Gözlər Kişineudadır: Bakı–İrəvan gərginliyi, nizamlamanın Qərb xətti və iflas riskləri

post-img

Bu gün Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən üz-üzə gələcək. Bu, son iyirmi gündə Cənubi Qafqaz liderləri arasındakı sayca üçüncü təmasdır. Mövzunun konkret məqamlarına nəzər salmazdan əvvəl bildiririk ki, ötən ay Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında görüşlərin intensivliyi baxımından əlamətdar olub. 

Söhbət mayın 1-dən 4-dək hər iki ölkənin Xarici İşlər nazirlərinin ABŞ Dövlət Departamentinin rəhbəri Anto­ni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda və Arlinqtonda keçirilmiş danışıqların­dan, habelə, mayın 14-də Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Brüsseldə Avropa İttifaqı Şu­rasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutmuş görüşdən gedir. Əlbəttə, siyahıya mayın 25-də Moskvada Rusi­ya Prezidenti Vladimir Putinin vasitəçi­liyi ilə reallaşmış üçlü təması da əlavə etməliyik.

Məlum olduğu kimi, liderlərin iyunun 1-də Moldovanın paytaxtında Avropa Si­yasi Sammiti çərçivəsində bir araya gələ­cəkləri bildirilmişdi. Bu, Aİ Şurasının rəh­bəri Ş.Mişelin təşəbbüsüdür. Məxsusilik isə ondadır ki, görüşdə Azərbaycanın Prezidenti, Ermənistanın baş naziri və Ş.Mişellə yanaşı, Almaniyanın kansleri Olaf Şolts və Fransanın dövlət başçısı Emmanuel Makron da iştirak edəcək. Əvvəlcə “köhnə qitə”nin iki aparıcı ölkə­si başçısının iştirakçılığına diqqət ye­tirək.

***

Başlayaq Almaniyadan. Ölkə Azər­baycan–Ermənistan konfliktinə, demək olar, neytral mövqedən yanaşması ilə diqqət çəkib. O.Şolts da hakimiyyətdə olduğu müddətdə, belə demək müm­künsə, bitərəfliyə sadiq qalıb. Hərçənd, sosial-demokrat kansler bu ilin martında səssizliyi pis mənada pozması ilə gün­dəmə gəlmişdi. Ermənistanın baş naziri Nikol Paşinyanı Berlində xüsusi iltifat­la qarşılayan O.Şolts aparılan müza­kirələrin nəticələrinə dair birgə mətbuat konfransında Laçın dəhlizinin “bloka­dası” nəticəsində Qarabağda yaranmış vəziyyətin ağırlığından, Ermənistana göndərilən Avropa İttifaqının mülki mis­siyasını Almaniyanın dəstəklədiyindən danışmışdı. Ən başlıca isə alman lider münaqişə zonasındakı hazırkı sta­tus-kvonun davamının yolverilməzliyini, Ermənistan və Azərbaycanın ərazi bü­tövlüyünün dəstəklənməsi ilə yanaşı, Qarabağ ermənilərinin öz müqəddəratı­nı təyinetmə hüququnu qabartmışdı.

Əlbəttə, Şoltsun yol verdiyi böyük səhvi sonradan Almaniyanın Xarici İş­lər Nazirliyi düzəltdi. Martın 14-də isə Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı hər iki ölkə liderləri mət­buata birgə bəyanatla çıxış etdilər ki, kansler həmin bəyanatında Bakı və İrəvan arasındakı ziddiyyətli məqama toxunaraq bildirdi: “Bizim üçün vacibdir ki, Azərbaycan və Ermənistan arasında uzunmüddətli münaqişə artıq özünün sülh yolu ilə həllini tapsın. Açığını deyək ki, Almaniya Ermənistan–Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə bir az narahatdır. Təbii ki, burada gərginliyin artması təhlükəsi mövcuddur və son aylar, son həftələr baş verən hadisələr bunu göz qabağı­na gətirdi. Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyən­də təbii onu nəyi nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənista­nın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin in­san hüquqları və azadlıqları qorunmalı­dır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır”.

Şolts birgə mətbuat konfransı zama­nı Paşinyanla görüş sonrası səsləndir­diyi fikirlərinə qayıdarkən, daha konkret oldu: “Biz aktual bir münaqişəni gö­türək. Tutalım Rusiyanın cəhdi, Ukray­nanın bir hissəsini zəbt etsin, biz buna heç vaxt yol vermərik, biz bununla razı deyilik və bu, yalançı referendumların nəticəsi kimi Zaporojiyanı, Luhanskı, Xersonu və digər hissələri özünə cəlb etməklə deyil, yəni zəbt etməklə deyil. Biz bununla razı deyilik və biz burada öz mövqeyimizi aydın şəkildə bildir­dik ki, BMT-nin Nizamnaməsi buna yol vermir, bu hərəkət beynəlxalq hüquqa ziddir. Eyni zamanda, öz mövqeyimizi aydın şəkildə bildirdik ki, axı biz həm­çinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da ta­nımadıq”.

Göründüyü kimi, kansler bu cavabı ilə Almaniyanın bügünkü, belə demək mümkünsə, dördlü masada iştirakı­na mənəvi haqq qazanmış durumda­dır. Bəs, Fransa Prezidenti Emmanuel Makron? 

***

Mövzu barədə söhbət açmaq üçün ötən ilin oktyabrına (oktyabrın 6-da- red.) tarixinə qısa ekskurs edək. Həmin vaxt Azərbaycanın və Ermənistanın rəhbərləri Praqada Ş.Mişelin vasitəçiliyi ilə görüşürdülər və görüşdə Fransanın dövlət başçısı da iştirak edirdi. Makron bundan heç bir həftə keçməmiş, Bakı­nı işğalçılıqda, Rusiyanı isə müttəfiqi İrəvanın maraqlarını satmaqda gü­nahlandırdı. Belə bir təəssübkeşlik və tərəfkeşlik Praqa sammitinin pozitiv ovqatına – Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına xələl gətirdi. Nəticə etibarilə dekabrın 7-də Ş.Mişelin vasitəçiliyi ilə keçirilməli olan Əliyev-Paşinyan təması baş tutmadı. Konkret səbəb isə Ermənistanın baş nazirinin görüşə yalnız Makronla bir­gə qatılacağını bildirməsi oldu. Bu şərt dövlətimizin başçısı tərəfindən qəbul edilmədi və beləcə Makron və Paşinyan Mişelin sülhyaratmaq missiyasını poz­du. Ümumən, Azərbaycan-Ermənistan nizamlamasının Qərb formatı iflasa uğ­radı. 

Ardınca Fransa Avropa İttifaqının regiondakı missiyası müstəvisində manipulyasiyalara start verdi. Paris qurumu alətə çevirdi. Təbii ki, bütün bunların İrəvana heç bir köməyi dəy­mədi. Hazırda Fransanın təşəbbüsü ilə Azərbaycan-Ermənistan sərhəddinin Ermənistan tərəfindən yerləşdirilmiş Aİ missiyasının fəaliyyətinin nədən ibarət olduğu heç kəsə məlum deyil. Missiya tam fiaskoya uğramış durumdadır və bunu erməni siyasilər də vurğulayırlar.

Bəs, Fransanın yenidən masaya qayıtması hansı perspektivi vəd edir? Məlum olduğu kimi, Bakı–İrəvan müna­sibətlərinin tənzimlənməsi üzrə Ş.Mişel tərəfindən həyata keçirilən vasitəçilik ötən ilin oktyabrınadək, kifayət qədər, səmərəli idi. Əslində Cənubi Qafqaz lidelərinin Aİ Şurası rəhbərinin təşəbbü­sü ilə bu il mayın 14-də baş tutmuş tə­masını da uğurlu saymaq mümkündür. Nəzərə alaq ki, həmin görüşdə Ermə­nistan 86.6 min kvadratkilometr ərazi­də Azərbaycanın, Azərbaycan isə 29,8 min kvadratkilometr ərazidə Ermənis­tanın suveren hüquqlarını tanıdı. Son­ra Paşinyan məhz 14 may görüşünə istinadən, Qarabağın da Azərbaycana məxsusluğunu bildirdi. Belədə yenə bir sual gündəmə gəlir: Makronun dördlü masada iştirakı Ş.Mişelin vasitəçiliyin­dəki pozitiv notlara xələl gətirməyəcək ki? Axı Fransa rəhbərinin təcrübəsində bu sayaq xoşagəlməzlik var.

Üstəlik, nəzərə alaq ki, Azərbaycan və Ermənistan liderlərinin Moskvada mayın 25-dəki görüşü heç də müsbət məcrada keçmədi. Bunu V.Putinin gö­rüşsonrası açıqlamasının ümumi xarak­teri də təsdiqlədi. Halbuki, həmin vaxta­dək Kremlin Qərb vasitəçiliyini məntiqi sonluğa yetişdirəcəyi vurğulanır, hətta bəzi siyasi ekspertlər sülh müqabiləsi ilə bağlı nikbinlik yaradırdılar. 

Sözügedən nikbinliyə ilk zərbə Əliyev–Putin–Paşinyan təmasından əvvəl baş tutmuş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclası zamanı vuruldu. Toplantıda söz alan Paşinyan tədbirə qonaq qismində qatılmış cənab İlham Əliyevin səsləndirdiyi “Zəngəzur dəhlizi” fikrinə, guya, münasibət bildirir­miş kimi mənasız ritorikaya baş vurdu. Sanki, bir neçə gün əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən o deyildi... 

Cənubi Qafqaz lideləri arasındakı görüşlərdə Makron iştirakçılığının xoş olmayan təcrübəsini, eyni zamanda, Moskvada gərgin durumun yaşandığını nəzərə alsaq, hazırda Qərb vasitəçili­yinin, daha doğrusu, Aİ Şurasının rəh­bərinin egidası altında reallaşmaqda olan “Brüssel formatı”nın ötən il olduğu kimi, yenə uğursuzluq zolağına düşə­cəyini proqnozlaşdırmaq mümkündür. Amma...

***

Bütün bunların fonunda ekspertlər lidelərinin Kişineu görüşündən müsbət gözləntilər üzərində dayanırlar. Qeyd edək ki, Moskvadakı üçlü təmasa qədər Avropa Siyasi Sammitində Azərbaycan və Ermənistan arasında sülh müqa­viləsinin imzalanmasının mümkünlü­yü vurğulanırdı. Yəni, buna inam xeyli dərəcədə böyük idi. Bir halda ki, ölkələr bir-birilərinin ərazi bütövlüklərini tanı­yırlar, ilk baxışdan, hansısa problemin qalmadığı təəssüratı yaranmaqdadır. Hərçənd Moskva görüşü göstərdi ki, problemlər var... 

Üstəlik, Paşinyan Kişineuya ölkə­sindəki daxili ictimai rəyin ona qarşı daha sərt şəkildə hücuma keçdiyi, Qa­rabağdakı separatçı rejimin baş nazirlə hesablaşmadığı bir şəraitdə gəlir. Bu sıraya Zəngilanda iki erməni diversan­tının Azərbaycan hərbçiləri tərəfindən saxlanılmasını da əlavə etsək, siyasi dramatizmin daha yüksək olduğunu söyləyə bilərik. 

Ən əsas məqam isə Azərbaycan Prezidentinin mayın 28-də Laçın ra­yonunda yerli əhali ilə görüşündə səs­ləndirdikləridir. Dövlətimizin başçısı çıxışında nəinki İrəvanın, bütövlükdə ermənipərəst dairələrin Qarabağ üzə­rindəki bütün manipulyasiyalarına, heç bir halda, yol verilməyəcəyinə dair kifayət qədər açıq və sərt fikirlər səs­ləndirdi. Əlbəttə, bu fikirlər indiyədək aparılmış danışıqların prinsipial xətti­ni xələl gətirmədi. Ölkəmiz onsuz da diktə edən tərəf qismində çıxış edə­cəkdir. Sadəcə, indi Prezident İlham Əliyev diktə məntiqinə konkretlik qazan­dırdı və onun bildirdikləri Ermənistanda böyük ajiotaj doğurdu. Məsələyə, Azər­baycanın Ermənistana ərazi iddiası kontekstində yanaşdılar. 

Təbii ki, Bakı İrəvana qarşı hər han­sı ərazi iddiası irəli sürmür, sadəcə, öz haqqı olan tələb edir və tələbin sərt ifadəsi Paşinyanın sülh gündəliyindən yayınmasına, Moskvadakı sərsəm­ləmərinə cavabdır. Dövlətimizin başçısı Laçında həmin sərsəmləmələrin Ermə­nistanı düçar edəcəyi acınacaqlı duru­mun anonsunu verdi. Başqa yol yoxdur. Çünki nizamlama prosesini uzadan Ermənistan rəhbərliyi 44 günlük mü­haribədə qalib tərəf olan Azərbaycanın mövqeyini saya salmır, məsuliyyətini unudur, elə görüntü yaradır ki, guya sülh istəyir, reallıqda isə müxtəlif məqamları qabardaraq mətləbdən yayınır. Əslində Paşinyanın Moskvadakı həyasızlığı da məhz buna hesablanmışdı. 

***

Bəli, hazırda Ş.Mişelin qarşısında son dərəcə çətin vəzifə dayanır. Birin­cisi, Cənubi Qafqaz lidelərinin 14 may görüşünün poztiv ovqatına qayıtmaq, ikincisi onların 25 may təmasının neqa­tivlik yükünü aradan qaldırmaq. Bir anlıq onu da düşünək ki, istər Ş.Mişel, istər Makron, istərsə də Şolts üçün ha­zırda həm də Cənubi Qafqaz müstə­visində Rusiyanın təsirini heçə endir­məklə bağlı əla şans yaranıb. Bu şans ədalətli vasitəçilik missiyasını zərurətə çevirməkdədir. Deməli, onların hər biri, ilk növbədə, Paşinyana daxili təzyiqlə­rin onu hakimiyyətdən devirməyəcəyinə dair təminat verməlidirlər. Axı, Nikol qorxu içindədir. Qərb liderləri erməni baş nazirə inanadırıcı formada təx­minən belə deməlidirlər: “Qorxma, qorx­ma”, yaxud “qorxma, biz səninləyik”.

Əlbəttə, Avropa rəhbərlərinin Nikola təşəkkür payı da var. Nəzərə alaq ki, ikinci Moskvadakı qeyri-ordinar davra­nışı ilə Rusiya vasitəçiliyindən gözlən­tiləri heçə endirməyi bacardı. Təsadüfi deyil ki, bəzi siyasi ekspertlər baş na­zirin qəsdən mənasız ritorikaya baş vurduğunu bildirirlər. Onların fikrincə, Paşinyan Qərbin sifarişini yerinə yetirdi və Rusiyanın mayın əvvəllərindən yeni fazaya qədəm qoymuş Azərbaycan–Er­mənistan nizamlamasının Qərb forma­tındakı nikbinliyə şərik çıxmasının qar­şısını aldı. Əgər bu məntiq keçərlidirsə, o zaman danışıqlar mayın 14-də qaldığı nöqtədən irəliyə doğru getməlidir. 

***

Ancaq burada yenidən Makron amili üzərinə gəlməyə ehtiyac duyulmaqda­dır. Bir qədər əvvəl də diqqətə çatdır­dıqlarımızın fonunda Fransanın dövlət başçısının aşkar ermənipərəstlik göstər­məyəcəyinə təminat olmasa da, düşün­mək olar ki, Ş.Mişel keçmişin özü üçün xoş olmayan təcrübəsindən nəticə çıxa­rıb. Hər halda, Almaniya Kanslerinin gö­rüşdə iştirakı bunu deməyə əsas verir. 

O.Şoltsun təmsilçiliyi Cənubi Qafqaz müstəvisindəki nizamlama prosesinə Qərb vasitəçiliyi obrazını qazandırmaq baxımından mühüm amildir. Yəni, bu o deməkdir ki, Fransanın iştirakçılığı tək­başına deyil. Digər tərəfdən, mümkün­dür ki, Ş.Mişel Almaniya–Fransa tarixi fikir ayrılıqlarının Azərbaycan–Ermə­nistan münasibətləri baxımından ədalət mənzərəsi doğurmasını, bir növ, balans formalaşdırmağı düşünüb. 

***

Sonda bir daha Azərbaycan Pre­zidentinin Laçındakı çıxışında səs­ləndirdiyi fikirlərin sərt mahiyyətinə qayıtmaq istərdik. Hər halda nəyi, necə və nə zaman etməyi yüksək sə­riştəsi ilə dəfələrlə sübuta yetirmiş dövlətimizin başçısının dilə gətirdiklə­ri adi məsələlər deyildi. Əslində, cə­nab İlham Əliyev həm vurğunu Mos-kva görüşünün səmərəsizliyinə qoyur­du, həm də Kişineu sammitinin real fayda verməsinin vacibliyinə dair mesaj verirdi. 

Dövlətimizin başçısı, faktiki ola­raq, nizamlamanın növbəti raundunun səmərəsizliyi durumunda Azərbaycanın adekvat addımlarını sadalayırdı. Qərb mövcud məqamın üzərində ciddi şəkil­də düşünməlidir. Bu mənada, Moldova sammitini Avropanın, eləcə də ABŞ-ın, ümumən isə kollektiv Qərbin Ermənis­tanı xilas etmək şansı kimi də dəyərlən­dirmək lazımdır. 

Kişineu görüşündən pozitiv nəticələr gözləmək məntiqini inkişaf etdirmək üçün keçmişin təcrübəsinə də istinad etməliyik. Məlum olduğu kimi, Ermə­nistan rəhbərliyinin anladığı dil yalnız təzyiq dilidir. Bu mənada, Azərbaycan Prezidenti Laçında həmin dilin, belə demək mümkünsə, bütün incəliklərinə vardı. Dövlətimizin başçısı sülhdən ya­yınmaq istəyənlərə yalnız xəbərdarlıq etmədi, habelə ultimatum verdi. Odur ki, indi top Qərbdədir. Qərb Ermənista­na elə bir dəqiq ötürmə ünvanlamalıdır ki, Paşinyan, obrazlı desək, qol vur­maqda, yəni real sülhə gəlməkdə çə­tinlik çəkməsin, diskonfort yaşamasın. Əks halda, ölkəsinin uğrayacağı aqi­bət məlumdur. Avropa liderləri Makron qarışıq Nikola məhz bunu yaxşı-yaxşı başa salmalıdırlar. Yalnız belə olduqda Kişineu sammitinin, eləcə də payızda keçirilməsi nəzərdə tutulan Qranada görüşünün Azərbaycan və Ermənistan arasındakı gərginliyin aradan qaldırıl­ması istiqamətində əhəmiyyətli rolun­dan danışmaq mümkündür. Nəzərə alaq ki, bu platformadakı əhəmiyyətli rol Qərbin, bütövlükdə Cənubi Qafqaz müstəvisindəki nüfuz kartıdır. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət