Şoyqunun “sağ əli” də ermənipərəst çıxdı

post-img

Rusiyanın Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlıların fəaliyyəti ilə bağlı hesabat yayıb. Hesabatda ənənəvi er­mənipərəst mövqeyini bir daha hiss etdirən MN növbəti dəfə Qarabağdakı Azərbaycan toponimlərini saxtalaş­dırıb, bu adları erməni adları ilə əvəz edib.

Hesabatda qeyd olunub ki, “Mar­dakert, Martuni rayonları və Laçın dəh­lizində üç marşrut üzrə patrul fəaliyyəti həyata keçirilib”. İctimaiyyətə açıqlanan məlumatda bir neçə dəfə Xankəndi “Stepanakert”, Ağdərə “Mardakert”, Xo­cavənd isə “Martuni” kimi təqdim edilib. Hesabatdakı toponimlərin adlarından belə məlum olur ki, sanki, Rusiya sülh­məramlıları Azərbaycan torpaqlarında deyil, Ermənistan ərazisində fəaliyyət göstərirlər. 

Xatırladaq ki, bugünə qədər Rusiya­nın Müdafiə Nazirliyi bir neçə dəfə oxşar saxtakarlığa yol vermişdir. Bu saxtakarlı­ğa Azərbaycanın Müdafiə Nazirliyi rəsmi etirazını bildirmişdi. Nümunə üçün qeyd edək ki, 2022-ci ilin 25 noyabt tarixində Rusiyanın Müdafiə Nazirliyi Qarabağda­kı yaşayış məntəqələrimizin adını uydur­ma erməni toponimləri ilə əvəz etmişdir. Rusiyanın Müdafiə Nazirliyinin bu ad­dımına Azərbaycanın Müdafiə Nazirliyi elə həmin gün rəsmi etirazını bildirmiş, qarşı tərəfi bu kimi həssas məsələlərdə diqqətli olmağa səsləmişdir. 

Yalançı kimdir?

Azərbaycan tərəfinin bununla bağlı rəsmi etirazından sonra Rusiya Müdafiə Nazirliyi ilə sülhməramlılar arasında, sö­zün həqiqi mənasında, “siçan-pişik” oyu­nu başladı. Rəsmi Bakının etirazından sonra Rusiyanın Müdafiə Nazirliyi topo­nimlərlə bağlı məlumatı sülhməramlıların rəhbərliyindən adlığını bildirməklə bütün məsuliyyəti Qarabağdakı rus koman­danlığının üzərinə atdı. Sülhməramlıla­rın komandanlığı isə bildirdi ki, Müdafiə Nazirliyinə göndərdikləri məlumatlarda yer adlarını Azərbaycan toponimləri kimi qeyd etsələr də, sonradan həmin adlar nazirlik tərəfindən dəyişdirilir, qondarma erməni toponimləri ilə əvəz olunur. 

Qarabağdakı Rusiya sülhməramlıla­rının komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə 2022-ci il 3 dekabr tarixli açıqlamasında ölkəsinin Müdafiə Nazirliyini açıq şəkildə saxtakar­lıqda ittiham edərək dedi: “Buradan elan edirəm ki, biz bütün toponimləri dəstək­ləyirik. Azərbaycan tərəfinin yer adlarını necə var, elə də yazırıq. Məsələn, yazırıq Xankəndi, Ağdərə... Toponimlərə hörmət edərək Azərbaycanda necə səslənirsə, elə də yazırıq. Rusiya–Türkiyə Birgə Mo­nitorinq Mərkəzində bütün sənədlərdə yer adları Azərbaycan tərəfinin bizə gön­dərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazir­liyinin saytında isə adlar başqa cür yazı­lır. Amma biz sülhməramlılar necə varsa, elə yazırıq. Siz yoxlaya da bilərsiniz”. 

Yada salaq ki... 

Onu da qeyd edək ki, o vaxt baş verənlər Azərbaycan ictimaiyyəti ara­sında əsasən Andrey Volkovun ermə­nipərəst mövqeyi, separatçılara loyal mü­nasibəti ilə izah olunurdu. Bu səbəbdən də Andrey Volkovun Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun müşaviri, gene­ral-polkovnik Aleksandr Lentsovla əvəz­lənməsi ölkəmizə yönəlik bu təxribatın ortadan qalxacağına ümid verirdi. Lakin son baş verənlər göstərdi ki, Rusiya sülh­məramlılarının komandanlığındakı şəxs­lər dəyişsə də, problem dəyişməz olaraq qalmaqdadır. Rusiya MN məqsədli şəkil­də Azərbaycan toponimlərini saxtalaşdır­maqda, ermənilərin bu müstəvidəki təxri­batlarına ortaq olmaqdadır. 

 

Seymur ƏLİYEV

Siyasət