Azərbaycan Prezidentinin Ərdoğana qələbə təbrikinə sözardı

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni dövlət başçısıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə daim dost və qardaş bildiyi Türkiyə liderinə təbrik ünvanlayıb. 

Azərbaycanın dövlət başçısının təbriki, əlbəttə, ilk­dir. O anlamda ki, cənab İlham Əliyev Türkiyə rəhbə­rini təbrik edən birinci dövlət başçısıdır. Amma burada özünəməxsusluq var. Ölkəmizin Prezidenti təbrik me­sajını seçkilərin rəsmi nəticələri elan olunmazdan əvvəl çatdırıb. 

Əvvəla, bu, bir inamdır. Nəzərə alaq ki, dövlətimi­zin başçısı cənab Ərdoğana qardaş ölkədəki seçkilərin mayın 14-də keçirilmiş birinci turunun rəsmi nəticələri elan olunmazdan əvvəl də zəng etmiş və ona prosesdə qazandığı səsçoxluğu münasibətilə təbrikini çatdırmış­dı. Hesab edirik ki, Prezident İlham Əliyev elə o zaman da Türkiyə xalqının iradəsinin hazırkı dövlət başçısının seçimi üzərində qurulduğunu gözəl bilirdi. Mayın 14-dən 28-dək olan müddətdə də bu inam dəyişə bilməzdi. 

Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-preziden­ti Mehriban xanım Əliyeva da özünün instaqram hesa­bında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tay­yib Ərdoğanın seçkilərdə əldə etdiyi qələbəyə həssas münasibətini göstərməsilə yadda qalıb: “Cənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm! Qoy xalqla­rımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Tür­kiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”

Cənab İlham Əliyevin təbrik zənginə gəlincə, orada vurğulanıb ki, bu qələbə Türkiyə xalqının Rəcəb Tay­yib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi eti­maddır. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, qardaş ölkə Ərdoğanın rəhbərliyi ilə növbəti illərdə də hərtərəfli inkişafını davam etdirəcək. Türkiyə liderinin fəaliyyəti xalqın firavanlığı və tərəqqisi naminədir və ona yeni-yeni uğurlar arzulanması Azərbaycanın duasıdır. Əslində, bu dua Mehriban xanım Əliyevanın paylaşımı­nın “Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!” nida­sında da son dərəcə incə həssaslıq zirvəsinə qovuşub.

Bəli, ölkəmizin rəhbərinin təbrik zəngində ifadə etdiyi arzu Azərbaycan xalqının Ərdoğana ilk xeyir-duasıdır. Çünki xalqımız Ərdoğanı 44 günlük müharibə zamanı əsl Azərbaycan sevdalısı kimi görmüş və ona rəğbəti və sevgisi artmışdı. Diqqət yetirək, Türkiyə Prezidenti təb­rikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnət­darlığını bildirərkən, ona Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini bir daha çatdırmağı unutmayıb. Görünür, bu da taleyin bir qismətidir ki, Ərdoğanın qələ­bəsi ölkəmiz üçün əlamətdar sayılacaq gündə baş tutur. Axı, Türkiyə liderinin qələbəsi həm də qardaş ölkənin müstəqil siyasi iradəsinin davam məntiqidir. 

Zamanında dahi Mustafa Kamal Atatürk də Azər­baycana böyük dəyəri ilə Vətənimizin müstəqilliyinin proqnozunu vermişdi. Nəzərə alaq ki, Atatürkdən sonra ölkəmizə, onun haqq davasına nəinki həssas yanaşan, bu davanı öz davası sayan ikinci türk lideri məhz Ərdo­ğandır. 

Bəli, müstəqil Azərbaycan Türkiyə dövlətçiliyi üçün son dərəcə vacibdir. O dövlətçilik üçün ki, bütövlükdə türk dünyasını birləşdirməyi hədəf seçib. Bu birləşdirmə­də vacib halqanı təşkil edən də elə Azərbaycanın özü­dür. Ölkəmizin haqq davasında – 44 günlük müharibədə qazandığı tarixi Zəfər bu mənada son dərəcə müstəsna əhəmiyyət daşımaqdadır. 

Zəfərimiz Zəngəzur dəhlizini türk dünyasının bütöv­ləşmə faktoru kimi önə çəkməkdədir. Bu, elə bir real­lıqdır ki, qarşısında dayanmaq mümkünsüzdür. Həm də ona görə ki, Ərdoğanlı Türkiyənin, İlham Əliyevli Azərbaycanın müştərək iradəsi nəticəsində bir millətin iki dövləti qlobal dünyanın regional güc mərkəzi rolunu oynamaqdadır. Bu mərkəzin canbir qütblərinin bir-birinə dəyəri həm rəmzi, həm də böyük siyasi əhəmiyyət da­şımaqdadır. 

Azərbaycan Prezidentinə təbrikə görə təşəkkürünü bildirən R.Ərdoğanın Türkiyənin yeni dövlət başçısı kimi səfər edəcəyi ilk ölkə də respublikamız olacaq. Əslində, cənab İlham Əliyev aprelin 29-da İstanbulda keçirilmiş “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edərkən də hazırkı səfər məntiqinin anonsunu vermiş və Ərdoğanı qarşıdakı seçkilərdə qələbə qaza­nıb Prezident kimi ilk səfərini Azərbaycana gerçəkləş­dirməyə ruhlandırmışdı. Bu isə o deməkdir ki, dövləti­mizin lideri hələ o zaman da həmkarının qələbəsinə inanmış, ən əsası isə inamını dərin dostluq və qardaşlıq notları üzərindən ifadə etmişdi. Buna görə cənab İlham Əliyevin 28 may tarixli dəvəti minnətdarlıqla qəbul edilib.

Türkiyə liderinin ilk səfər edəcəyi ölkənin Azərbay­can olaraq rəsmiləşməsi, həmçinin, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlikdir ki, mövcud məqam telefon danışığı zamanı da vurğulanıb. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət