Azərbaycan-Ermənistan münaqişəsinin may nizamlanması: 4-dən 14-ə, 19-dan 25-ə

post-img

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın bu il mayın 19-da keçirilmiş Moskva görüşü müstəvisində hər iki Cənubi Qafqaz ölkəsi arasındakı normallaşma prosesi ilə bağlı vurğulanmalı bir sıra məqamlar var.

Əvvəla, ondan başlayaq ki, 44 günlük müharibədən sonra sözüge­dən prosesdə iki aydın xətt müşahidə edilməkdə idi. Yəni, danışıqların Rusi­ya və Qərb xətti. Əlavə, son bir ayda ABŞ xəttinin ayrılığı təəssüratı da for­malaşdı. İki ildən artıq müddətdə özü­nü göstərmiş kollektiv Qərb və Rusiya təşəbbüslərinin gözlənilən effekti ver­mədiyi şəraitdə, düşünmək olardı ki, Vaşinqton məxsusi yanaşma irəli sür­mək niyyətindədir. 

Lakin Azərbaycan və Ermənistan lidelərinin mayın 14-də Brüsseldə Av­ropa İttifaqı Şurasının rəhbəri Şarl Mi­şelin vasitəçiliyi ilə keçirilmiş görüşü əsnasında okeanın o tayından gələn açıqlamalardan belə nəticə hasil oldu ki, Birləşmiş Ştatlar özünü kollektiv Qərb nizamlanmasının tərkibi kimi gö­rür. Başqa sözlə desək, “Brüssel forma­tı” “Vaşinqton prosesi”nin davamıdır. Hərçənd, birincinin tarix baxımından daha əvvələ aid olduğu məlumdur. 

O da məlumdur ki, ötən il oktyabrın 6-da keçirilmiş Praqa Sammiti sonra­sı Fransanın tutduğu və Ermənistana da təsir göstərmiş destruktiv mövqe səbəbindən nəinki “Brüssel forma­tı”, ümumilikdə Qərb tənzimləməsinin perspektivi böyük sual altında idi. Or­tada gerçək bir iflas mənzərəsi hökm sürürdü. Bu iflasın nəyə görə aradan qalxdığını da vurğulayacağıq. Çünki, əslində, hər üç formatın eyni anda ak­tivləşməsinin yalnız bir səbəbi var və yazımızın sonunda həmin səbəbə tam şəkildə aydınlıq gələcək.

*** 

Əslində, ötən ilin oktyabrından sonra Azərbaycan və Ermənistan rəsmiləri arasında danışıqların apa­rılmaması, bütövlükdə, adlarını çək­diyimiz hər bir nizamlama prosesinin iflası, vakuum təəssüratını yaradırdı.

Belə bir məqamda, ümumən, Azər­baycan-Ermənistan münasibətlərinin nizama salınması ilə bağlı danışıqla­rın intensiv ruhu ilə tərs mütənasibliyin müşahidə edildiyi durumda, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 1-dən 4-dək davam etmiş təmasları Ağ evi ayrı tərəf statu­suna qaldırdı. Mövcud kontekstdə Va­şinqtonun Cənubi Qafqaz maraqlarının əlahiddəliyinə dair mülahizələr meyda­na çıxdı. Bu xüsusda, həmçinin Birləş­miş Ştatlar diplomatiyasının Bakı ilə İrəvan arasında sülh prosesinə daha həssas və səmimi yanaşdığı qənaəti də formalaşdı. Bu qənaət hətta o qə­dər böyük oldu ki, bəzi siyasilər ABŞ-ın vasitəçiliyini ötən əsrin 90-cı illərinin əvvəllərində Balkan yarımadasında müharibəyə son qoymuş Deyton da­nışıqları (keçmiş Yuqoslaviya ərazisin­də 1991–1995-ci illər arası Bosniyada vətəndaş müharibəsi, həmçinin Xorva­tiya müharibəsinə son qoyan sazişdir. ABŞ-ın Deyton şəhərində 1995-ci ilin noyabrında razılaşdırıldıqdan sonra 14 dekabr 1995-ci ildə Parisdə bosniyalı­ların lideri Aliya İzzetbeqoviç, Serbiya­nın prezidenti Slobodan Miloşeviç və Xorvatiyanın rəhbəri Franyo Tudcman tərəfindən imzalanmışdır) ilə müqayisə etməyə başladılar. 

Əlbəttə, “Vaşinqton prosesi” fay­da verdi. Ən azı ona görə ki, həmin vaxtadək donmuş kimi görünən sülh nizamlanması hərəkətə gətirildi. Yeri gəlmişkən, Vaşinqtonda danışıqların getdiyi müddətdə bəzi siyasi analitik­lər məlum Deyton təcrübəsinə əsas­lanaraq, ABŞ vasitəçiliyinin Avropada sülhün rəsmiləşməsinə vəsilə olacağı düşüncəsinə daldılar. Bu baxımdan Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Belçikanın paytaxtında Aİ Şurası rəhbərinin vasitəçiliyi ilə keçmiş görüşündən gözləntilər böyük idi. 

Həmin görüşün də sülh yolunda irə­liləyiş uğuru ilə başa çatdığını vurğulaya bilərik. Orada tərəflərin bir-birinin ərazi bütövlüklərini tanıdıqlarını ifadə etdikləri məlumdur. Nəzərə alsaq ki, bu ifadəet­mədə 86.6 min və 29,8 min kvadratkilo­metr (Azərbaycan və Ermənistan liderləri bu ərazidə bir-birinin suveren hüquqları­nı tanıdıqlarını bəyan etdilər – red.) mən­tiqi öndə idi. Deməli, mövqelərdə xeyli konkretləşmələr yarandı. 

Bununla, “Vaşinqton prosesi” ilə “Brüssel formatı” arasında müəyyən bir bağın mövcudluğu üzə çıxdı. Hə­min bağ isə həm də onun təsdiqi idi ki, ABŞ Cənubi Qafqaz tənzimləməsini kollektiv Qərb təşəbbüslərindən ayrı tutmur. Əslində, bu, çox yaxşı haldır. Ona görə ki, indiki məqamda regionu­muzun sülh gündəliyinə yanaşmada Birləşmiş Ştatların və “köhnə qitə”nin fikir ayrılıqlarının olmaması, rəqabətin yaşanmaması, ümumi dinamika baxı­mından faydalıdır. 

***

Diqqət yetirək, əgər “Vaşinqton prosesi” çərçivəsindəki dördgün­lük danışıqların məntiqi davamı kimi Brüsseldə Azərbaycan və Ermənis­tan liderlərinin görüşündən sonrakı nəticə kollektiv Qərbin nizamlamaya eyni nöqteyi-nəzərdən yanaşdığının təsdiqi idisə, düşünmək mümkün idi ki, Moskvada mayın 19-da gedən da­nışıqlar tam fərqli baxışın ifadə mey­danına çevriləcək. Mövcud xüsusda onu da fikirləşmək olardı ki, mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında geçəkləşə­cək təmas “19 may”ın ruhunu əks etdirəcək və yekunda Rusiya Qərb hesabına “2:2” tarazlığı gətirəcək.

*** 

Lakin XİN rəhbərlərinin 19 may görüşündən sonrakı açıqlamalar or­taya fərqli mənzərəni çıxartdı. Nədir bu mənzərə?

Məlum oldu ki, Rusiyanın Qərbə Azərbaycan-Ermənistan münaqişəsi­nin nizamlanması xüsusunda yüklə­nirmiş kimi ritorikası ciddi əhəmiyyət daşımır. Yəni, Cənubi Qafqaz tənzim­ləməsinə münasibətdə Qərb və Rusiya yaxınlaşması var. Bunu Rusiyanın Xa­rici işlər naziri Sergey Lavrovun açıqla­ması da təsdiqlədi. 

Qeyd edək ki, birincisi, indiyədək “Vaşinqton prosesi” və “Brüssel for­matı” çərçivəsindəki təmaslarla bağlı Kreml rəsmilərinin qısqanc münasibət­lərini görmüşdük. İkincisi isə kollektiv Qərb nizamlamasından fərqli olaraq, Rusiya xətti sülh müqaviləsini çox uzaqda təsəvvürə gətirməsi ilə seçil­mişdi. İndi isə Lavrov, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva danışıqlarını onların Vaşinqtondakı və Brüsseldəki təmaslarının davamı kimi vurğuladı. Bu isə çox vacibdir. Deməli, Moskva duruma, belə demək mümkünsə, sıfır nöqtəli yanaşma mən­tiqindən uzaqdır. Ən əsası isə Kreml tərəfindən Qərb formatını heçə sayma tendensiyası yoxdur. 

***

C.Bayramovla A.Mirzoyanın ma­yın 19-da keçirilmiş Moskva görü­şü əsnasında hələlik Rusiya daha konkret görünür. 

Yenidən vurğulayaq ki, Lavrov əv­vəllərdə olduğu kimi, sülh müqavilə­sinin imzalanmasını çox da uzaqda təsəvvür etmir, onun yekun sazişdən öncə delimitasiya və demarkasiya məsələlərinin həlli formulu isə ilk baxış­dan, məntiqi təsir bağışlayır. 

Başlıca məqamlardan biri də budur ki, Rusiya XİN rəhbəri daha Qarabağa status məsələsindən danışmır. Demə­li, bu məntiqin qəbuledilməzliyi Kreml tərəfindən dərk edilməkdədir. Hərçənd, əvvəlki ritorikanı xatırlasaq, indi də Moskvanın vasitəçilik missiyasına ehti­yatlı yanaşmaq mütləqdir. O cümlədən, hər detalı ayrıca gözdən keçirməyə müstəsna zərurət var. 

Çünki Rusiyanın məntiqindəki deli­mitasiya və demarkasiya məsələləri də kifayət qədər mürəkkəb və manipulya­siyalara açıq mövzulardır. Yəni, Kremlin lokal maraqlarını mövcud kontekstdə ortaya qoyub ümumi mənzərəyə yad ab-hava gətirməsi və bunun Ermənis­tana da təsir göstərməsi, ölkəni ümumi məcradan yayındırması mümkündür. Eləcə də, regionda kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpa­sı xüsusunda da fərqli yanaşmaların önə çıxması reallığını diqqətdən kə­nara qoymaq olmaz. Onu da düşünək ki, nəqliyyat-kommunikasiya əlaqələri­nin bərpasından söz açırıqsa, burada Zəngəzur dəhlizi məsələsi də ön plana çıxacaq və çıxır da. Hər bir halda, Azər­baycan və Ermənistan lidelərinin mayın 25-də Moskvada Rusiya Prezidenti Vla­dimir Putinin vasitəçiliyi ilə keçiriləcək görüşü öncəsi, kifayət qədər, nikbin mənzərə var. 

***

Həm Azərbaycan–Ermənistan münasibətlərində, həm də bu mü­nasibətlərə baxışda uzlaşma şərtdir. Uzlaşmanı doğuran motivin üzərin­də dayanaraq, əvvəldə haqqında söz açdığımız səbəbə aydınlıq gətirək.

Bəli, əminliklə deyə bilərik ki, hər iki uzlaşmanın formalaşmasına təsir göstərən mütləq amil Azərbaycanın mövqeyidir. Rəsmi Bakı 44 günlük müharibədə hərbi baxımından bir ad­dım geri atmadığı kimi, müharibədən sonrakı diplomatiya meydanındandan da çəkilmədi. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daim öz prinsip­lərini qorudu, qətiyyət göstərdi, həmişə təzyiq dilində danışmağı bacardı. 

Əminliklə onu da demək mümkün­dür ki, Bakı-İrəvan münasibətlərinin tənzimlənməsindəki hazırkı pozitiv mənzərə həm qeyd etdiyimiz hücum diplomatiyasının, həm də Ermənistana daimi təzyiq xəttinin məhsuludur. Bu təzyiqin nəticəsidir ki, bu gün İrəvanda, necə deyərlər, ara qarışıb, məzhəb itib. 

Bu təzyiqin nəticəsidir ki, Qara­bağdakı separatçı rejim daxilində çax­naşma yaşanmaqdadır, oradakı hay töküntüləri, loru dildə desək, bir-birinin ətini yeməklə məşğuldurlar. Başqa yol­ları yoxdur... 

Digər tərəfdən, lap hesab etsək, baş nazir Nikol Paşinyan mövqeyində səmimidir, ancaq onun daxildə yara­na biləcək iğtişaşlardan ehtiyatlanıb nala-mıxa vurması yekunda qeyri-sə­mimi mühit formalaşdırmaqdadır. İndi nəhayət, o da üzərində Azərbaycanın gücü ilə yanaşı, daxildəki təzyiqi hiss etməli və özünə müqavimət hissini aşı­lamalıdır. Reallıqdan qaçmaq, yayın­maq olmaz. Çəmbər daralıb. Ölümün də əcələ faydası yoxdur.

Nikol Reykyavikdə demokratiyadan danışırdı. İndi Azərbaycanın təzyiqləri fonunda demokratiyasını imtahandan çıxarsın. Laçın yolunda Azərbaycana məxsus sərhəd buraxılış məntəqəsi var, artıq bu məsələ ölkəmizin legitim hüququ kimi qəbul edilir və haqqında söz açan yoxdur. Paşinyan buyursun İrəvanda bununla əlaqədar təzyiqləri də dəf etməklə, demokratiyasına im­munitet, impuls gətirsin. 

Nəhayət, Nikol, ümumən, Azər­baycanla normallaşma və sülh müqa­viləsi xüsusunda qətiyyət göstərsin. Buyursun, xəstə erməni cəmiyyətinin öhdəsindən gəlsin. “Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?”, – deyimini rəhbər tutsun. Nəzərə alsın ki, “ölmək” prinsipsizlikdən yaxşıdır. Axı, hakimiy­yət kürsüsündə qərar tapmağın da bir etikası olmalıdır. 

***

Mətləbdən yayınmayaraq, sonda bir daha bildirək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva danışıqları nikbinlik doğurmaqdadır.

Bu ab-hava hər iki ölkə rəhbərləri­nin mayın 25-də Rusiyanın paytaxtında keçirəcəkləri görüşün daha konkret nə­ticələr verəcəyini söyləməyə tutarlı əsas yaradır. Düşünsək ki, Qərb formatında­kı razılaşmaların şifahiliyi ənənəsindən fərqli olaraq, Rusiya formatı üçün, bir qayda olaraq, hansısa sənədin imza­lanması xarakterikdir, mayın 25-də də nizamlamanın indiki dinamikasına uy­ğun yazılı anlaşmanın ərsəyə gəlməsini gözləmək mümkündür. Hər bir anlaş­manın ölkəmizin maraq və mənafelərini əks etdirəcəyinə əminik.

 

Əvəz CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət