Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında bu gün Moskvada Rusiya Prezidenti Vladmir Putinin vasitəçiliyi ilə keçiriləcək görüş ətrafında müxtəlif fikirlər var. Hiss olunur ki, nəinki Bakının və İrəvanın, bütövlükdə, regionun siyasi dairələri görüşə müstəsna önəm verməkdədirlər. Hər halda ortada, bütövlükdə, Cənubi Qafqazda sülh gündəliyi kimi vacib mövzu var.
Bölgənin bir sıra siyasi müşahidəçiləri V.Putinin münaqişə tərəflərini Moskvaya dəvət etməsinin ani qərar olduğu düşüncəsindədirlər. Mövcud xüsusda Ermənistan– Azərbaycan münaqişəsinin nizamlanmasının Rusiya və Qərb versiyaları təhlil olunmaqdadır. Rusiya Prezidentinin təşəbbüsünün gözlənilməzliyi isə konkret olaraq, ABŞ Dövlət katibi Antoni Blinkenin fəal iştirakı ilə Qərb platformasında keçirilən son yüksək səviyyəli görüşlə əsaslandırılmaqdadır. Bu əsaslandırmada ziddiyyətli duruma münasibətdə Qərbin və Rusiyanın mövqelərinin uzlaşması amili də ön plana çıxmaqdadır.
Təsəvvür edin: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Tasmaqambetov bildirir ki, KTMT Ermənistanla Azərbaycan arasında tezliklə sülhün imzalanmasına ümidlidir. Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır. Baş katib mövcud xüsusda danışıqların növbəti turunun Avropada baş tutmasına diqqət çəkib. “Məmuniyyətlə qeyd olundu ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır. Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Bundan sonra ölkələr sərhədin delimitasiyasına başlayacaqlar”, – deyən Tasmaqambetovun Azərbaycan-Ermənistan nizamlamasının “Brüssel formatı” ilə həmrəyliyi təəccüb doğurmaqdadır.
Məlumdur ki, Azərbaycan-Rusiya-Ermənistan formatında sonuncu danışıqlar ötən il oktyabrın 31-də Soçidə, oktyabrın 6-da Praqadakı dördtərəfli görüşdən (Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan – red.) sonra baş tutub. Bu görüşdə də tərəflər münasibətlərin normallaşması baxımından məhz 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsini əsas götürüblər. Eyni zamada, o da vurğulanmalıdır ki, bu gün Moskvada delimitasiya və demarkasiya məsələləri müstəvisində üzərində dayanılacağı ehtimal olunan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1975-ci il xəritəsi də, ilk dəfə məhz Soçi görüşü zamanı gündəmə gəlmişdi.
Məlumdur ki, Soçi görüşündən əvvəl, konkret olaraq, 2022-ci ilin avqustunda ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Qarabağa status (erməni tarixi) məsələsindən söz açmışdı. Amma görüş göstərdi ki, Moskva tərəfindən irəli sürülmüş bu təşəbbüs təxirə salınıb. Bu, eləcə də digər məqamlar isbatlayır ki, hazırda Qərb və Rusiya tənzimləmə xətti arasında prinsipial fərq yoxdur.
Yeri gəlmişkən, bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bəyan etmişdi ki, ölkəsi bu iki platforma arasında fərq qoymur, sülh prosesi eynidir, əsas olan sülh müqaviləsi layihəsi və onun başlıca müddəalarıdır. “Ermənistan platformalar arasında fərq qoymur, sülh prosesi birdir, danışıqlar eyni sülh sazişi layihəsi və onun prinsipləri ətrafında gedir. Biz platforma irəli sürən və bu prosesdə körpü rolunu oynamağa çalışan bütün paytaxtlara minnətdarıq. Ermənistan üçün Moskvada, Brüsseldə və ya Vaşinqtonda danışıqlar aparmaq sualı qoyulmur”, – deyən Mirzoyanın Rusiya, ABŞ və Avropa İttifaqının himayəsi altında ayrı-ayrılıqda davam edən nizamlamanın eyni gündəliyin mövcudluğunu açıqladığı aydındır.
Ancaq siyasi təhlilçilər həm Ermənistanın XİN rəhbərinin söylədiklərinə, həm də ümumi ab-havaya nəzərən, indiki situasiyada gözlənilən alternativ irəli sürmək, vəziyyətə gərginlik xüsusiyyətləri gətirmək baxımından Rusiyanın passiv mövqedə dayandığını vurğulamaqdadırlar. Ermənistanın “168.am” xəbər portalına açıqlama verən gürcüstanlı politoloq Kaxa Qoqolaşvili də məhz bu məqamın üzərində dayanıb. O bildirib ki, Rusiyanın passivliyi qəribədir və indiki görüşlər də (Rusiya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mayın 19-da Moskvada danışıqları və ölkə liderlərinin bugünkü danışıqları nəzərdə tutulur – red.) göstərir ki, Moskva Qərbin substantiv işindən narahat idi.
Kaxa Qoqolaşvilinin sözlərinə görə, Vaşinqtonda keçirilən danışıqlardan əvvəl (Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 1-4 may danışıqları – red.) Rusiya ciddi vasitəçilik təşəbbüsü ilə çıxış etməyib. Çox güman, Qərbin bu məsələni həll edəcəyinə inanmayıb və hesab edib ki, mövcud xüsusdakı tənzimləmə fonunda yekun sülh sazişi imzalana bilməz. Gürcü politoloq hesab edir ki, Brüsseldə keçirilmiş Əliyev-Paşinyan görüşündən sonra Şarl Mişelin bəyanatı Qərbin nizamlanmaya nail olmaq yolunda aydın iradəsinin və siyasi proqramının mövcudluğunu ortaya qoydu. Bu isə rus sülhməramlılarının müvafiq nəticələrlə uyğun şəkildə Qarabağı tərk etmələri deməkdir.
“Etiraf etmək lazımdır ki, Blinkenin vasitəçiliyi olmasaydı, tərəflərin, o cümlədən, Makronun rolunu, mürəkkəb gündəmi və Brüssel platformasında problem ətrafındakı fikir ayrılıqlarını nəzərə alsaq, indiki durum yaranmazdı”, – deyən K.Qoqolaşvilinin fikrincə, ABŞ Dövlət katibinin Vaşinqton danışıqlarında şəxsi iştirakı Putinin Moskvada üçtərəfli təmasın təşkili təşəbbüsünü doğurub. Deməli, Moskva görüşü uzun sürən diplomatik hazırlığın nəticəsi deyil, sadəcə, obyektiv duruma reaksiyadır və Moskva müxtəlif xəritələrdən istifadə edərək, prosesi Qərbdən Rusiyaya yönəltməyə çalışacaq.
Gürcü politoloq onu da bildirib ki, hazırkı mərhələdə Kreml Qərb platformasında üçtərəfli bəyanatlardan heç bir söz getməməsindən xüsusilə narahatdır. Ona görə Moskva prosesə Rusiya faktorunu cəlb etməyə, bu bəyanatları xatırlatmağa və ya ən yaxşı halda imzalanma ehtimalı çox az olan yeni oxşar sənəd əldə etməyə çalışacaq.
Maraqlıdır ki, K.Qoqolaşvili də danışıqların məzmununun bir-birindən fərqlənməməsinə baxmayaraq, hazırda Rusiya ilə Qərb vasitəçiliyi arasında Azərbaycan-Ermənistan münasibətlərinin nizamlamasına yönələn ziddiyyətin olmadığı qənaətini bölüşməkdədir. Ancaq müxtəlif regional maraqlar baxımından müəyyən fərqli yanaşmalar mümkündür. “Ola bilsin ki, Rusiya tərəfi yeni təkliflə çıxış etməyi planlaşdırır. Bu yaxınlarda Moskvanın nümayəndəsi regiona səfər edib. Proseslər pərdə arxasındadır, nəticələr, adətən, çox sonra görünür”, – deyən gürcü politoloq vurğulayıb ki, Rusiyanın marağı Qarabağda sülhməramlıların saxlanılmasıdır. Buna görə də sülh müqaviləsinin imzalanması prosesi başa çatmazdan əvvəl müxtəlif hadisələrlə dolu əsəbi geosiyasi oyun gözlənilir.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”