İrəvanın “bananlı narkotik” biznesi

post-img

Mayın 16-da İtaliyanın ANSA agentliyi Gürcüstanın Batumi li­manı vasitəsilə Ermənistana gön­dərilməsi planlaşdırılan 2 ton 734 kiloqram xalis kokainin ölkənin Cənubi Kalabriya regionunun Coya-Tauro şəhərinin limanında müsadirə edilməsinə dair yaydığı məlumat hayların gerçək xislətinin ortaya çıxarılması baxımından bö­yük əhəmiyyət daşıyır. 

Məlumata görə, kokain paketləri Ek­vadorun Quayaquil şəhərindən əvvəlcə İtaliyaya göndərilib, sonra isə Ermənis­tana istiqamətlənməli imiş. Soyuducuda saxlanılan və uzunluğu 12 metrdən çox konteynerlərdə olan kokain 78 ton ba­nandan ibarət meyvə yükünün içərisində gizlədilib.

Beynəlxalq narkotik ticarəti ilə mü­barizə məqsədi daşıyan və nəticədə üç tona yaxın kokainin müsadirə edilməsinə səbəb olan əməliyyat Cənubi Kalabriya regionunun mafiya ilə mübarizə idarəsi­nin rəhbərliyi və koordinasiyası ilə həya­ta keçirilib. Bununla bağlı idarənin yay­dığı məlumatda bildirilib: “Əldə olunan müstəsna nəticə kəşfiyyat fəaliyyətinin və Cənubi Amerikadan Qara dənizə ge­dən, Kalabriya limanından keçən ticarət marşrutlarının daimi təhlilinin nəticəsidir. Məlumat bazaları vasitəsilə həyata keçi­rilən çarpaz yoxlamalar əməliyyat-istin­taq fərziyyələrini və kokainin gizlədildiyi iki soyuducu qutunun təftişinə davam etmək ehtiyacını təsdiqlədi. Kokain uzun və çətin axtarış əməliyyatlarından sonra mürəkkəb skanerlərin köməyi ilə narko­tiklərə qarşı mübarizə aparan “Joel” adlı itin köməyi ilə müəyyən edilib. Müsadirə edilmiş son dərəcə təmiz keyfiyyətdə və mükəmməl konservasiya vəziyyətində olan narkotik maddə narkotacirlərə 800 milyon avrodan çox gəlir gətirərdi”.

***

Sirr deyil ki, Ermənistan regionda narkotik qaçaqmalçılığında əsas tran­zit ölkələrdən hesab olunur.

Hayastan “ağ ölüm”ün qaçaqmalçılı­ğının intişar tapmasına “mühüm töhfələr” verib. İndiyədək əsasən Əfqanıstandan göndərilən narkotik vasitələr, xüsusilə heroin, tiryək və metamfetamin İrandan keçməklə narkotrafikin “Şimal marşrutu” yolu ilə Ermənistan üzərindən Avropada “qara bazar”a çıxarılırdı. İndi isə məlum olur ki, ölkə həm də Cənubi Amerikadan – “kokain kralı” ləqəbli məşhur kolum­biyalı narkobaron və terrorçu, 1980-ci illərin sonunda dünya kokain bazarının 80 faizinə nəzarət edən Medelin karteli­nin (inhisarçılıq və yüksək mənfəət əldə etmək məqsədilə qurulan ittifaq) başçısı Pablo Eskobarın doğma materikindən narkotik daşınmasını təmin edirmiş. Bu işlə məşğul olanları baş nazir Nikol Pa­şinyandan öncəki kriminal rejimlər – Ro­bert Koçaryan – Serj Sarkisyan cütlüyü bilavasitə himayə edirdi. Sarkisyan iqti­darı dövründə bu işin koordinasiyasını onun qardaşı oğlu Narek həyata keçirir­di. N.Sarkisyan əmisinin hakimiyyətdən gedişindən sonra narkotik ticarətində və qanunsuz silah saxlamaqda ittiham olu­naraq həbs olunmuşdu. İndi isə deyəsən, bu işi hakimiyyətə gəlişinin beşinci ili bu­günlərdə tamam olan Paşinyan iqtidarı davam etdirmək niyyətindədir.

İtaliya hakimiyyət orqanlarının rəs­mi məlumatının açıqlanmasından cəmi bir gün sonra – mayın 17-də Ermənis­tan milli təhlükəsizlik xidməti ölkəyə bir tona yaxın (təxminən, 250 milyon avro dəyərində) kokain gətirildiyini və bunun aşkarlanaraq müsadirə edildiyi barədə açıqlama yayıb. “Ermənistanda fəaliy­yət göstərən və meyvə idxalı ilə məşğul olan kompaniya Ekvadorda şirkətdən sifariş etdiyi məhsulla birlikdə tranzit ölkələrin – Panama, İtaliya və Gürcüs­tan ərazisindən keçməklə ölkəyə narko­tik maddə idxal edib. Təxminən bir ton ağırlığında olan kokain milli təhlükəsiz­lik xidmətində saxlanılır. İstintaq davam edir”, – deyə məlumatda bildirilir. İtali­yadan məlum açıqlamanın verilməsin­dən bir gün sonra Paşinyan iqtidarının hərəkətə keçərək bir ton narkotik maddə aşkarladığını iddia etməsi gözə kül üfür­mək, mümkün tənqidlərdən yayınmaq təsiri bağışlayır.

Ancaq Paşinyan iqtidarının bu məsələdən heç xəbəri olmamış kimi dav­ranması onun sudan quru çıxmasına gə­tirməyib. Ən azı, ölkədə müxtəlif səviyyə­də səslənən tənqidlər belə deməyə əsas verir. Yaranmış qalmaqala münasibət bil­dirən yerli siyasi texnoloq Karen Koçar­yan deyib ki, N.Paşinyan hökuməti ötən illər ərzində yalnız iki sahədə – narkotik və oyun biznesində (qumarda) artımı təmin edə bilib: “Aydındır ki, bu yük Er­mənistanda tamamilə satış üçün nəzər­də tutulmayıb. Üstəlik, bu, narkotiklərin tranziti ilə bağlı nə birinci haldır, nə də sonuncu olacaq. Ölkə narkoticarət zona­sına çevrilib. Bundan yerli narkobaronlar da istifadə edirlər. Ümumilikdə, indiki si­yasi elitanın hakimiyyəti illərində alnız iki sahədə – narkotik ticarəti və oyun bizne­sində kəskin artım olub.

***

Parlamentdəki müxalifətçi “Hayas­tan” fraksiyasının deputatı Andranik Tevanyan isə deyib ki, Ermənistanın milli təhlükəsizliyinə təhdidlər ölkə ətrafında gedən proseslərdən və nar­kotiklərin dövriyyəsinin artmasından irəli gəlir. 

Onun sözlərinə görə, hazırda Er­mənistanda faktiki olaraq 1,4 ton ko­kain dövriyyəsi var ki, bu da 1 milyard dollardan çox vəsait deməkdir: “Bunun hakimiyyətlə əlaqəsi olmaya bilməz. Əs­lində, Ermənistan hakimiyyəti narkoma­fiyaya çevrilib. Bunu iddia etmək üçün ciddi əsaslarımız var. Düşünmürəm ki, Ermənistanda kimsə hakimiyyətlə əl­bir olmadan 1 milyard dollarlıq dövriyyə təmin edə bilsin. Hakimiyyətlə heç bir əlaqəsi olmayan şəxs belə riskli addım ata bilməzdi. Üstəlik, bunun yeganə hal olub-olmadığını bilmirik. Burada sual ya­rana bilər ki, Nikol Paşinyan və onun ət­rafı 1 milyard dollardan çox pulu haradan əldə ediblər? Biz buna aydınlıq gətirilmə­sini tələb edirik”.

Tevanyan xatırladıb ki, Ermənistan Şəhərsalma Komitəsinin keçmiş rəh­bəri Vaaqn Vermicyan bir müddət əvvəl sement adı ilə ölkəyə kokain gətirildiyini bəyan edib və bundan sonra həbs edilib: “Bəyan edirdilər ki, korrupsiya yoxdur. Amma indi faktiki olaraq gömrük orqan­larından öyrənirik ki, banan adı ilə bir ton narkotik qaçaqmalçılıq yolu ilə gətirilib. Bu, o deməkdir ki, Paşinyanın sistemli korrupsiyanın aradan qalxması ilə bağlı dedikləri yalandır”.

Stenford Universitetinin politologiya üzrə doktoru Artur Xaçikyan Ermənistan milli təhlükəsizlik xidmətinin qarşısın­da jurnalistlərə açıqlamasında deyib ki, ölkədə narkotik epidemiyası var, artıq məktəblərə, universitetlərə yayılıb, hətta orduda, yeniyetmələr arasında bununla bağlı xəbərlər var. A.Xaçikyanın sözlə­rinə görə, erməni gəncliyi məhv edilir, cəmiyyət, sözün əsl mənasında, yuxuya verilir: “Bu, böyük fəlakətdir, xalqımızın sonunu gətirə biləcək hərəkətdir”.

Xaçikyan “Külli miqdarda narkotik maddənin Ermənistana gətirilməsi ilə ha­kimiyyətin əlaqəsi varmı?” sualına ikibaş­lı cavab verib: “Bu fenomenə qarşı daha kəskin mübarizə aparılsa, yaxşı olardı. Bunun hər yerdə yayıldığını hamımız bilirik”. O əlavə edib ki, rəsmi rəqəmlərə görə, Ermənistanda narkotikdən istifadə 95 faiz artıb.

Qeyd edək ki, Ermənistanın cari ildə hərbi xərcləri 47 faiz artaraq ilk dəfə 1 milyard dolları keçib. Rəsmi İrəvan silah alqı-satqısına dair son vaxtlar Hindistanla müqavilələr imzalayıb. İqtisadi imkanları zəif bir ölkənin bu sövdələşmə üçün vəsa­iti haradan əldə etdiyi ekspertlər arasında müzakirə olunurdu. Zənnimizcə, narkotik qaçaqmalçılığından Ermənistanın böyük pullar qazanmasının aşkara çıxması bu məsələyə də aydınlıq gətirmiş oldu.

İlyas HÜSEYNOV,
politoloq

Ermənistan uzun müddətdir ki, qeyri-leqal biznesin dövriyyəsində əsas ölkələrdən biri hesab olunur. Xü­susilə vurğulamaq lazımdır ki, narkotik vasitələrin dövriyyəsi Ermənistanda geniş vüsət alıb. Kokain qalmaqalı isə nəinki Hayastanda, böyük bir coğra­fiyada rezonans doğurub. Çünki külli miqdarda narkotikdən söhbət gedir. Digər tərəfdən, qeyd etmək lazımdır ki, Rusiyaya tətbiq olunan sanksiya­lardan yayınmaq bu gün Ermənis­tanda əsas gəlir mənbəyidir. Haylar dövlət büdcəsinin gəlirlərini elə bunun hesabına təmin edirlər. Bu məsələ də artıq ABŞ tərəfindən diqqətə alınır.

Bir müddət öncə baş nazir Nikol Paşinyanın ailəsinin adı siqaret qal­maqalında hallanmışdı. Siqaretdən əldə olunan gəlir birbaşa onun ailəsinə yönəlirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan hazırda qey­ri-leqal bizneslə və qeyri-rəsmi dövriy­yə ilə məşğul olur. Bununla da özünün şəxsi vəsaitini dəfələrlə artırır. Belə bir təəssürat formalaşır ki, bu, onun üçün adi bir haldır. Ermənistanda hakimiy­yəti mənimsəyən bu şəxsin öz varida­tını getdikcə artırması açıq-aydın hiss olunur. Belə böyük narkotik partiyası­nın ölkəyə keçirilməsi rəsmi dairələrin, siyasi elitadakı şəxslərin razılığı olma­dan baş verə bilməzdi.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət