Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə mayın 19-dan 21-dək keçirilən konqresin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, ürək-damar xəstəlikləri kimi problemlərin ölkəmizdə aktuallığını, Prezident İlham Əliyevin konqres ilə bağlı məktubunun bu sahənin vacibliyinin ən bariz nümunəsi olduğunu qeyd edib. “Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdirilməsində rolundan danışıb: “Ulu öndər ilk dəfə hakimiyyətə gəldiyi gündən tibbi kadrların yetişdirilməsinə böyük önəm verib. Mən də həmin şanslı gənclərdən olmuşam. Bu gün bir çox xəstəxanaların rəhbərliyində, tibb universitetinin qocaman müəllimləri arasında məhz Heydər Əliyev sayəsində xaricdə təhsil alan həkimlər var”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev tibb elminin sürətlə inkişaf etdiyi dövrdə əcnəbi mütəxəssislər tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və sözügedən sahədə yeniliklərin müzakirəsinin vacibliyini vurğulayıb:
Səhiyyə nazirinin müavini Rasim İsmayılov Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirib ki, Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında ümummilli liderin rolu əvəzolunmazdır. Nazir müavini qeyd edib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov konqresin azərbaycanlı həkimlərə dünyanın qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı yaratdığını deyib.
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin fəxri qonağı, vaxtilə Klivlend klinikasında ulu öndərin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev konqresin keçirilməsində əsas məqsədin Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yenilikləri müzakirə etmək olduğunu deyib. O, qeyd edib ki, konqresdə 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edir və konqresin rəsmi açılış mərasimindən sonra ürək-damar xəstəlikləri, onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, konqres elmi hissə ilə davam edir.