Əgər sülh dinamikası belə davam etsə...

post-img

“Avropa siyasi birliyi”nin Kişineudakı 2-ci Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşü qeyri-formal xarakter daşısa da, danışıqları Fransa və Almaniyanın dövlət başçılarının müşayiət etməsi formatı sanbala mindirdi. Vaşinqton, Brüssel, Moskva raundlarından sonra sülh prosesindən irəliləyişin gözlənildiyi Moldovadakı təmas tərəflərin mövqelərini bir daha dəqiqləşdirməsi nöqteyi-nəzərindən aktual sayılırdı. Düzdür, bəzi ekspertlər onların çərçivə sənədini imzalayacağı ehtimalını irəli sürürdülər, amma bunun reallaşma şansı aşağı idi. 

Təşəbbüskar prosesdən razıdır, amma... 

Bakı–İrəvan sülh danışıqlarının növ­bəti raundları üçün əsas formulun ha­zırlanması məqsədini daşıyan Kişineu görüşündən sonra vasitəçi Şarl Mişelin verdiyi açıqlama da nikbin notlara kök­lənmişdi. Fransız əsilli Mişelin vasitəçi­lik missiyasinda nə qədər xeyirxah və səmimi niyyətli olmasını qeyd etməklə yanaşı, “beşliy”in dəyirmi masasından hansı konkret nəticə əldə etdiyini açıq­lamaması diqqət çəkdi. Halbuki, 14 may Brüssel formatından sonra mode­ratorun dediyi yenilik tərəflərin qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması olmuşdu. Yəni, o zaman şifahi şəkil­də olsa da, Bakı və İrəvan arasında müəyyən razılaşmaya nail olunmuşdu. Düzdür, Kişineu görüşü qeyri-formal xarakter daşıyırdı və Mişelin mövqe­yi də buna adekvat olaraq, daha çox məlumatlandırma məqsədli idi. “Praqa və Brüssel görüşlərindən sonra biz Er­mənistan–Azərbaycan münasibətlərinin normallaşmasının bütün elementlərinin müzakirəsinə davam etdik. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Pre­zidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə geniş müzakirə­miz oldu”, – deyə Ş.Mişel özünün “Twit­ter” hesabında yazıb. Daha sonra isə o, tərəflərin götürdükləri öhdəlikləri yerinə yetirmələrinin vacibliyini qeyd edib: “Biz həmçinin iyulun 21-də Brüsseldə keçi­riləcək növbəti görüşü də müzakirə et­dik. Oktyabrda Qranadada ASB növbəti sammiti çərçivəsində Ermənistan, Azər­baycan, Almaniya və Fransa liderləri ilə müzakirələrin davam etdirilməsi təklifini təsdiqlədik.”

Azərbaycan Prezidentinin köməkçi­si, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hik­mət Hacıyevin Kişineu görüşü ilə bağlı “Twitter” paylaşımı da məlumat xarak­terlidir: “Avropa siyasi birliyi”nin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi, eləcə də Al­maniya və Fransanın iştirakı ilə keçirilən üçtərəfli görüş qeyri-rəsmi, müsbət və səmərəli şəraitdə baş tutub. Üçtərəfli görüşün növbəti mərhələsinin iyul ayın­da Brüsseldə keçirilməsi qərara alınıb”. 

Paris yenə öz ampluasındadır 

Görüşün bizim üçün yaddaqalan məyusedici məqamı isə Fransa hö­kumətinin verdiyi bəyanat oldu. Em­manuel Makron yenə birtərəfli və danı­şıqlara heç bir müsbət təkan verməyən açıqlaması ilə sülh prosesinə yalnız mane olmağa çalışdığını bir daha orta­ya qoydu. Bakı lap əvvəldən Parisin bu formatda iştirakına etirazını bildirmişdi. Yelisey sarayından yayılan bəyanatda Avropa liderlərinin tərəfləri hərbi əsir­lərin tezliklə azad edilməsi öhdəliyini yerinə yetirməyə çağırdığı vurğulanır. Ardınca isə Ermənistanın rifahı naminə Aİ-nin müşahidəçi missiyasının önəmi, həmçinin, Dağlıq Qarabağ (?) ermənilə­rinin hüquq və təhlükəsizliyinə təminatın vacibliyi xüsusi olaraq qeyd edilir. Əslin­də, təəccüb doğuracaq heç nə yoxdur. Fransa həmişə olduğu kimi, özünün ermənipərəst mövqeyini ortaya qoyur. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan liderləri arasında Kişineu görüşünün nəticələrinə dair bəyanatına cavabında bu amil xüsusi qeyd edilir: “Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə ver­mir". Kişineu görüşünün yekunları üzrə mətbuata açıqlamanın ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı Şarl Mişel tərəfindən verildiyini deyən XİN rəsmisi Parisin bəyanatının özündə təhrifdən başqa heç nə daşımadığına diqqət çəkir: “Fransa Prezidenti tərə­findən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir”. 

Bakının missiyası

Fransanın Cənubi Qafqazda çoxdan gözlənilən sülhün bərqərar olmasına, xalqların rahat və əmin-amanlıq şəraitin­də yaşamalarına maraq göstərməməsi, əksinə, bu prosesin uğursuzluğa düçar olmasına çalışması bu günün məsələ­si deyil. Paris otuz ildir bölgədə suyu bulandırmaqla məşğuldur. Onun “sülh-məramlı” missiyası, dəyişməyən dip­lomatik ampluası məhz bunun üzərinə köklənib. Özünü Bakı və İrəvanı barış­dırmağa çalışan qərblilərin düşərgəsinə pərçimləməyə çalışan Fransanın əsl niyyəti bizə çoxdan bəllidir. Deməli, in­diki halda aydın görünən həqiqət ondan ibarətdir ki, Paris Azərbaycan və Ermə­nistan arasında üzü pozitiv platformaya yönələn sülh prosesindən təcrid edil­məyənə qədər, həm tərəflər, həm də Cənubi Qafqaz bölgəsi üçün başağrısı olaraq qalacaq. Yəqin, oyunun qayda­larını pozan legionerin “cərimə meydan­çasına” göndərilməsi missiyası Azər­baycanın üzərinə düşəcək. Bakının bu missiyanı uğurla yerinə yetirəcəyinə isə heç kəsin şübhəsi olmasın. 

 

Orxan AMAŞOV, 

“Caliber.az” saytının siyasi analitiki:

– Düşünürəm ki, Kişineu görüşün­də minimum məqsədə nail olundu. Məqsəd isə ondan ibarət idi ki, mayın ilk günlərində Vaşinqtonda keçirilən sülh danışıqlarında yaranmış dinami­ka sarsılmasın. Bəzi ekspertlər hesab edirdilər ki, iyunun 1-də çərçivə sənə­di imzalana bilər, amma bu ehtimalın gerçəkləşmə faizi aşağı idi. Çünki tərəflər bir çox məsələlərlə bağlı ümu­mi məxrəcə gəlməyiblər. Qarşıda bizi nə gözləyir? Hazırda Bakı və İrəvan sülh və dövlətlərarası münasibətlərin normallaşmasına dair çərçivə sənə­dinin imzalanması üzərində işləyir. Bu sənəd sülh müqaviləsinə nail olmaq­dan ötrü bir mərhələdir. Ziddiyyətli məqamlar hələ qalır. Əsas məsələ odur ki, İrəvan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyır. İndiki məqamda bu, Paşinyan üçün siya­si-mənəvi öhdəlikdir. Həmin öhdəlik sənəddə öz əksini tapanda, hüququ öhdəliyə çevriləcək. O, hələ də Qara­bağda yaşayan ermənilərin təhlükə­sizliyi ilə bağlı məsələnin beynəlxalq formatda həllini israr edir. Bakı isə buna cavab olaraq deyir ki, bölgədə yaşayan ermənilərlə dialoq daxili işi­dir. Biz beynəlxalq ictimaiyyətə prose­sin şəffaflığını göstərə bilərik, amma heç bir müdaxiləyə imkan verilməyə­cək. Məhz qeyd etdiyim məsələ ilə bağlı müəyyən razılaşma olmalıdır. Əgər buna nail olunsa, iyulun 21-də çərçivə sənədinin imzalanması müm­künləşə bilər.

Asim MOLLAZADƏ, 

Mili Məclisin deputatı, politoloq:

– Vaşinqton dialoqunda, Moskva danışıqlarında və indi Kişineu görü­şündə Makronun iştirakı və ardınca açıqlamaları onu deməyə əsas verir ki, Paris Ermənistanın sülh istiqamə­tində hansısa addımları atmasını, konkret sənədin imzalanmasını istə­mir. Çox güman ki, Fransa bilavasitə, məhz bu niyyətli fəaliyyətini davam etdirəcək. Əgər ölkə mövcud is­tiqamətdə səylərini artırsa, qarşıdakı Brüssel görüşü də nəticəsiz başa ça­tacaq. Belə görünür ki, bir neçə dövlət bölgəyə sülhün gəlməyində maraqlı deyil və İrəvana təzyiq göstərməklə, ona sülhə çatmaq istiqamətində tələb olunan zəruri addımları atmasına im­kan verməyəcəklər. Zəruri addımla­rın konkret nədən ibarət olduğu isə Azərbaycan Prezidenti İlham Əliyevin Laçından səsləndirdiyi bəyanatda öz əksini tapıb. Yəni, dövlətimizin başçısı sülhün real yol xəritəsini nümayiş et­dirib. Bu yolun alternativi yoxdur. Bakı indiki mərhələdə nəyi etməyin zərurili­yini beynəlxalq ictimaiyyətə açıqlayıb. Hazırda yalnız, beynəlxalq hüquq nor­malarına söykənən, BMT və ATƏT-in müvafiq sənədlərinə uyğun fəaliyyət həyata keçirilməlidir.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət