Rusiyanın Zəngəzur dəhlizin­dən kənarda saxlanması üçün Paşin­yan hakimiyyətinə müəyyən təlimatlar verməyə başlayıb. Rəsmi İrəvan məhz həmin təlimatlara uyğun olaraq, Rusiya­nın Zəngəzur dəhlizinə nəzarət iddiala­rını şübhə altına almağa çalışır. Bunun nəticəsində Paşinyan hakimiyyəti 10 noyabr anlaşmasını da qüvvədən sala biləcək manevrlər edir. Zənnimizcə, İrəvanın bütün bu davranışları Rusiya hakimiyyətinə ünvanlanan aydın mesaj olmalıdır. Sözsüz ki, onlar da hayların gerçək xislətinə bələddirlər. 

İlqar VƏLİZADƏ,
politoloq

– Mher Qriqoryan nəqliyyat kom­munikasiyalarının blokdan çıxarıl­masından sonra sərhəd nəzarətini Rusiyanın deyil, Ermənistanın hə­yata keçirəcəyini bildirib. Onun bu açıqlaması faktiki olaraq İrəvanın üçtərəfli Bəyanatın ən azı 9-cu bən­dindən imtinası anlamına gəlir. Əgər belədirsə, ümumiyyətlə, bu bəyana­tın sözbəsöz icrasından danışmağın nə mənası var? Bir qədər də açıq da­nışası olsaq, deməliyik ki, biz də hə­min sənəddə yalnız öz maraqlarımızı nəzərə almağa hazır olmalıyıq. Çün­ki Mher Qriqoryan bu açıqlama ilə razılaşmanı necə deyərlər, utilizasiya etmiş olur. Yeri gəlmişkən, üçtərəfli Bəyanatın 4-cü bəndini də unutmaq olmaz. Orada yazılır ki, Rusiya Fede­rasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarıl­ması ilə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadı­lır. Əgər İrəvan Zəngəzur dəhlizində nəzarəti Rusiya FTX-nin həyata ke­çirməli olduğundan imtina etməkdə israr etsə, biz də bu məqamı qabart­malı və sülhməramlıların çıxarılması məsələsini gündəmə gətirməliyik.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət