Kövrək ümidlərin gerçəkləşmə anı

post-img

Əsas müzakirə mövzusu Azərbaycan və Ermənistan arasında sülh prosesinin olduğu üçlüyün Moskva formatında görüşü Vaşinqtonda və Brüsseldə iki ölkənin XİN başçıları səviyyəsində dialoqun davamı kimi irəliyə doğru atılan addım sayıla bilər. Kreml platformasından iki gün əvvəl ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən Prezidenti İlham Əliyev deyib ki, Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmiz sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Bakının mövqeyi birmənalı və dəyişməzdir. 

Görüş öncəsi ehtimallar və proqnozlar 

Moskva görüşündən bir qədər əvvəl Ru­siyanın “Kommersant” nəşri sülh danışıqları­nın yekunu kimi azı iki sənədin imzalanacağı barədə məlumat paylaşıb. Nəşrin yazdığına görə, həmin sənədlərin razılaşdırlması ilə bağ­lı iş mayın 24-də gün ərzində davam etdiri­lib. “Nəqliyyat komunikasiyalarının bloksuz­laşdırılması barədə birinci sənəd Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri tərəfindən hazırlanıb. İkinci sənəd isə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin say­ca beşinci birgə bəyanatı olmalıdır. Bu sənəd üzərində isə üç ölkənin XİN-ləri işləyib”, – “Kommersant” belə yazıb. 

Müstəqil ekspertlərin gəldiyi qənaətə görə, ikinci sənədin ən önəmli məqamı Ermənistan və Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımaları olmalıdır. N.Pa­şinyanın bununla bağlı Hayastanda etiraz dal­ğası yaratmış axırıncı bəyanatı əvvəlcədən cəmiyyəti “xoşagəlməz hadisəyə” hazırlamaq məqsədini daşıyırdı. Birinci sənəddə Ermənis­tanla Qarabağ arasında bir tərəfdən, eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonları ara­sında digər tərəfdən kommunikasiyaların bə­rabərhüquqlu statusu təsdiqlənməlidir. 

Eyni proqnozu dolayısı ilə Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin də təs­diqləyib. O, aparılan birgə işə Rusiya, Azər­baycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında imzaladırları üçtərəfli bəyanatın realizəsi kontekstində baxılmasının doğru ol­duğuna əminliyini bildirib. Bəyanatdakı şərtlə­rin Ermənistan–Azərbaycan normallaşma pro­sesinin zəminində durduğuna, Bakı və İrəvan arasında barışığın “yol xəritəsini” formalaşdır­dığına diqqəti çəkən M.Qaluzin xəritənin özün­də nəqliyyat və iqtisadi əlaqələrin bərpası, iki ölkə arasında sərhədin delimitasiyasını və vətəndaş cəmiyyəti xətti ilə təmasların inkişafı yönündə addımları ehtiva etdiyini söyləyib. 

Moskvanın güzəştə getmək məqamı yetişib

Bəli, 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalan­ması təşəbbüsü ilə ilk çıxış edən Azərbaycan olub. Dövlət başçısı bu xüsusda son dövrlər­də iki ölkənin xarici işlər nazirləri səviyyəsin­də sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd edib, qarşıdan gələn dövrlər­də də müxtəlif beynəlxalq tədbirlər çərçivəsin­də görüşlərin olacağını bildirib.

Aydındır ki, iki ölkə arasında sülhün əldə olunması prosesində Vaşinqton və Brüssellə müqayisədə Rusiya həlledici aktor və rəsmi vasitəçidir. Bunun bir çox geosiyasi, obyektiv və subyektiv səbəbləri var. Kreml rəsmilərinin sülh prosesinin məhz Rusiyanın iştirakı ilə və yalnız 2020-ci il 10 noyabr tarxili üçtərəfli Bə­yanat çərçivəsində baş tuta biləcəyini dəfələr­lə bəyan etməsi təsadüfi deyil. İstər ABŞ-da, istərsə də Avropada sülhə nail olunması onla­rın maraq və prinsiplərinə uyğun deyil. Əgər bütün hallarda “neytral zonalardakı” görüşlər irəliyə doğru addım kimi qiymətləndirilirsə, 2023-cü ildə sülhün baş tutmasının vacibliyi vurğulanırsa, deməli, Moskva mövqeyini yumşaltmaq, bir qədər geri çəkilmək barədə düşünməlidir. Çünki Rusiyanın Ukraynada davam etdirdiyi xüsusi hərbi əməliyyatların ge­dişində silahları ilə döyüşdüyü “şərti” düşmən­lərlə Bakı–İrəvan sülh dialoquna öz töhfəsini verməyə çalışanlar eyni subyektlərdir. 

Dünən Moskvada gerçəkləşən üçtərəfli görüşdə hansısa konkret nəticənin əldə olu­nacağına bəslənən kövrək ümidlər özünü qis­mən doğrultdu. Dialoqla bağlı açıqlanan mə­lumatlarda səslənən ehtimallar və proqnozlar da müəyyən dərəcədə reallaşdı. Ermənistan XİN-in başçısı Ararat Mirzoyanın 25 may Sam­miti ərəfəsində verdiyi açıqlamasında Vaşinq­ton və Brüsseldəki sülh təmaslarından sonra Moskva görüşünün “kövrək nikbinlik üçün əsas” verəcəyini bildirməsi də İrəvanın əvvəl­cədən yüzfaizlik müsbət sonluğa o qədər də əmin olmadığına işarə idi. 

Üçtərəfli görüşdən əvvəl Ali Avrasiya İqti­sadi Şurasının geniş tərkibdə iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Ermənistan istisna olmaqla, şuraya üzv ölkələrlə Azərbaycanın əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Dövlət başçısı, həmçinin deyib ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur. 

“Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəliblər”. Bu sözləri isə Er­mənistanın baş naziri Nikol Paşinyan həmin platformada keçirilən iclasıa deyib. O, eyni zamanda İrəvanın bölgədəki bütün nəqliyyat bloklarını açmağa hazır olduğunu da diqqətə çatdırıb. 

Çoxsaylı dialoqlarda 1 cavab axtarılır

Bu il tərəflər arasında daha 3 görüşün ke­çirilməsi gözlənilir. İyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin (ASB) II Zirvə toplantısında Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti da­nışıqların aparılması planlaşdırılır. İyul ayında isə Brüsseldə yenidən üçtərəfli görüşün keçi­rilməsi nəzərdə tutulur. Brüssel danışıqlarına Aİ Şurasının sədri Şarl Mişel moderatorluq edəcək. 2023-cü ilin oktyabrında isə Qranada­da ASB-nin III Sammiti çərçivəsində daha bir görüş olacaq. 

Başqa sözlə, sülhə nail olmaq üçün danı­şıqların bu ilin sonuna qədər davam edəcəyi ehtimalı böyükdür. Bəs dialoq raundlarının sonda ədalətli sülh müqaviləsi ilə tamamlana­cağının reallıq dərəcəsi nə qədərdir? Bu sualın cavabı hələlik açıq qalır. Cavabsız suallar isə Bakının seçim imkanı dairəsinin daralmasına səbəb ola bilər. 

Yəni, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun dediyi kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra sülh da­nışıqları üçün ən nüfuzlu meydan Azərbaycan Silahlı Qüvvələrinin mövqeyidir. Bəli, bu, çox güclü, səmərəli meydan və sülhəgətirmə va­sitəsidir. Həm də, necə deyərlər, xoşluqla başa düşməyəni zorla haqqın ayağına gətirməyin yeganə yoludur. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət