Bərpaolunan enerji üzrə beynəlxalq əməkdaşlıq genişlənir

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Şurasının 25-ci iclası keçirilib. Toplantıda ölkəmiz Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 

Geniş fikir mübadiləsi və diskus­siya şəraitində keçən şura iclasında AREA-nın direktor müavini K. Hüseynov “COP28-ə gedən yol: Bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi və kritik materiallar”, “Geotermal enerji ba­zarı və texnologiyalarının qlobal vəziy­yəti”, “Bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi” kimi mövzularda təşkil olunmuş yüksək səviyyəli panel müzakirələrində iştirak edib. O, çıxışında Azərbaycanın enerji keçidi və bərpaolu­nan enerji sahəsində həyata keçirilən la­yihələr, ölkəmizin geotermal enerji poten­sialı və perspektivləri, dünya miqyasında makroiqtisadi səviyyədə bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı çətinliklər və dəstəkləyici mexa­nizmlər barədə məlumat verib. 

İclas çərçivəsində “Geotermal Alyansı” ilə bağlı əməkdaşlıq, yaşıl hidrogen sahə­sində təcrübənin bölüşdürülməsi, Azər­baycanda həyata keçirilən “yaşıl enerji” layihələrində IRENA-nın mövcud platfor­malarının və dəstəkləyici mexanizmlərinin tətbiqi ilə bağlı ikitərəfli görüşlər keçirilib. Bununla yanaşı, AREA və IRENA ara­sında keçirilən digər görüşlərdə gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Daha sonra AREA-nın direktor müavini “Proq­ram və strateji”, “İnzibati və maliyyə” ko­mitələrinin görüşlərində iştirak edib.

Xatırladaq ki, IRENA Assambleyası­nın 13-cü sessiyasında qəbul edilmiş qə­rara əsasən, Azərbaycan 2023–2024-cü illər üzrə IRENA Şurasının üzvüdür. 113 ölkənin və Avropa İttifaqının nümayən­dələrinin iştirak etdiyi budəfəki tədbirdə isə Azərbaycan növbəti iki il ərzində İRE­NA şurasının İnzibati və maliyyə komitə­sinin üzvü seçilib. 

Yeri gəlmişkən, bərpaolunan enerji mənbələri üzrə potensialı yüksək qiymət­ləndirilən Azərbaycan 2009-cu ildən Bey­nəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə fəal əməkdaşlıq edir. 2014-cü ildən isə təşkilatın tamhüquqlu üzvü seçilən Azər­baycan Respublikası ötən müddətdə bu sahədə tərəfdaşlıq münasibətlərini xeyli inkişaf etdirib. Elə “Azərbaycanda bərpa­olunan enerjiyə hazırlığın qiymətləndiril­məsi” layihəsi də bu əməkdaşlığın bariz nümunəsidir. Həmin layihədə ölkəmizdə bərpaolunan enerji mənbələrinin istifadə­sinin dəstəklənməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılması məsələ­si xüsusi yer tutur. 

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsiz­liyi siyasətinin əsas hədəflərindən biri də məhz Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialından səmərəli istifadənin gücləndirilməsindən ibarət­dir. Ölkəmizin alternativ və bərpaolunan enerji potensialı isə olduqca yüksəkdir. Belə ki, son tədqiqatlar Azərbaycanda 27,5 min meqavat həcmində bərpaolu­nan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı isə dağ çaylarının payına düşür. Hazırda Azərbaycanın müxtəlif bölgələrində ümumi gücü 66 meqavat təşkil edən külək, 40 meqavat olan günəş, 38 meqavat bioenerji elektrik stansiyala­rı, həmçinin 32 meqavat gücündə kiçik su elektrik stansiyaları istismar olunur. 

Məlum olduğu kimi, ölkəmizin ümumi enerji istehsalında bərpaolunan enerji­nin payı 17,3 faiz təşkil edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Pri­oritetlər”də ölkəmizdə “yaşıl enerji” isteh­salının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payı­nın 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur. 

Hazırda ölkəmizdə bərpaolunan enerji potensialının hərəkətə gətirilməsi istiqamətində konkret layihələr icra olu­nur. Bu baxımdan ölkə ərazisində həyata keçirilən pilot layihələri qeyd etmək olar. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə işlər uğurla davam etdirilir. Ötən müd­dətdə layihədə nəzərdə tutulmuş yolların çəkilişi başa çatdırılıb, kilometrlərlə ərazi hasarlanıb, günəş panellərinin yerləşdi­rilməsi üçün ərazi hazır vəziyyətə gətiri­lib. Artıq 550 hektar ərazini əhatə edən stansiyada tikinti-quraşdırma işləri yekun mərhələsinə qədəm qoyub. Hazırda ya­rımstansiyanın tikintisi tam sürətlə gedir. Layihə çərçivəsində ərazidə 500 mindən çox panelin quraşdırılması nəzərdə tutu­lur. Bu yaxınlarda isə günəş panellərinin əraziyə gətirilməsinə başlanılıb. “Qara­dağ” GES-in isə bu ilin sonuna qədər is­tismara verilməsi nəzərdə tutulur.

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə reallaşdırılan “Xızı–Abşeron” Külək Elektrik Stansiyası la­yihəsi də tədricən real fəaliyyət sahəsinə çevrilməkdədir. Artıq burada mobilizasiya işlərinə start verilib. Yaxın vaxtlarda isə layihə tikinti mərhələsinə qədəm qoya­caq. 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də bərpaolunan enerji isteh­salı üçün geniş imkanlar var. Mütəxəssis­lərin son hesablamalarına görə, sözüge­dən ərazidə 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Ötən müddətdə bura­da bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilib. Bununla ya­naşı, hökumətin işğaldan azad olunmuş ərazilərdə günəş və külək elektrik stan­siyalarının yaradılması ilə bağlı konkret planları var.Yeri gəlmişkən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, bu konsep­siyaya əsasən həmin ərazilərdə istehlak olunan elektrik enerjisi yalnız bərpaolu­nan enerji mənbələrindən alınacaq.

Artıq bu istiqamətdə də konkret ad­dımlar atılır. Məlum olduğu kimi, Böyük Britaniyanın BP şirkəti tərəfindən Cəb­rayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası tikilə­cək. Ötən müddətdə Energetika Nazirliyi və BP şirkəti arasında layihənin texniki və kommersiya parametrləri, eləcə də maliyyə tərəfləri ilə bağlı razılığa gəlinib. Stansiyanın isə təqribən iki il ərzində tiki­lib istifadəyə verilməsi gözlənilir. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat