Bu ilin yanvar–aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 735,5 min ton yük daşınıb. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumatına görə, bu, ötən ilin analoji dövrünün göstəricisindən 58,6 faiz çoxdur. Hesabat dövründə hava nəqliyyatı ilə sərnişin daşımaları 63,4 min nəfər təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 64,8 faiz azdır. Bu sahədə daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrin payına düşüb.
Bütövlükdə isə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə 71,2 milyon ton yük daşınıb. Bu da əvvəlki ilin analoji dövrünün göstəricisindən 5,9 faiz çoxdur. Hesabat dövründə Azərbaycanda sərnişin daşımaları 578,6 milyon nəfəri ötüb. Bu isə 2022-ci ilin göstəricisindən 19,2 faiz çoxdur. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metropoliten, 0,5 faizi isə digər nəqliyyat növləri ilə daşınıb.
“Xalq qəzeti”