Paşinyan: Bizə “Yığışın və buradan gedin” deyə bilərlər

post-img

Baş nazir Nikol Paşinyan növbəti dəfə hissə deyil, məntiqə əsaslanan açıqlama ilə çıxış edib. Mayın 24-də parlamentdə keçirilən “Hökumət saatı”nda müxalifətçi deputatlardan biri ona “Ermənistan niyə Azərbaycanın ərazi bütövlüyünü tanıyır?” sualını verib. N.Paşinyan cavabında deyib: “Biz Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıdığımızı bildirmişik. Azərbaycandan da bizim 29,8 min kvadratkilometrlik ərazi bütövlüyümüzü tanımasını istəmişik. Sonuncu Brüssel görüşündə bu məsələ fiksə olunub. Yəni, iki ölkə qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyıb. Azərbaycan hər zaman belə bir tezis irəli sürürdü ki, biz onların ərazi bütövlüyünü tanımırıqsa, onlar da bizim ərazi bütövlüyümüzü tanımayacaqlar. Bu söhbət beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdi”.

Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə iki ölkə arasında vaxtaşırı baş verən sərhəd toqquşmaları zamanı Bakı İrəvanın onun ərazi bü­tövlüyünü tanımadığını bəyan edir: “Bizdə bəziləri deyirlər ki, bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanımırıq. Güman edirlər ki, Azərbaycan Ermənis­tana hücum etsə (?), məsələn, KTMT gəlib kömək edəcək. Hücum zamanı (?) KTMT bəyan edir ki, bəli, bizi dəstəkləyəcəklər və bura 30 güclü müşahidəçi göndərəcəklər. Və burada biz mütləq qərar verməli­yik. Deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırıq və fikrimizcə, bu ölkənin ərazisisi 86,6 min kvadratkilometr deyil, 45,7 min kvadratkilometrdir. O zaman bəyan edəcəklər ki, onların fikrincə, Ermə­nistanın ərazisi 29,8 min kvadratkilometr deyil, cəmi 8700 kvadratkilometrdir”. 

N.Paşinyan parlamentin tribunasından bir daha bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bü­tövlüyünü tanımaqla bağlı Brüsseldə əldə edilmiş razılaşmaları təsdiqləyir və Bakının da bunu təs­diqləyəcəyinə ümid edir.

Razılaşmanın üç mərhələsinin artıq baş verdiyi­ni bildirən N.Paşinyan qeyd edib ki, birinci mərhələ­də Alma-Ata Bəyannaməsi tanınıb, ikinci mərhələdə Praqa razılaşmaları təsdiqlənib, üçüncü mərhələdə isə Brüsseldə ərazilərin qarşılıqlı tanınması olub. Növbəti addım xəritələrin müəyyənləşdirilməsi ol­malıdır.

Baş nazir müxalifətin Ermənistanın həm Qara­bağ, həm də anklavlarla bağlı Azərbaycanın bütün tələblərini yerinə yetirdiyi və bunun müqabilində heç nə almadığına dair tənqidi fikirləri ilə də razılaşıb. N.Paşinyanın bundan sonrakı etirafı da diqqət­çəkəndir: “Biz hamımız başa düşürükmü ki, 30 il­dir sevimli vətənimizdə kadastr şəhadətnaməsi ol­mayan yerdə yaşayırıq və Ermənistanın dövlətçilik tarixində heç vaxt kadastr şəhadətnaməsi olmayıb. Etmək istədiyimiz iş baş tutsa, tarixdə ilk dəfə ka­dastr şəhadətnaməsi alacağıq. Yaşadığımız yerin təkcə faktiki deyil, həm də de-yure sahibi olmaq şansımız var. Biz elə bir bölgədə yaşayırıq ki, bir gün bizə “yığışın və buradan gedin” deyə bilərlər. Və bu halda biz kadastr şəhadətnaməsini göstərə bilməyəcəyik. Biz hamımız kirayənişin statusumuzu aşmaq, adı beynəlxalq səviyyədə tanınmış, deli­mitasiya və demarkasiya edilmiş sərhədlərə malik dövlət olaraq, kadastr şəhadətnaməsinə sahib ol­maq istəyirik. Biz bu şəhadətnaməni alacağıq”.

***

Paşinyanın bundan öncəki mətbuat konfran­sında olduğu kimi, parlamentdəki çıxışı da ciddi rezonans doğurub və etirazlara səbəb olub. Par­lamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan jurnalistlərə bildirib ki, Paşinyanın açıqlamaları Azərbaycanı yeni “aqressiyaya” (?) sövq edə bilər: “Paşinyanın kadastrla bağlı cəfən­giyyatı düşmən əhval-ruhiyyəli qonşu dövlətlər tərəfindən istifadə oluna bilər. Düşmənlərimiz bizim oğlanlara atəş açmağa başlayanda, bu hərəkətlərə Paşinyanın dediyi cəfəngiyyatla haqq qazandırıla­caq”.

Dünən parlamentdə çıxışı zamanı A.Mamican­yan fikirlərində bir qədər də irəli gedib. Qeyd edib ki, baş nazirin yalnız iki yolu qalıb: ya Ermənistan Respublikasına ölüm hökmünü imzalamaq, ya da istefa vermək. Onun sözlərinə görə, N.Paşinyan Qarabağla bağlı edəcəyini edib və deyəcəyini de­yib: “İndi növbə bizdə – erməni xalqındadır”.

Erməni Milli Konqresi sədrinin müavini Levon Zurabyan isə baş nazirin bəyanatına cavab olaraq deyib ki, bu, mürəkkəb bir işlə məşğul olanda onu daha başa düşülən gündəlik terminlərə çevirməli olan ibtidai təfəkkürlü şəxsin izahıdır: “Onun pri­mitivliyi və savadsızlığı Ermənistanı təhlükə altın­da qoyur. “Azadlıq” radiosunun erməni xidmətinin “Paşinyanın dediklərindən belə çıxmırmı ki, bizim dövlətçiliyimiz yoxdur və heç vaxt olmayıb” sualına sədr müavini belə cavab verib: “Mən Paşinyanın bə­yanatlarının hansısa bir məna kəsb etdiyini düşün­mürəm. Çünki o, özü nəyisə başa düşmür. Ermənis­tan dövlətinin mövcudluğu heç də Nikol Paşinyanın cahil fikirlərindən asılı deyil”.

Parlamentin sabiq deputatı, ictimai xadim Sofiya Ovsepyan isə sosial şəbəkə hesabında N.Paşin­yanı “baş tülkü” adlandırıb: “Moskvaya getməzdən əvvəl o, parlamentə baş çəkdi və orada Azərbayca­nın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi. Sonra Tavuş, Vayotsdzor vilayətini, Qarabağı təslim edəcəyini (?) təsdiqlədi. Daha sonra bizdə müzakirə və qorxu yaratmaq üçün başqa bir mövzunu – Er­mənistanın kadastr sənədi ilə bağlı məlumatı infor­masiya sahəsinə atdı və xəbərdarlıq etdi ki, əgər siz Qarabağın təslim olmasına (?) qarşısınızsa, onda mən də Ermənistanı təslim edəcəyəm. Bu, insanları qorxutmaq və onları evdə qalmağa, küçələrə çıx­mamağa məcbur etmək üçün atılan addım idi. Biz bu gün kadastr sənədini müzakirə edərkən, baş tül­kü tariximizin məhvi ilə bağlı sənədə imza atacaq...”

Mövzu ilə bağlı fikirlərini “Xalq qəzeti” ilə bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Pa­şinyanın açıqlamaları son vaxtlar Ermənistanda bö­yük narahatlıq yaradıb. Onun sözlərinə görə, reallıq bundan ibarətdir ki, Paşinyan əhalini qəflət yuxu­sundan oyadır: “Müəyyən formada özünüdərkin formalaşması, əhalinin reallıq hissinə qaytarılması istiqamətində mesajlar verir. Bu fikirlər nə qədər sülh istiqamətində çağırış olsa da, hələlik yetərsiz­dir. Erməni xalqı həmişə mifoloji çərçivədə olub. Uy­durmalar, yalanlar və saxta formalaşmış stereotiplər onlarda üstünlük təşkil edir. Azərbaycanın hər bir uğuru, regional müstəvidə həyata keçirdiyi hər bir layihə əvvəlki hakimiyyətlər dövründə sadə ermə­nilərə başqa cür təqdim olunurdu. Bu gün reallıqlar üzə çıxır. Regionda güclü dayaqları olan dövlət, söz sahibi Azərbaycandır. Eyni zamanda, torpaqların sahibi də azərbaycanlılardır”.

İlyas Hüseynov bildirib ki, bu gün regionda sülhə ən çox ehtiyacı olan ölkənin Ermənistan olduğunu İrəvanda anlayırlar: “Ermənistanın siyasi rəhbərliyi bu reallıqla barışıb. Onlar həm də Azərbaycanın gücünü anlayıblar. Paşinyan bundan əvvəlki açıq­lamalarının birində qeyd etmişdi ki, Azərbaycan enerji və nəqliyyat nöqteyi-nəzərindən Şərqlə Qərb arasına mühüm rola malikdir. Ermənistan da burada siyasi-iqtisadi dividendlər əldə edə bilər. Amma bu­nun üçün, ilk növbədə, sülhə ehtiyac var”.

Politoloq onu da bildirib ki, sülh prosesi sonsuz deyil: “Sülh danışıqlarının bir limiti var. Bunu Paşin­yan da başa düşür və bu kontekstdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. O, həmçinin başa düşür ki, uzun illər ərzində aparılan saxta təbli­ğat nəticəsində həmvətənlərinin beyinləri “yuyulub”. Bu gün Ermənistanda Paşinyana olan etirazlar bu­nun mənfi nəticəsidir. Paşinyan yığılıb qalmış köh­nə stereotiplərin əvəzinə reallıqları söyləyəndə onu satqın və milli maraqları satan şəxs adlandırırlar. Ancaq onun əleyhinə olanların nəyəsə nail olacaq­ları gözlənilmir”.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət