Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin edən ölkə kimi dünyada tanındı. Respublikamızın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı, cəmiyyətdə dövlətçilik ənənələri gücləndi, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirildi. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə verdi, təhlükəsizliyin təmini üçün güclü potensial yaratdı.
Qələbə nəticəsində işğaldan azad edilən ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq hazırda Azərbaycanın inkişafını sürətləndirib. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafı Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşdirilməsində rolunu daha da möhkəmləndirib.
Uğurlu sosial-iqtisadi və siyasi uğurlar, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi bundan sonra da möhkəmləndiriləcək. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq.
Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin möhkəmləndirilməsini ‒ insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Bütün bunlar Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz aydın ifadəsini tapıb. Prioritetlərdə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması kimi məsələlər qarşıya mühüm vəzifələr kimi qoyulub.
Bu məqamda onu da xatırladaq ki, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəminin yaradılmasını şərtləndirir.Ümumiyyətlə, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.
“Kölgə iqtisadiyyatı” minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.
Şübhəsiz ki, bütün bu məsələlərdə rəqəmsallaşma prinsipinin tətbiqi önəmli rol oynayır. Məsələn, vergi siyasətində belə bir yanaşmanın diqqət mərkəzində saxlanılması müsbət nəticələrlə müşahidə edilir. Belə ki, ölkəmizdə həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərindən biri olan vergi inzibatçılığında tətbiq edilən rəqəmsal yanaşma mövcud resurslardan maksimum səmərəli istifadəni şərtləndirir. Vergi siyasəti rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə və inkişafda olan iqtisadi mühitə uyğunlaşdırılır.
Yeri gəlmişkən, vergi orqanları tərəfindən rəqəmsal metodlar sırasında xüsusi yer tutan yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ölkədə biznes mühitinin daha da sağlamlaşdırılması və sahibkarlıq fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması baxımından olduqca əlamətdar hadisədir. Bu yeniliyin gətirdiyi faydalardan ən başlıcası həm sahibkarların, həm də dövlətin marağında olan şəffaflıq amilinin artması ilə bağlıdır. Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır. Bu kassa aparatlarının tətbiq dairəsinin genişləndirilməsi, öz növbəsində, innovativ layihə olan “ƏDV geri al”a da müsbət təsir göstərir və bu istiqamətlə mühüm uğurların əldə edilməsini şərtləndirir.
İsmət VAQİFZADƏ,
İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin operatoru olduğu
Rəqəmsal Ticarət Qovşağının rəhbəri
İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə mühüm təsir göstərən amillərdən biridir. İnvestorlar tərəfindən rəqəmsal infrastrukturun, eləcə də elektron ticarətin inkişaf etdiyi və bazarın daha da genişlənməsi üçün potensialın olduğu ölkələrdə imkanlar axtarılır. Belə ki, elektron ticarət sektorunun inkişafı paralel olaraq ölkədə sərhədlərarası elektron ticarət imkanlarının, təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur zərurətini şərtləndirir. Həmçinin elektron ticarət sahibkarlığı və innovasiyaları təşviq edir və biznes anlayışları, qərarların qəbulu və təhlili üçün böyük həcmdə məlumat bazası yaradır. Bu amillər elektron ticarətin genişlənməsini yaxından izləyən investorlar üçün gəlir artımı və innovasiyalar sahəsində imkanlar təqdim edir.
Azərbaycanda həyata keçirilən əsaslı islahatlar rəqəmsal transformasiya və elektron ticarətdə artım tempinin dayanıqlılığına səbəb olur. Beynəlxalq reytinqlərdə respublikamızın mövqeyinə nəzər salsaq, BMT-nin “Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda 2019-cu illə müqayisədə 2021-ci ildə şəffaflıq indikatoru üzrə 6,67 faiz, sərhədlərarası kağızsız ticarət indikatoru üzrə isə 16,67 faiz artıma nail olunub. Ümumilikdə isə Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2022-ci il üzrə hesabatında yüksək rəqəmsallaşma səviyyəsinə görə 35 faiz ölkələrin daxil ola bildiyi birinci qrupda yer alıb.
Bununla yanaşı, Azərbaycanda elektron ticarət sahəsində də tətbiq olunan vahid rəqəmsal platforma modeli investisiya mühitinin daha da yaxşılaşdırılmasında istifadə oluna bilər. Belə ki, ölkənin investisiya üçün cəlbedici mühit olaraq təqdim olunması və mövcud elektron xidmətlərə, o cümlədən elektron ticarət sahəsində təqdim olunan imkanlara çıxışın “bir pəncərə”dən mümkünlüyü investisiya sahəsində böyük imkanlar yaradacaq.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”