Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında özünün vasitəçiliyi ilə keçirilmiş görüşdən əvvəl Avrasiya İqtisadi İttifaqının geniştərkibli iclasında çıxışı zamanı təşkilata üzv dövlətlərdə ümumdaxili məhsul artımının tempinə toxunaraq, Ermənistanı fərqləndirdi. Putin fikrini “bizə Ermənistanla ayaqlaşmaq çətin olacaq” şəklində ifadə etdi. Hesab edirik ki, bu deyim yalnız ÜDM baxımından səslənməmişdi. Çünki Aİİ-yə üzv başqa dövlətlər yox, məhz Rusiya son illər Ermənistanla ayaqlaşmağa çalışmaqdadır. Əlbəttə, söhbət siyasi anlamdakı ayaqlaşmadan gedir.
Əslində, 44 günlük müharibədən sonra Moskvanın Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi, o cümlədən, Qarabağ müstəvisində tutduğu mövqedə bizim üçün arzuolunmaz sayılan bir sıra məqamlar da məhz vurğuladığımız tendensiyanın nəticəsi kimi meydana çıxmaqdadır. Kreml, hər vəchlə İrəvanı razı salmaq və onu öz orbitinə qaytarmağa çalışıb. Hər halda dünənki görüş öncəsi bu kimi məqamlar əbəs yerə xatırlanmırdı.
Məsələn, xatırlanırdı ki, Moskva ötən ilin avqustunda Qarabağın statusu məsələsini gündəmə gətirib ermənilərə xoş olmaq istəmişdi. Düzdü, Ermənistan buna köklənib şirniklənməmiş, daha çox Qərbdən mədət ummağa çalışmışdı. Ola bilər, Rusiyanın səmimiliyinə inanmamışdı. Hadisələrin sonrakı axarı da göstərdi ki, inanmamaqda haqlı idi. Çünki elə həmin 2022-ci ilin oktyabrın 31-də keçirilmiş Soçi sammiti zamanı Qarabağa status məsələsi gündəlikdən uzaq düş(ürül)müşdü. Bu da ola bilər ki, Kreml İrəvanın razı olmadığı məsələni gündəmə gətirməkdən uzaq durmağa və Bakı ilə münasibətləri gərginləşdirməməyə üstünlük vermişdi.
Rusiya–Ermənistan münasibətləri baxımından gərginliyin digər aspekti də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisində meydana çıxmışdı ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncəki mətbuat konfransında dilə gətirdiyi fikirlərlə həmin gərginliyin hələ də aktual əhəmiyyət daşıdığını təsdiqlədi. Erməni baş nazir əvvəllər olduğu kimi, yenə KTMT-nin ölkəsi üçün səmərəsizliyi məntiqini qabartdı. Üstəlik, onun açıqlamasına qarşı tərəfdən kifayət qədər sərt mövqe ortaya qoyuldu. Nəzərə alaq ki, sözügedən mövqe İrəvanın KTMT-siz mövcudluğunu şübhə altına almaq qədər hədələyici motivlərə köklənmişdi.
Bütün bunları düşünsək, əlbəttə, Rusiyanın Ermənistanla ayaqlaşmasının çətinliyi göz önündədir. Həm də ona görə ki, baş nazir N.Paşinyanın administrasiyası daha çox, belə demək mümkünsə, ipə-sapa yatmamaq baxımından ixtisaslaşıb. Bu məqamda qeyd edək ki, Azərbaycanın mövqeyi hər zaman stabil olub. Ölkəmiz öz prinsipilərinə sadiqdir və 44 günlük müharibədən sonrakı zaman kəsiyində çalışır ki, haqqı çatana sahiblənsin. Yəni, loru dildə desək, Bakı Moskvanın böyüklüyünü nəzərə alıb qəbul etsə də, özünün ərazi bütövlüyü və bölgə ilə bağlı digər vacib məsələlərdəki kursuna sadiqdir. Ölkəmiz mövcud kurs naminə hansı qüvvə lazımdırsa, onu qarşısına almaq potensialına malikdir.
Azərbaycanın prinsipiallığı Rusiyanın siyasi dairələrini nə qədər gərgin duruma salsa da, onlar dövlətimizin oyun qaydalarını pozmadığının fərqindədirlər. Ancaq həmin dairələr Ermənistanın qaydalara demarş xətti götürdüyünü görürlər. Bu mənada anidən meydana çıxmış dünənki Moskva danışıqlarını doğuran səbəb də əslində, böyük ölçüdə, İrəvanın anti-Rusiya müstəvisində tutduğu yoldur.
Ermənistan heç bir halda Rusiyanın orbitinə qayıtmaq istəmir, nicatını Qərbdə axtarır. Qərb isə özünün iqtisadi maraqları baxımından Azərbaycanın mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir. Nəticədə Bakının İrəvana təzyiq yolu anlayışla qəbul edilir. Mövcud durumda ikincini xilas etmək və növbəti fiaskodan qorumaq zərurəti meydana çıxır ki, əslində Azərbaycanla Ermənistan arasındakı mayın əvvəlindən intensiv səciyyə daşımağa başlamış Qərb nizamlamasının məqsədi də elə budur. Təbii ki, Qərbin Cənubi Qafqaz müstəvisindəki əlahiddə maraqları da var və bu maraqlarda Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq məntiqi əsasdır.
Bəli, dünənki Moskva danışıqları ayrı-ayrı detallarını diqqətə çatdırdığımız vəziyyət fonunda baş verdi. Daha konkret desək, Rusiya Qərbin nizamlama xəttinə qarşı öz alternativini ortaya qoymağa girişdi. Özü də tez-tələsik. Mayın əvvəlində baş tutmuş “Vaşinqton prosesi” (Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da 1–4 may danışıqları–red.) çərçivəsindəki danışıqların “Brüssel formatı” (Azərbaycan və Ermənistan lidelərinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də keçirilmiş görüşü–red.) zamanı konkret nəticələrinin görünməyə başladığı bir məqamda.
Bir halda ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazidəki suveren hüquqlarını tanıyır, deməli, böyük ölçüdə Rusiyanın tutacaq yeri olan Qarabağ münaqişəsi tarixdir. O ki qaldı, Qarabağ erməniləri ilə bağlı meydana çıxan və daha çox Ermənistan hakimiyyətinin daxili ictimai rəyə erməni təəssübkeşliyi kimi göstərdiyi məsələlərə, Moskvada yaxşı anlayırlar ki, bunlar təfərrüatdır. Yəni, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən, bunu dönə-dönə təkrarlayan Paşinyan administrasiyasının Qarabağ müstəvisində prinsipial tutacaq yeri artıq yoxdur. Bu yoxdursa, regionda Rusiyanın hərbi varlıq kimi gördüyü sülhməramlılar faktoru avtomatik ikinci plana keçir.
Deməli, V.Putinin görüş təşəbbüsünü aktuallaşdıran növbəti və əsas məqam həm də budur. Və deməli, Rusiya çalışmalıdır ki, Cənubi Qafqaz platformasına yönələn nizamlamada aktiv olsun. Nəzərə alsaq ki, Qərb, Azərbaycanın diktəsi ilə, nizamlama baxımından, necə deyərlər, bıçağı sümüyə dirəndirməkdədir, Moskva danışıqların ona əks qütb tərəfindən irəliyə daşınmış məntiqini daha da inkişaf etdirməlidir. Həm də ona görə inkişaf etdirməlidir ki, Qərb mövcud istiqamətdə konkret ardıcıllıq irəli sürür. Söhbət Azərbaycan və Ermənistan lidelərinin yaxın gələcəkdə Avropa ölkələrində yenidən üz-üzə gəlmələrindən gedir – iyunda Kişinyovda, payızda Qranadada iki Cənubi Qafqaz liderinin görüşü planlaşdırılıb. Özü də görüşlərdən birində Fransa və Almaniyanın liderlərinin də iştirak etmələri də gündəlikdədir.
Bəli, Rusiya elə alternativ irəli sürməlidir ki, sözügedən təmaslarda əldə edilməsi ehtimal olunan razılaşmaları kölgədə qoysun və barışdırıcı mövqe qazanaraq, bölgəyə həm mənəvi bağlılığını isbatlasın, həm də sülhpərvər imic ortaya qoysun. Axı xüsusilə ikinci məsələ bərbad durumdadır. Dünya Ukrayna müharibəsi səbəbindən, Moskvaya hiddət və nifrət bəsləyir. Cənubi Qafqaz regionuna görə növbəti mənfi obraz ona, heç lazım deyil.
Ancaq sən saydığını say, gör, fələk nə sayır. Yəni, bütün bu dediklərimiz aysberqin görünən tərəfləridir. Çünki bir çox hallarda normal məntiq Rusiyanın siyasətini anlamaqda çətinlik çəkir. Bu mənada “Kommersant”ın Moskva nəşrinin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dünənki üçtərəfli görüşünün yekunlarına nəzərən ən azı iki sənədin imzalanacağına dair məlumatı reallığı və danışıqların may ayından başlayaraq aktivləşən fazasını vurğulasa da, tərəddüd doğururdu. Digər tərəfdən, nəşr bildirirdi ki, sənədlərdən birincisini baş nazirin müavinləri hazırlayıb və o, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması haqqındadır. İkinci sənəd isə liderlərin növbəti birgə bəyanatıdır. Yeri gəlmişkən, nəşr üçtərəfli bəyanatların sayına diqqət yetirir. Rusiyanın məntiqi ilə sənədlərin sayının çoxluğu, yəni beşincisinin imzalanması, ölkənin gördüyü işin səmərəliliyidirsə, bizim üçün mənasızlığın təzahürü.
Çünki prinsip etibarilə, Ermənistanı danışıqlar masasında oturdan əvvəlki dörd bəyanat yox, Azərbaycanın qətiyyətli addımlarıdır. Paritet olsun deyə bir daha bildirək ki, Qərb nizamlama xəttini axtivləşdirən də ölkəmizin prinsipial mövqeyidir. Elə buna görə “Kommersant” öz yanaşmasında vurğunu liderlərin imzalayacağı ikinci sənədin əsas məğzinə yönəldir. Söhbət Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasından gedir.
Deməli, Rusiya hər vəchlə çalışır ki, Qərb platformasında şifahi şəkildə dilə gətirilmiş fikirlər sənəd üzərinə köçürülsün, imzalarla təsdiqlənsin. Belə getsə, Moskva Qərbə inad olaraq öz adını Azərbaycanla Ermənistan arasındakı yekun sülh müqaviləsinə də daxil etməyə çalışa bilər. Əlbəttə, bu çalışma daxil etmək yox, dürtməyə oxşayacaqdır. Hər halda Cənubi Qafqaz siyasi cəbhəsində varlıq macərasını hər vəchlə göstərməkdə olan Kremldən bunu da gözləmək mümkündür.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”