XİN: Brüssel görüşünü faydalı hesab edirik

post-img

“Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edirik”. XİN-in Brüssel görüşünün yekunları barədə bu şərhinin davamında bildirilir:

“İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda gö­rüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. 

Görüş zamanı Azərbay­can və Ermənistan arasında ikitərəfli sülh sazişi layihə­sinin razılaşdırılması, sər­hədlərin delimitasiyası və kommunikasiyaların bərpa­sı istiqamətləri üzrə konk­ret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir müba­diləsi aparılıb. 

Azərbaycan tərəfinin regionda sülh və sabitli­yin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, döv­lətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edil­məsi müstəsna əhəmiyyət kəsb edir.

Görüş, həmçinin mü­naqişədən sonrakı normal­laşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə, itkin düşmüş şəxs­lərin taleyinə aydınlıq gəti­rilməsi və minasızlaşdırma sahələrində addımlar atıl­masının sürətləndirilməsinin vacibliyi bir daha vurğula­nıb. 

Azərbaycan və Ermə­nistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri­nin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdı­rılmasının regionda davam­lı sülh və sabitliyin təmini üçün yeganə yol olduğunu bəyan edirik.

Bu istiqamətdə müna­sibətlərin normallaşması üçün tərəqqi əldə edilmə­sinə dəstək verən səyləri alqışlayır, bu məqsədi gü­dən beynəlxalq tərəfdaş­larla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”. 

“Xalq qəzeti”

Siyasət