Paşinyansayağı həyasızlıq – Qərb Rusiya vasitəçiliyinə qarşı

post-img

Ermənistan sülhə gəlmək istəmir. Yəni, sülhün Rusiya formatı ilə razılaşmır. Hər halda, bunu ölkənin baş naziri Nikol Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının dünən Moskvada keçirilmiş geniş tərkibdəki iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin fikrinə verdiyi reaksiyadan görmək mümkündür. Nikolun söylədikləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin çoxdan gözlənilən 25 may görüşünə bəri başdan kölgə saldı. Təfərrüatlara nəzər salmazdan əvvəl prezidentlərin – İlham Əliyevin və Vladimir Putinin Paşinyanın replikasına mimikalarla göstərdikləri münasibət üzərində dayanaq. Yumşaq ifadə etsək, təxminən, bu nəticəyə gəlmək mümkündür: sən, axı nədən danışırsan?!

Bəli, ilk baxışdan, Nikolun dövləti­mizin başçısının söylədiklərinə, guya, cavab verirmiş kimi, dillənməsindəki məntiqi anlamaq mümkünsüzdür. San­ki bir neçə gün öncə İrəvanda keçirdiyi mətbuat konfransında Qarabağın Azər­baycana məxsusluğunu bildirən o, de­yildi. Belə nəticəyə gəlmək mümkündür ki, Paşinyan Azərbaycan–Ermənistan nizamlanmasının, belə demək müm­künsə, Qərb sektorunda dayananda bir cür olur, Rusiyaya gələndə başqa cür. Bu qeyri-ciddilik son dərəcə təhlükəli tendensiyadır. 

Beləliklə, Ermənistanın baş naziri bildirir ki, Azərbaycan Laçın dəhlizində qeyri-qanuni sərhəd nəzarət-buraxılış məntəqəsi qurub. Dövlətimizin başçısı ona ölkəmizin ərazi bütövlüyünü tanı­dığını xatırladanda isə sözünə düzəliş edərək bildirir ki, Laçın dəhlizində sər­həd məntəqəsinin qurulması üçtərəfli Bəyanata ziddir. 

Bəli, Paşinyan vəziyyəti gərginləş­dirən ritorikaya üstünlük verir. Halbu­ki buna ehtiyac yox idi. Çünki cənab İlham Əliyev çıxışında ölkəmizin şimal­dan cənuba və şərqdən qərbə uzanan nəqliyyat qovşaqlarının mərkəzində yerləşdiyini bildirmiş, mövcud xüsusda Zəngəzur dəhlizinin əhəmiyyətini vur­ğulamışdı. Paşinyan isə özünün axmaq məntiqi ilə “Zəngəzur dəhlizi” ifadəsinn Azərbaycanın Ermənistana qarşı ərazi iddiası kimi anladı. Əslində, bu anlamaq yox, anlamaq istəmək mənasındadır, daha doğrusu isə bəhanədir. 

Sadə məntiq var: Ermənistanın baş nazirinin istinad etdiyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Azərbay­canın digər ərazilərini Naxçıvanla bir­ləşdirən yoldan söhbət açılır. Bu yola dövlətimizin başçısı “Zəngəzur dəhlizi” deyir və onun deyimi artıq beynəlxalq terminə çevrilib. Yəni, İrəvanın məsələ­ni necə qəbul edib-etməməsindən asılı olmyaraq, reallıq budur. 

Bir daha deyək ki, Paşinyan admi­nistrasiyası sözügedən yolun açılması ilə bağlı üzərinə öhdəlik götürmüş tərəf­dir. O zaman Paşinyan nəyə qarşı çıxır? Axı prinsipcə, Azərbaycanın ərazi bü­tövlüyünü tanıyan dövlət bu sayaq qə­buledilməz ritorikaya baş vurmamalıdır. O zaman düşünək görək, Paşinyanın “sancısı” nəyə görədir.

*** 

Burada vacib məqam var. Nikol Ru­siyaya, sadəcə, getmək xatirinə gedib. Nəzərə alsaq ki, Paşinyanın may ayının ikinci ongünlüyündən başlayaraq, həm İrəvandakı mətbuat konfransında, həm də İslandiyanın paytaxtı Reykyavikdə Avropa Şurasının sammitində səslən­dirdiyi fikirlər Azərbaycanın ərazi bütöv­lüyünün tanınmasına hesablanmışdı, üstəlik, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş gö­rüşdən sonra da eyni məsələ gündəmə gəlmişdi və ən əsası Nikol sözügedən çıxışlarında üçtərəfli Bəyanata köklən­məmişdi, onun Moskvada həmin bəya­natı yada salması Rusiyaya münasibət­də aşkar təxribatdır. 

Diqqət yetirək, Azərbaycan və Er­mənistan liderlərinin dünənki Moskva görüşü, müəyyən mənada, Cənubi Qafqaz nizamlamasındakı Qərb xətti­nin davamı təsiri bağışlayırdı. Əslində, siyasi ekspertlər bu nəticəyə çox böyük təəccüblə gəlmişdilər. Lakin onlar belə qənaətdə idilər ki, Rusiya Qərb platfor­masındakı uğurları görür və mövcud nizamlama prosesində özü üçün tuta­caq yer axtarır. Bunun vacibliyi ölkənin Cənubi Qafqazda nüfuzunu qorumaq istəyi kontekstində qiymətləndirilirdi. Paşinyan isə təxribatçı çıxışı ilə Mosk­vanı, belə demək mümkünsə, məhvə­rinə qaytardı. Məhvər isə Kremlin yer­li-yersiz üzərində dayanmağı xoşladığı üçtərəfli Bəyanatdır. 

Bəli, Nikolun Laçın yolunda Azər­baycanın qurduğu sərhəd buraxılış məntəqəsinə münasibətdə qanunsuz­luq məntiqini irəli sürməsi, Rusiyanın istinad etdiyi və əsas saydığı üçtərəfli Bəyanatın İrəvan üçün əhəmiyyətsiz­liyinin vurğulanmasıdır. Yəni, Moskva­nın sülhyaratma missiyası heçə sayılır. Deməli, Qərbin irəlilətdiyi prosesdən Kremlin hansısa şəkildə dividend əldə etməsinə razılıq yoxdur. Paşinyanın çıxışı məhz həmin narazılığın ifadəsi idi. Daha konkret deyək, Qərb öz işinə Kremli şərik qoşmaq istəmir və Nikol da onun direktivlərini destruktiv mövqeyi ilə açıqlayır. Yəni, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı məsələdən söz açmasaydı da, Paşinyan nə isə ta­pıb deyəcəkdi ki, durum gərginləşsin. 

***

Digər tərəfdən, Nikol Ermənistanın xəstə ictimai rəyi qarşısında da divi­dend qazanmağa çalışır. Həm öz tərəf­darlarına göstərir ki, Rusiyanın paytax­tında sərt danışmaq iqtidarındadır, həm də müxalif kəsimin etirazlarını səngidir və bir növ, həmin kəsimin anti-Azərbay­can dili ilə danışır. Bu, bir tərəfdən ona hakimiyyətdə qalmaq zəmini formalaş­dırır, digər tərəfdən isə perspektivdə gözlənilən Qərb tənzimləməsi xəttinə əsasən edəcəyi güzəştlər üçün meydan yaradır. Nəzərə alaq ki, qarşıdakı müd­dətdə Nikolun iqtidarını sürdürməsi, tə­latümsüz Ermənistan amili, aktivləşən Qərb formatının məntiqi yekuna çatma­sı baxımından vacibdir. 

Əgər məntiqi yekun olsa, yəni, sülh müqaviləsi imzalansa, İrəvan Moskvaya onun səmərəsiz fəaliyyət göstərdiyini söyləyə və daxili ictiami rəyi də mövcud xüsusda hazırlaya biləcəkdir. Müvafiq olaraq, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması xətti də davamını tapacaqdır. 

Bütün bunları nəzərə alaraq, qətiy­yətlə deyə bilərik ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dünən Moskvada keçirilmiş Azərbaycan və Er­mənistan lidelərinin görüşü, bu təmas­dan əvvəlcədən gözlənilən səmərəni vermədi. Əlbəttə, demək olmaz ki, gö­rüşdən sülh müqaviləsinin imzalanaca­ğına dair düşüncə qətiliyi var idi. Ancaq bu yolda ciddi irəliləyişin baş verəcəyi ehtimalı üzərində dayanılırdı. Paşinyan həmin ehtimalı Azərbaycan Preziden­tinin qonaq qismində etdiyi çıxışa mə­nasız replikası ilə aradan qaldırdı və yekun nəticədə özünün Qərbə sadiqlik missiyasındakı növbəti elementi ortaya qoydu. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət