İrəvandan əsirə işgəncə, Bakıdan diversanta humanist münasibət

post-img

Mayın 26-da Azərbaycan–Er­mənistan dövlət sərhədinin Zən­gilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Res­publikasının dövlət sərhədinin po­zulması cəhdinin qarşısı alınıb, iki erməni diversantı əsir götürülüb. Xatırladaq ki, post-müharibə dönə­mində Ermənistan tərəfi dəfələrlə ölkəmizə qarşı oxşar təxribatlar törətməyə cəhd edib, Azərbaycan tərəfi irili-xırdalı onlarla diversiya qrupunu uğurla zərərsizləşdirib. Onlardan ən böyüyü 2020-ci ilin noyabrında neytrallaşdırlıb. Nəti­cədə, 62 diversant əsir götürülüb. 

Erməni diversantlar cinayət məsuliy­yətinə cəlb edilsələr də, onlara qarşı hər hansı zorakılıq, işgəncə tətbiq olunma­yıb. Prezident İlham Əliyev 2021-ci ilin 7 yanvar tarixində 2020-ci ilin yekunla­rına həsr edilən müşavirədəki çıxışında bu barədə deyib: “Biz azad edilmiş əra­zilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bi­zim humanist mahiyyətimizi göstərir...” 

10 aprel 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində dumanlı hava şəraiti ilə əlaqədar olaraq istiqaməti itirən, Ermə­nistan tərəfinə keçən və əsir götürülən 2004-cü il təvəllüdlü Aqşin Bəbirova və 2003-cü il təvəllüdlü Hüseyn Axundova qarşı amansız işgəncələr tətbiq edilib. Bakının erməni diversantlara humanist mövqeyi müqabilində İrəvanın azərbay­canlı hərbi əsirlərlə qeyri-insani rəftarı, Ermənistanın həm beynəlxalq qanunve­ricilikdən, həm də elementar insani his-slərdən nə qədər uzaq olduğunu göstərir.

Diversant hərbi əsir sayıla bilərmi?

Ermənistan Azərbaycan hərbçilərinin əsir götürdükləri diversantları hərbi əsir kimi təqdim etməkdə, onların azad olun­ması üçün beynəlxalq qanunvericiliyin imkanlarından yararlanmaq istəyindədir. Sual yaranır: Diversantlar hərbi əsir sa­yıla bilərmi? Onların hərbi əsirlərlə bağlı beynəlxalq konvensiyalarda nəzərdə tu­tulan hüquqlardan istifadə haqqı möv­cuddurmu? Qeyd edək ki, beynəlxalq qanunvericilik hərbi əməliyyatlar dayan­dırılandan sonra təxribat törətməyə çalı­şan və əsir götürülən şəxsləri hərbi əsir saymır. Müharibə qurbanlarının müda­fiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarında da diversantlar hərbi əsir deyil, cinayətkar kimi xarakterizə edi­lir. Bu isə o deməkdir ki, onlar birincilərə məxsus hüquqlardan istifadə edə bilməz­lər. Bu gerçəklik zaman-zaman Azər­baycanın rəsmi dövlət qurumları, eləcə də ölkə başçısı tərəfindən də diqqətə çatdırılıb. Prezident İlham Əliyev 7 yan­var 2021-ci il tarixli çıxışında 2020-ci ilin noyabrında saxlanılan erməni diversant­larla bağlı açıqlamasında bunu bir daha diqqətə çatdıraraq demişdir: “...Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Er­mənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə noyabrın 10-da qur­tarıb, bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərli­yi qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bil­məz”. 

Hərbi əsirlərimizi erməni diversantlarla dəyişmək ehtimalı

Mayın 26-da Azərbaycanın iki ermə­ni diversantı əsir tutması bu şəxslərin əsirlikdəki iki hərbçimiz – Aqşin Bəbirov və Hüseyn Axundovla dəyişdirilməsi eh­timalını aktuallaşdırır. Ehtimalın reallığa nə qədər yaxın olduğu haqqında konkret fikir söyləmək mümkünsüzdür. Amma o da məlumdur ki, Azərbaycan həmişə hər bir vətəndaşına sahib çıxıb və bu məna­da, erməni əsirlyindəki hərbçilərimizin azadlığı üçün bütün imkanlarını səfərbər etməkdədir. 

Xatırladaq ki, Azərbaycan müha­ribə vaxtı ələ keçirdiyi əsirləri, habelə post-müharibə dönəmində saxladığı diversantların bir qismini təmənnasız olaraq, öz xoş niyyət və humanizminin praktiki təzahürü olaraq bir çox hallar­da qarşı tərəfə təhvil verib. Əlbəttə, bu zaman onların ölkəmizə qarşı konkret cinayət əməlində, əsasən də qətllərdə əlinin olub-olmadığı araşdırılıb. Xalqımı­za qarşı qətllərdə iştirak etməyənlərin İrəvana qaytarılmasına razılıq verilib. Bu baxımdan, mayın 26-da əsir götürülən iki erməni diversantla bağlı da oxşar araş­dırma aparılmaqdadır.

 

Seymur ƏLİYEV

Siyasət