Məğlubiyyətdən dərs almayanlar

post-img

Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək. Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasəti­miz, müzəffər Ordumuz cavab verəcək.

Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətindən.

2023-cü ildə özünün hərbi büdcəsini 47 faiz artıraraq ilk dəfə 1 milyard dolları keçən Hayastan ordunu silahlandırmaqla məşğuldur. Rusiya hərbi texnikasına artıq güvənməyən rəsmi İrəvan axtardığı silah-sursatı uzaq Hindistanda tapıb və Dehli ilə üçillik müqavilə imzalayıb. 

Sülhə gəlməyə tələsməyən, danı­şıqlar prosesini süni şəkildə uzadan və bununla vaxt udmağa çalışan Hayastan başbilənləri, deyəsən, Azərbaycana qar­şı yeni hərbi əməliyyatlara getmək pla­nından əl çəkməyiblər. Görünür, iki il altı ay bundan əvvəl qazandığımız Qələbə sayəsində bölgədə yaratdığımız yeni re­allığı həzm edə bilməyən daşnaklara bir hərbi dərs kifayət etməyib. Rəsmi Bakı­nın xoşməramlı addımlarını, sülh təklif­lərini sağlam məntiqlə dəyərləndirmək əvəzinə, İrəvanın baş vurduğu “hərbi fəaliyyət taktikası” ona dəlalət edir ki, haylar 44 günlük müharibədəkı acı məğ­lubiyyətdən nəticə çıxarmayıb. Bu, azmış kimi, İrəvandan revanş çağırışları, yeni müharibəyə hazırlığın anonsları eşidilir.

İrəvan Rusiya silahına alternativ tapıb

Həm 2020-ci ilin 27 sentyabrına qədər, həm 44 günlük savaşda, həm də postmüharibə dövründə silah tə­darükü ilə bağlı öhdəlikləri yerinə yetirmədiyinə görə Rusiyanı ittiham edən Paşinyan hökuməti ölkəyə silah idxalının qarşısını aldığına görə Azər­baycanın ünvanına hədyanlar yağdı­rırdı. Nəhayət, Paşinyanın komandası axtardığı silah-sursatı Hindistanda tapıb. Artıq yerli mediaya bu barədə məlumatlar sızdırılıb. Dehli və İrəvan arasında silah tədarükünə dair müqa­vilənin imzalandığı faktdır. Hayların mətbuatı Hindistanın “The Economic Times” nəşrinə istinadla, hətta, bu hər­bi sövdələşmənin bəzi detallarını açıb. İrəvanla Dehli arasında hərbi müqavilə keçən il sentyabrın əvvəllərində imza­lanıb. Razılaşmaya əsasən, Hindistan yaxın 3 ildə Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Burada söhbət əsasən “Pinaka” raket sistemlərinin və onlara sursatın, eləcə də tank əleyhinə qurğuların satışından gedir. 

Ermənistana satılacaq silah növ­ləri barədə Hindistan mediası da bəzi materialları yayımlayıb. Məlumatlara görə, yaxın üç ildə Ermənistana dəyəri 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları tədarük ediləcək. Mərmisi­nin yiv ölçüsü 155 mm olan özüyeriyən topların atış məsafəsinin 48 kilometrə çatdığı, dağlıq şəraitdə sınaqdan çıxa­rıldığı və Hindistan ordusunun arsena­lına qəbul edildiyi deyilir.

Cənublu “qardaşından” isə PUA-lar alır 

Son vaxtlar Ermənistanın qonşu İranla hərbi əməkdaşlığı genişləndir­diyi də gizlədilməsi mümkün olmayan faktdır. Yenə yerli medianın verdiyi məlumata görə, İrəvan İranla pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə bağlı razılığa gəlib. Tehran, həmçinin Ermənistan ordusu üçün zabit kadr­ların hazırlanması işində də dəstək verir. 

Bəs Ermənistan kimi kasıb ölkə xaricdən bahalı silahları hansı vəsaitlə alır? Axı bu ölkənin maliyyə durumu­nun bahalı silah müqavilələri imzala­mağa imkan vermədiyini hərbi deyil, mülki ekspertlər də çox yaxşı bilirlər. Otuz il uzanan işğalçılıq siyasətinin iş­ğalçı Ermənistana heç bir fayda gətir­mədiyi də məlumdur. Son məlumatlara görə, Hayastanın xarici borcu ümumi daxili məhsulun təxminən 60 faizinə bərabərdir. Cənubi Qafqazda ən bər­bad iqtisadiyyata və ən kiçik büdcəyə malik bir ölkənin silah almağa həvəs­lənməsi absurd görünür. Ehtimallara görə, Ermənistan silah sövdələşmə­sində də xaricdən gələn qrantlara və erməni lobbisinin maliyyə dəstəyinə ümid bəsləyir. Ümumiyyətlə, bu ölkə­də özgələrinin hesabına yaşamaq və dövləti idarə etmək bir növ ənənə ha­lını alıb – ən zəruri xərclər belə xarici ianələr hesabına maliyyələşdirilir ki, bu da məqbul variant sayıla bilməz.

Hayastan yeni hərbi dərs üçün darıxıb?

Son vaxtlar Hindistandan və İran­dan silah-sursat tədarükünü güclən­dirən, Fransanın İrəvandakı səfirliyi xətti ilə yeni hərbi yardım layihəsinə baş vuran Ermənistanın müharibə ha­zırlıqları aşkar görünməkdədir. Onun 2023-cü il üçün müdafiə büdcəsini 47 faiz artırması, hərbi xərclərə ilk dəfə 1 milyard dollar ayırması heç də İrəvanın sülh məramından xəbər vermir. Üstəlik demoqrafik fəlakətdən əziyyət çəkən ölkədə bu arada səfərbərliklə bağlı tədbirlər görülür. Kişilərin, xüsusən də gənclərin ölkədən çıxmasına qoyulan məhdudiyyətlər daha da sərtləşdirilir. “Hraparak” qəzeti yazır ki, son vaxtlar 48 yaşa qədər kişilər təlim toplanışla­rına çağırılır. Nəşr açıq şəkildə bildirir ki, təcili təlimlər Hayastanın müharibə hazırlığı ilə bağlıdır. 

Əslində, İrəvanın Hindistan və İrandan silah tədarük etməsi faktının özü onun ordusunun beynəlxalq stan­dartlara cavab vermədiyini söyləməyə əsas verir. Amma Hayastan heç vaxt iriçaplı silah alıcısı rolunda olmayıb, buna imkanı çatmayıb. Həm də bu sə­bəbdən Paşinyan hökuməti dünyanın nüfuzlu silah istehsalçıları sırasında yer almayan Hindistanla və İranla söv­dələşməyə üstünlük verir. İrəvan bu iki “qardaşı” ilə əvvəllər də silah alış-verişi edib. 

Fəqət Hayastan hakimiyyətinin unutduğu vacib məqamlardan biri də Azərbaycan Ordusunun malik olduğu gücdür. Onların bu gücü bir neçə dəfə öz üzərlərində hiss etmək şansı olub. Aprel döyüşlərini, Günnüt və Tovuz əməliyyatlarını buna missal göstər­mək olar. Amma haylar ordumuzdan ən böyük dərsi Vətən müharibəsində aldılar. 300-dən çox yaşayış məntəqə­si döyüş nəticəsində işğaldan azad edildi. Silahın qüdrətindən, milli ruhun iradəsindən yoğrulan “dəmir yum­ruğ”un dadını görən yağı Ağdam, Kəl­bəcər və Laçın rayonlarını isə döyüş­süz təslim etdi. 

Bu gün Azərbaycan Silahlı Qüv­vələri dünyanın 50 ən güclü ordusu sırasında yer tutur. Dövlət başçısının birbaşa tapşırığı və idarəçiliyi ilə post­müharibə mərhələsində ordunun təc­hizatı daha da möhkəmləndirilib. İndi Azərbaycanın Müzəffər Ordusu düş­mənin cavabını ən layiqli şəkildə ver­məyə hazırdır. 

Amma revanş götürmək xülyasına düşən hay-daşnaklar bu dəfə Azərbay­can Ordusunun cavabının iki il səkkiz ay əvvəllə müqayisədə daha sərt, “də­mir yumruğ”un zərbinin isə ömürlük olacağını unutmamalıdırlar. 

Şair RAMALDANOV, 
ehtiyatda olan polkovnik

Həmişə olduğu kimi, Ermənis­tanın hərbi-siyasi rəhbərliyi bu gün də konstruktiv mövqe tutmaq istə­mir, yenə hansısa miflərə inanmaqla məşğuldur. 

Son zamanlar rəsmi İrəvanın bəzi ölkələrlə hərbi müqavilələr bağ­laması ilə bağlı məlumatlar yayılır və hətta real nəticələr var. Artıq Fransa, Hindistan və cənub qonşumuz İran bu sövdələşmələrdə iştirak edirlər. Bu yöndə fəaliyyət daxildəki revan­şist qüvvələrin fəallaşmasına və Ha­yastanın yeni müharibə barədə dü­şünməsinə müəyyən zəmin yaradıb. Amma Ermənistandakı praqmatik si­yasətçilər, ağıllı adamlar yaxşı bilirlər ki, ən doğru yol Azərbaycanla sülhə gəlməkdir. Bununla Ermənistanın qarşısında iqtisadi cəhətdən inkişaf etmək, sosial sahədə problemlərini yoluna qoymaq üçün perspektivlər açıla bilər. 

Xarici havadarlarının diqtəsilə bölgədə vəziyyəti gərginləşdirməyə çalışan İrəvan nə edirsə-etsin, heç nəyə nail ola bilməyəcək. Azərbay­can Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev onlara öz mesajını çatdıra­raq dedi ki, əgər istər Ermənista­nın daxilindən, istərsə də xaricdən Azərbaycan üçün hər hansı təhlükə yaranarsa, Bakı dərhal adekvat ad­dım atacaq. Bu xəbərdarlıq Hayasta­nın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, onun əcnəbi himayədarlarına da ün­vanlanıb. 

Ermənilər nə qədər kənar sifa­rişlə silahlansalar da, bununla heç nəyə nail ola bilməyəcəklər. Cənab Prezidentin siyasi iradəsi və “dəmir yumruq” hər zaman onların başının üstündə olacaq. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət