Prezidentin “Kitab bağlandı” mesajı və ya Ermənistan üçün ən son şans

post-img

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərində yerli əhali ilə görüşündə Bakı ilə İrəvan arasındakı münasibətlərin hazırkı fazasını müəyyənləşdirəcək dolğun məzmunlu fikirlər səsləndirdi. Bu fikirlər həm bütövlükdə ölkəmizin ictimaiyyətini məlumatlandırmaq, həm də Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıdı. 

Əslində, dövlətimizin başçısının söylədiklərinə növbəti xəbərdarlıq da demək mümkündür. Onu da nəzərə alaq ki, 44 günlük müharibədən sonra­kı hər xəbərdarlıq bundan nəticə çıxa­rılmaması müqabilində gerçəkləşən proseslərlə yadda qalıb. Deməli, Azər­baycan Prezidentinin sözünün arxasın­da konkret iş dayanır. Yeri gəlmişkən, cənab İlham Əliyev özü də bu məqama toxundu: “Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, ha­vada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər”.

Bəli, Ermənistan rəhbərliyi indiyədək xəbər­darlıqlardan nəticə çıxarmayıb laqeyd yanaş­ma ortaya qoyduqca, sülh müqaviləsinin imza­lanmasını ləngitdikcə, özü üçün problemlərin miqyasını da genişləndirib. Ölkənin başında dayananların dövlətimizin rəhbərinin “Qarabağ Azərbaycandır!” sözlərini təkrarlamaları zama­nında baş vermədiyinə görə, Ermənistanda kollaps yaşanmaqdadır. Düzünə qalsa, indi İrəvanın siyasi dairələrindəki anarxik durum onsuz da gerçəkləşməsi labüd görünən proses idi. Sadəcə, baş nazir Nikol Paşinyan administ­rasiyası tipik erməni xəstəliyinin təzahürü kimi özünü göstərən vəziyyəti tez sıradan çıxarmalı olduğu halda, spekulyasiyalara baş vurdu. Vax­tı uzadaraq, birincisi, öz hakimiyyətini qoruma­ğı, ona qarşı təzyiqlərdən və təhdidlərdən yaxa qurtarmağı, ikincisi və ən əsası isə, güclənərək regiondakı mövcud status-kvonu dəyişməyi dü­şündü. 

Ancaq zaman göstərdi ki, Ermənistan hakimiyyətinin hesablamaları əbəsdir. Yeri gəlmişkən, cənab İlham Əliyev həmin “he­sablamaların” mənasızlığının proqnozunu lap başlanğıcdan vermişdi. Laçın əhalisi ilə görüşündə də bunu bir daha vurğuladı. Azər­baycan Prezidenti fikirlərini aprelin 23-də La­çın-Xankəndi yolunun başlanğıcındakı sərhəd­də ölkəmizin nəzarət-buraxılış məntəqəsinin qurulması kontekstində izah etdi və bildirdi ki, bu, Qarabağ bölgəsində yaşayan ermənilər üçün də dərs olmalıdır: “Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar ha­mısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermə­nilərin yerinə bizimlə vuruşacaq”.

Baş nazir Nikol Paşinyanın “Qarabağ Azər­baycandır” açıqlaması Ermənistanın reallıq­larla barışması deməkdir. Yəni, ölkə rəhbərli­yi düz yola gəlməyə meyllidir. Ancaq nəticəni məcburiyyət qarşısında, bütün digər təxribatçı manevrlər səmərə vermədikdən sonra çıxarır ki, bu isə ölkənin qarşısındakı şərtləri ağırlaş­dırmaqdadır. Əslində, sülh müqaviləsinin im­zalanmadığı hər gün Ermənistanın ziyanınadır. Bu, Paşinyanın daxili etirazlar fonunda öz haki­miyyətini itirmək qorxusundan da təhlükəli ten­densiyadır. Deməli, mövcud durumda baş na­zir və komandası özündə qətiyyət tapmalıdır. Tapırmı, bunu demək çox çətindir. Azərbaycan Prezidentinin də məsələyə şübhəli yanaşdığını hiss etdik. 

Cənab İlham Əliyevin İrəvanın siyasi da­irələrindəki anti-Paşinyan ovqatının baş naziri devirmək potensialını nəzərə almaq istəməmə­si təbiidir. Nəhayət, hər kəs öz problemini özü aradan qaldırmalıdır. Belə demək mümkünsə, sülhsüzlük şəraiti isə Azərbaycanın Ermənista­na münasibətdə hər zaman əli tətikdə olması deməkdir. Həm də ona görə ki, sülhün yaran­mamasının təxribatlarla müşayiət olunduğunu, necə deyərlər, görürük, daha doğrusu, görə-görə gəlirik. 

Çox uzağa getməyək, mayın 26-da Ermə­nistanın diversiya qrupu Azərbaycan ərazisi olan Zəngilanda peyda olub. Ordumuz əli tətik­dədirsə, deməli, bu sayaq təxribatlara qarşı əks tədbirlər də adekvat olacaq. Bunu rəsmi İrəva­nın və tərəfdarlarının adekvat sayıb-saymama­sından asılı olmayaraq, Bakı özünün demarş xəttini yürüdəcəkdir. Ermənistan hakimiyyəti və ölkənin xəstə təfəkkürlü cəmiyyəti üçün başqa yollar keçərsizdir. Onlar yalnız güc dilindən an­layırlar. Ona görə dövlətimizin başçısının, bir növ subliminal mesajlar səsləndirməsi vacibdir: “Onu da bilsinlər ki, Ermənistan kəndləri bura­dan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”.

Azərbaycan Prezidentinin mesajı sülh gün­dəliyinin ölkəmizin şərtləri daxilində məqbullu­ğunun vurğulanmasıdır. Bu məntiqdə Bakının şərtləri ədalət indiqatorudur. Ədalətli yanaşma isə özündə sərhədlərin delimitasiyasından, Naxçıvana yolumuzun açılmasından tutmuş, Qarabağdakı qanunsuz erməni hərbi birləş­mələrinin bölgədən çıxarılmasınadək bir sıra mühüm məqamları birləşdirməkdədir: “Bu, bi­zim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olaca­ğıq”.

Bəli, Azərbaycan Prezidentinin də bildirdi­yi kimi, artıq Ermənistan bizim ərazi bütövlü­yümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı ciddi maneə qal­mayıb. Dövlətimizin başçısı bu müqavilənin yaxın gələcəkdə imzalanacağına əminliyini ifadə etsə də, bir qədər əvvəl də vurğuladığı­mız keçmişin təcrübəsini, habelə Ermənistanın sülhdən boyun qaçırması reallığını tam ciddiy­yəti ilə nəzərə almalıyıq. Mövcud reallığa görə­dir ki, cənab İlham Əliyev hadisələrin axarına söykənərək, əminlik ifadə etməklə yanaşı, sülh müqaviləsinin imzalanmaması ilə bağlı durum barədə də söz açır. Prezidentin subliminal me­sajı həm də bundan qaynaqlanmaqdadır və onun növbəti fikirləri həmin mesajı bir qədər də konkretləşdirmək baxımından əhəmiyyət daşı­maqdadır: “İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sa­hib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayaca­ğıq”.

Deməli, Ermənistan rahat yaşaya bil­məyəcək. Nəinki Ermənistan, eyni zamanda, Qarabağdakı separatçı rejim üçün rahatlıq olmayacaq. Axı, ölkəmiz iki il yarım ərzində gözləməklə, eyni zamanda onların rahat yaşa­maları üçün şans yaradıb. Şansı isə hər kəs özü düşünərək, hadisə və proseslərdən düz­gün nəticə çıxararaq dəyərləndirməlidir. Ancaq görürük ki, ötən müddətdə Azərbaycanın şans məntiqi kimlərinsə Qarabağı özününküləşdir­mək avantürası kimi anlaşılmaqdadır. Həmin kimsələr bölgədə aksiyalar keçirir, ölkəmizin yurisdiksiyası altında yaşamağın mümkünsüz­lüyünü bəyan edir, Bakının dialoq təkliflərini, paytaxta danışıqlar üçün etdiyi dəvətləri geri çevirirlər. Hələ elə hesab edirlər ki, Azərbaycan özünün suveren ərazisindəki separatçı ünsür­ləri sıradan çıxarmaqda acizdir, beynəlxalq təpkilərdən çəkinir və sair ilaxır. Prezident İlham Əliyevin laçınlılarla görüşdə səsləndir­dikləri fikirlər belələri üçün soyuq duş effekti yaratdı desək, mübaliğəyə yol vermiş olmarıq: “Biz öz doğma torpağımızdayıq və bu gün er­mənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşa­mağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxu­dan, bu xülyadan ayıltmalıdır”.

Bəli, Azərbaycan Prezidenti Ermənistanın siyasi dairələrinin, ermənipərəstlərin və sepa­ratçıların xülyalardan ayılmalı olduğunu bil­dirərkən, Qarabağ mövzusundakı bütün bey­nəlxalq və regional spekulyasiyalara meydan tanınmayacağını böyük əminliklə vurğulamaq­dadır. Hesab edirik ki, dövlətimizin başçısının çıxışındakı ən vacib məqam da elə budur. Bu məqam, ümumən, dünya erməniliyinin Qara­bağ avantürasının tarixin arxivinə gömüldüyü­nün anonsudur. Bu, elə bir məqamdır ki, ona nəzərən ən doğru seçilmiş ifadə məhz “kitabın bağlanması”dır: “Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın di­yarından onlara bir daha deyirəm ki, sizin ki­tabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülya­sı statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. 

Bu yerdə qeyd edək ki, 44 günlük mühari­bədən sonra Azərbaycan ictimaiyyətində Qara­bağın taleyi ilə bağlı narahatlıq var idi. Mövcud vəziyyətdən istifadə edən ölkəmizin müxalif kəsimi bildirirdi ki, guya müharibədəki qələbə tam deyil. Yəni, Qarabağda özünü dövlət ad­landıran separatçı ünsürlər varsa, üstəlik bəzi beynəlxalq dairələr, o cümlədən, Ermənistan hakimiyyəti həmin ünsürlərə fokuslanaraq, Ba­kı-Xankəndi dialoqu kimi mənasız ritorikaya baş vururlarsa, mövcud xüsusda separatçıları ayrıca tərəf kimi təqdimetmə meyilləri müşa­hidə olunursa, haqqında söz açdığımız nara­hatlığın körüklənməsi labüd idi. Elə isə, cənab İlham Əliyevin öz doğma yurdlarına qayıtmış laçınlılarla görüşdə səsləndirdikləri fikirlərdəki iki məqama nəzər salaq. 

Birinci məqam Laçın və digər rayonlarımı­zın işğalını doğurmuş durumun təhlilidir. Dövlə­timizin başçısı mövcud xüsusda kompromissiz­dir, hər şeyə öz adı ilə qiymət verir. Bu mənada onun AXC-Müsavat cütlüyünün xəyanətkar mahiyyətini qabartması tarixin acı yaşantılarını unutmamağımızın vacibliyinə dair güclü immu­nitetdir. Yəni, həmin qütbün Azərbaycan iqtida­rını nədəsə günahlandırmağa, ən azı, mənəvi haqqı çatmır. Çünki bu iqtidar onların bir-biri ilə didişmələrinin qurbanı olmuş bütöv bir nəslin heysiyyatına dəymiş zədəni aradan qaldırıb. 

İkincisi isə başlanılmış yolun davamlılığı­nın alternativi ola bilməz. Habelə, Qarabağda özünü dövlət kimi qələmə verən rejimin də perspektivi məhvə məhkumdur. Deməli, Azər­baycan ictimaiyyəti tam rahat ola bilər. Ona görə ki, separatçıların başqa yolu yoxdur. Bunu dövlətimizin başçısı incəliklərinə qədər təsvir edir: “Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parla­ment”i buraxmaq. Guya orada “parlament” fəa­liyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazir­lər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar”. 

Qeyd edək ki, baş nazir N.Paşinyan Qa­rabağın Azərbaycana məxsusluğunu bildirən­dən sonra Ermənistandakı bəzi siyasi dairələr separatçı rejimdə təmsil olunanların aqibəti ilə bağlı diskussiyalara start verdilər. Onlara bəzi beynəlxalq çevrələr də qoşuldular. Əlbət­tə, mövcud xüsusda təxribatçılıq meyilləri də nəzərə çarpdı. Bildirildi ki, Azərbaycan Qara­bağ üzərində hüquqi hakimiyyətini bərpa et­dikdən sonra həmin şəxslər həbs ounacaqlar. Belə yanaşmalar rejim daxilindəki müqaviməti gücləndirmək, reallıqlara qarşı çıxmaq mə­ramına xidmət edirdi. Azərbaycan Prezidenti laçınlılarla görüşündə bu məqama da toxun­du. Əslində dövlətimizin başçısının yuxarıda diqqətə çatdırdığımız iqtibasındakı fikirləri həm də onun güzəşt məntiqindən irəli gəlmiş tələb­lər idi. Yəni, əgər qondarma rejim özünü bu­raxdığını elan etsə, o zaman onun “məmurları” Azərbaycan dövlətinin humanist yanaşmasın­dan faydalana bilərlər. Təbii ki, belə yanaşma onların heç də hamısına şamil edilməyəcək. Cənab İlham Əliyevin vurğuladığı kimi: “Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə de­yirəm ki, buna baxmaq lazımdır”. 

Dövlətimizin başçısının fikirlərindən gəlinən qənaət budur ki, Bakının dialoq təklifinin geri çevrilməsi, separatçılara humanist yanaşmanın tətbiqi baxımından əsas götürüləcək. Ancaq artıq vurğuladıq ki, sözügedən təkliflərə reak­siya heç də ürəkaçan olmayıb. Dövlətimizin iki dəvətinə həssas münasibət yoxdursa, üçüncü dəvət olmayacaq. Cənab İlham Əliyevin bildir­diyi kimi, ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, hadisələr başqa cür inkişaf edəcək. Hadisələrin başqa cür inkişaf trayektoriyasına gəldikdə, bildirməliyik ki, söhbət saxta rejim və onun hamiləri üçün qorxulu yuxudan gedir. Buna haqlı tərəfin haqsıza və haqsızlığını anla­mayana dərsi də demək olar. Hər halda başlıca prinsip Xankəndidəki qondarma quruluşun tam sıradan çıxarılmasıdır ki, məsələdə Prezidentin göstərdiyi qətiyyət hər kəsə yaxşı məlumdur. Elə Ermənistan siyasilərinin özlərinə də.

Ümumən, Azərbaycan dövləti Ermənistanla münasibətlər müstəvisindəki bütün məsələlərə prinsipial yanaşır. Başqa cür mümkün deyil. Nəzərə alaq ki, mövcud istiqamətdə hər han­sı yumşalma İrəvanın siyasi manipulyasiyala­rı üçün meydan tanımaqdır. Bu mənada yolu azaraq Ermənistan ərazisinə keçmiş Azərbay­can hərbçilərinin əsir götürülmələrinə, onların işgəncələrə məruz qalmalarına, qanunsuz şəkildə məhkum olunmalarına cavab da tam sərtliyi ilə veriləcəkdir. “Əgər siz bu razılaşma­nı (təsadüfən Ermənistan tərəfinə keçmiş hər­bçilərin iki gün müddətinə geri qaytarılmasına dair razılaşma – red.) pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz. Dərhal bi­zim hərbçilərimizi qaytarın” tələbini səsləndir­miş cənab İlham Əliyev hələ ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqil­liyinin mövcudluğu amilini qabardır və bildirir ki, hazırda Ermənistanın sərhədləri anlayışının qəbulu ölkəmizin sülh şərtlərinin qəbulundan asılıdır. Əks halda: “Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim”.

Bəli, Prezident İlham Əliyevin Laçın ra­yonunda yerli əhali ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın öz haqq davasındakı qə­tiyyətin və iradənin növbəti dəfə vurğulanması baxımından son dərəcə vacibdir. Dövlətimizin başçısının üzərində ətraflı dayandığı məqam­lar xalqımız üçün əminlikdir. Əslində, əks tərəf də əmin olmalıdır. Əmin olmalıdır ki, sülhə gəl­məyəcəyi təqdirdə, onsuz da labüd görünən acınacaqlı aqibət qaçılmaza çevriləcəkdir. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət