“Brüssel formatı”: Avropa təşəbbüsü və Cənubi Qafqazda sülh mesajı

post-img

Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə dörd saata qədər davam etmiş görüş keçirildi. Bakı–İrəvan nizamlanmasının “Brüssel formatı” kimi qiymətləndirilən vasitəçilik missiyasının bərpası, ümumən Cənubi Qafqazda sülh gündəliyinin aktuallaşması baxımından vacibdir. Ölkəmizin Xarici İşlər Nazirliyinin də görüşə münasibəti mövcud məqamın vurğulanmasına əsaslanmaqdadır: “İlk növbədə, müxtəlif müdaxilə və şərtləndirmə cəhdlərinə görə 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir”.

Yada salaq ki, 9 ay əvvəl “Brüssel formatı” Fransanın aşkar ermənipərəst mövqeyi səbəbindən iflasa uğramışdı və indi də bu mövqedə hər hansı dəyişiklik yoxmuş kimi görünməkdədir. Ancaq, çox güman ki, hazırda Ş.Mişelin vasitəçiliyi ilə format bərpa edilirsə, deməli, Aİ prob­lemə yanaşmasındakı Fransa patronajlı­ğını bir kənara qoyub. Bu tendensiya nə vaxtadək özünü göstərəcək, yaxud Paris yenidən aşkar tərəfkeşliyə keçməyəcək ki? Gedişatı zaman göstərəcək. 

Hələlik isə görüşün konstruktivliyini vurğulamaq mümkündür. Bunu Azərbay­can XİN-in münasibətindən də görmək mümkündür: “Avropa İttifaqı Şurasının prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənis­tanın baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irə­lilədilməsi baxımından faydalı və nəticə­yönümlü hesab edirik”.

***

Görüşün müsbət məcrasını vurğula­yan məqamlardan biri də tərəflərin Azər­baycan–Ermənistan əlaqələrinin nor­mallaşmasında indiyədək əldə edilmiş tərəqqiyə fokuslanmaları və liderlərin Cə­nubi Qafqazda sülhə ümumi istəklərini ifa­də etmələridir. Bu isə Ş.Mişelin sözlərinə görə, hər iki ölkənin xarici işlər nazirlərinin Vaşinqton danışıqlarından irəli gəlir: “Mən onların səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzər­dən keçirdik. Sülh müqaviləsi ilə bağlı bu yaxınlarda ABŞ-də keçirilmiş pozitiv danı­şıqların ardınca Ermənistan və Azərbay­can arasında hərtərəfli sülh razılaşması­nın imzalanması istiqamətində həlledici addımların atılması üçün qazanılmış im­puls saxlanılmalıdır”. 

Vaşinqtondan söz düşmüşkən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson ölkəmizin Xarici işlər nazi­rinin müavini Elnur Məmmədovla tele­fon danışığı zamanı bildirib ki, bölgədə sülh və sabitlik üçün sülh sazişinin im­zalanması zəruridir. E.Olson, həmçinin ABŞ-nin Azərbaycan və Ermənistan ara­sında ikitərəfli əsasda aparılan danışıqla­ra dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, “Brüssel formatı”nın bərpasından məmnunluq Azərbaycan Prezidenti İlham Əliyevlə Ş.Mişelin tək­bətək görüşündə də ifadə olunub. Döv­lətimizin başçısı Aİ Şurasının rəhbəri­nin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, regionda davamlı sülh və təhlükəsizliyin, sabitli­yin təmin olunmasına yönəlmiş səylərini yüksək qiymətləndirib. Yeri gəlmişkən, təkbətək görüşdə mayın əvvəlində Va­şinqtonda sülh müqaviləsi üzrə danışıq­lar məsələsinə də toxunulub və mövcud kontekstdə regional məsələlər ətrafında müzakirə aparılıb. Həmçinin üçtərəfli gö­rüşün gündəliyinə aid başqa məqamlara nəzər salınıb, Ermənistan tərəfindən iki ölkənin sərhədində Kəlbəcər istiqamətin­də törədilmiş məqsədyönlü təxribatlar da gündəmə gətirilib.

Ş.Mişelin N.Paşinyanla təkbətək gö­rüşünə gəlincə, bildiririk ki, Nikolun Avro­pa auditoriyasına fərqli görünmək üçün İrəvanın tır sürücülərinə bənzər geyimi ilə diqqət çəkən təmas barədə Ermənis­tanın Nazirlər Kabineti məlumat yayıb. Məlumatda tərəflərin regiondakı vəziy­yəti müzakirə etdikləri, Paşinyanın La­çın–Xankəndi yolundakı şərti sərhəddə Azərbaycana məxsus nəzarət-buraxılış məntəqəsinin qurulmasından, adəti üzrə, şikayətləndiyi önə çəkilib. Görüşdə, habelə, Moldovanın paytaxtı Kişinyov­da beştərəfli formatda, yəni Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezi­denti Emmanuel Makronun da iştirakı ilə təmasın gerçəkləşdirilməsinin vacib­liyindən danışıldığı vurğulanıb. Görünür, Aİ Şurasının rəhbəri əvvəlcədən bilinən beştərəfli görüşü Paşinyanın şikayətlə­rinə nikbinlik ovqatı gətirmək üçün yada salıb. Təxminən belə: dərdini həm də on­lara (Makrona və Şoltsa – red.) de. 

Ancaq məlumdur ki, Nikolun dərdini Fransa Prezidentinə söyləməsi xoşagəl­məz nəticələr doğurur. Axı, Ş.Mişelin 9 ay öncəki missiyası, məhz buna görə ifla­sa uğramışdı. Görünür, Aİ Şurasının rəh­bərinin təşəbbüsünə Almaniya Kanslerini də əlavə etməsi keçmişin xoşagəlməz təcrübəsinə qayıdılmaması üçündür. Ola bilər, Şoltsu görüşə qatmaq Makronun mümkün tərəfkeşliyinə qarşılıq atılmış addımdır. Üstəlik, Avropa tənzimlənmə­sində Fransa tək deyil, Aİ-nin mühüm siması Almaniya ilə birlikdədir – məntiqi də var. 

***

Ümumən, mayın 14-də keçirilmiş üçtərəfli görüş bir neçə vacib özəlliklərə malikdir. Bu baxımdan Ş.Mişelin mətbu­ata açıqlamasında söylədiklərinin üzərin­də dayanmaq mümkündür. Məsələn, Aİ Şurasının rəhbəri təmsil etdiyi qurumun fəaliyyətinin davamlılığına toxunaraq, onun hər hansı gizli gündəliyinin yoxluğu­nu və məqsədinin sülh olduğunu vurğula­yaraq bildirdi ki, tərəflər iyulda Brüsseldə yenidən bir araya gələcəklər: “Biz onla­rın birgə səylərinə töhfə verməyə davam edəcəyik”.

Ş.Mişelin açıqlamasındakı digər məqama diqqət yetirək: “Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ya­şayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ic­timaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştiraka təşviq etdim. Mən, həmçinin Bakı ilə bu əhali arasında şəffaf və konstruktiv dialoq aparılmasına olan ehtiyacı vurğuladım”. 

Bu iqtibasdan belə nəticəyə gəlmək mümkündür ki, Ermənistanın hakim da­irələrinin, eləcə də ayrı-ayrı siyasi çev­rələrinin zaman-zaman qaldırdıqları Qa­rabağ ermənilərinin hüquq və vəzifələri məsələsi Avropa nizamlaması üçün prioritet deyil. Çünki Ş.Mişel mövcud istiqamətdə “Azərbaycanın beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu”nu irə­li sürür. Bu, o deməkdir ki, Ermənistan, heç bir halda, Qarabağ erməniləri ilə bağlı nəyəsə iddia edə bilməyəcəkdir. Əlbəttə, bu məhrumiyyət hələ heç də o demək deyil ki, beynəlxalq ictimaiyyət ölkəmizə erməni kəsimlə əlaqədar hansı­sa məsələni sırımağa cəhd göstərməyə­cəkdir. Ancaq, həm də 14 may görüşünə görə cavab arqumentlərimiz olacaq. Eyni zamanda, nəzərə alaq ki, Bakı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına, kifayət qədər, səmimi yanaşıb və yanaşmaqdadır. Deməli, üç­tərəfli görüşdə ölkəmizin bu mövqeyi də əsas götürülüb. Buyurub Qarabağ ermə­nilərinə yanaşmamızdakı pozitiv məqam­lara tamaşa edə bilərlər... 

Daha bir məqama diqqət yetirək. Azərbaycan və Ermənistan liderlərinin az əvvəl haqqında söz açdığımız Kişineu sammitində (Fransa Prezidenti Makron və Almaniya Kansleri Şoltsla birlikdə 2-ci Avropa Siyasi İcması Sammiti) yenidən bir araya gələcəklərini, həmçinin onları oktyabrda Qranadada keçiriləcək 3-cü Avropa Siyasi İcması Sammiti çərçivə­sində görüşə dəvət etdiyini xatırladan Ş.Mişelin vurğulamaq istədiyi başlıca məqam Avropanın sülh səylərinin ardıcıl qrafikə əsaslanmasıdır. Bu fikirdən hazır­kı status-kvonu saxlamaqla, Ermənistanı qorumaq məntiqi də boylana bilər. 

Digər tərəfdən, Aİ rəsmisinin söylə­diklərində Qərb tənzimləməsini ardıcıllıq trayektoriyası subliminal şəkildə Rusi­yanın vasitəçilik səylərinə qarşı qoyulur. Başqa sözlə desək: Qərb aktivdir, Rusiya yox. Yeri gəlmişkən, “Brüssel formatı”nın bərpasına Kremldən də reaksiya gə­lib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkəsi iki il əv­vəl imzalanmış üçtərəfli Bəyanatın mən­tiqinə sadiqdir. Buradan “siz nə edirsiniz edin, əsas bizim dediyimizdir” deyimi də nəzərə çarpmaqdadır: "Biz ondan çıxış edirik ki, üçtərəfli razılaşmalar hələ də nizamlanma üçün mübahisəsiz əsasdır və nizamlanmaya nail olmaq üçün biz üçlüyün əldə etdiyi razılaşmaların həyata keçirilməsi yolu ilə getməliyik". 

***

Qayıdaq mətləbə. “Brüssel formatı” çərçivəsində toxunulan məsələlərdən biri də regionda kommunikasiyaların açılma­sıdır. Ş.Mişelin mövzuya dair söylədik­ləri maraq doğurmaqdadır. O bildirib ki, məsələ ilə bağlı mövqelər bir-birinə çox yaxınlaşıb. Xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələ­rinin yenidən açılmasına yanaşmada: “Onlar (Azərbaycan və Ermənistan li­derləri – red.) komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar, həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”. 

Göründüyü kimi, üçtərəfli görüş­də Azərbaycan üçün prioritet olan bu məsələnin üzərində xüsusi dayanılıb. Burada vacib məqam Naxçıvana gedən yolun statusudur. Məlum olduğu kimi, ölkəmiz üçün Zəngəzur dəhlizi məntiqi var. Ermənistan isə bunu qəbul etmir. O zaman Ş.Mişelin Ümumdünya Gömrük Təşkilatının dəstəyindən faydalanmağa dair fikri necə izah edilə bilər? Təşkilat tərəfindən dəhliz üçün hansısa fərqli sta­tus təklif olunacaq? Hər halda, söhbətin ənənəvi sərhəd-buraxılış məntəqəsindən getmədiyi aydın görünür. 

O da məlumdur ki, ölkəmizin Zən­gəzur dəhlizi məntiqi Azərbaycanın di­gər ərazilərini Naxçıvanla birləşdirən yolun qlobal məramından irəli gəlir. Bu yanaşmada həmin yolun təhlükəsizlik təminatında Ermənistana etimad göstə­rilməsindən uzaq durulması aşkardır. Görünür, sözügedən uzaqlıq dəst-xətti Avropa tərəfindən də qəbul edilir. Ancaq Paşinyana daxili auditoriya qarşısında cavab vermək üçün istinad lazımdır. Çox güman ki, Ümumdünya Gömrük Təşkila­tı, məhz, buna görə dövriyyəyə gəlmək­dədir. Hər halda, mövzu müzakirə üçün açıq təsir bağışlamaqdadır. 

“Brüssel formatı” çərçivəsindəki görü­şün ən mühüm nəticəsinə keçid almaz­dan əvvəl orada qaldırılan məsələlərdən birinə də diqqət yetirməyi zəruri sayırıq. Söhbət hər iki tərəfdə saxlanılan şəxs­lərin azadlığa buraxılmasından gedir. Görüş zamanı həmin şəxslərin qarşıdakı həftələrdə azadlığa buraxılmalarına dair anlaşmanın əldə edildiyini diqqətə çat­dıran Ş.Mişel məsələyə baxışını bu cür əsaslandırıb: “Mən həmçinin, sadəcə olaraq, azaraq sərhədi qarşı tərəfə keç­miş əsgərlərin sürətli prosedurlarla azad edilməsinin davam etməsinə dair qarşı­lıqlı anlaşmanın qorunmasına ehtiyacı vurğuladım. Biz, həmçinin itkin düşmüş şəxslərin taleləri və minaların təmizlən­məsi işlərinin sürətləndirilməsinin vacib­liyini müzakirə etdik”.

***

İndi isə keçək üçtərəfli görüşün ən əhəmiyyətli hissəsinə. Məlumdur ki, Er­mənistan “Brüssel formatı” çərçivəsində ötən ilin oktyabrında keçirilmiş Praqa Sammiti zamanı Azərbaycanın ərazi bü­tövlüyünü tanımışdı. Eləcə də Azərbay­can Ermənistanın. Ancaq sonradan İrə­vanın hərəkət və davranışlarından belə nəticəyə gəlindi ki, bu tanınma üçün Qa­rabağ amili, bir növ, siyasi oyundur. Yəni, Ermənistan ərazinin kimə məxsusluğunu şübhələndirməkdə israrlı göründü. Ma­yın 14-də keçirilmiş görüşün nəticəsi isə gələcəkdə mövcud müstəvidə manipul­yasiyalara imkan və şərait tanımır. Belə ki, Azərbaycan Prezidenti Ermənistanın 29800 kvadratkilometr, N.Paşinyan isə ölkəmizin 86600 kvadratkilometrlik əra­zi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər. “Sərhədlərin yekun deli­mitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək”, – deyən Aİ Şurasının rəhbəri Ş.Mişel hər iki liderin 1991-ci il Alm-Ata Bəyannaməsinə söykəndiklərini vurğula­yıb. 

Məsələnin məhz bu formada konkretləşməsi həm də ona görə vacib­dir ki, Paşinyan indiyədək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ölkəmizin isə Ermənistanın 29800 kvadratkilometr ərazisini tanımalı olduğunu vurğulayır­dı. O, bilərəkdən 86600 kvadratkilometr sözünü dilinə gətirmirdi. Erməni tərəfi, hətta, indiki Brüssel danışıqlarında da 1975-ci ilin xəritələrinin qeyd olunmasına çalışıb, lakin alınmayıb. Əsas Alm-Ata Bəyannaməsidir və bu sənəd, artıq, spe­kulyasiyalar üçün tam bağlıdır. 

***

Sonda qeyd edək ki, indiyədək “Brüs­sel formatı” çərçivəsində keçirilmiş gö­rüşlər, mövcud xüsusda Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyası Azərbaycan üçün uğurlu nəticələr verib. Mayın 14-də keçirilmiş görüş də uğur ənənəsinin davamı baxımından qiymət­ləndirilməlidir. Nəzərə alsaq ki, bu format çərçivəsində yaxın gələcəkdə Azərbay­can və Ermənistan liderləri daha iki dəfə üz-üzə gələcəklər, həmin təmasların məhsuldarlığına da inanmaq mümkün­dür. 

Əlbəttə, başlıca gözləntimiz sülhlə bağlıdır. Belə görünür və bəyan edilir ki, dünyanın da gözləntisi budur. Ancaq onu da nəzərə almalıyıq ki, gözləntinin özünü doğrultması Ermənistan hakimiyyətinin hərəkətlərindən, qətiyyət və iradəsindən asılıdır. Paşinyan administrasiyası sülh gündəliyinə, xüsusən də “Brüssel forma­tı”nın verdiyi nikbinlik ovqatına nə dərə­cədə adekvat davranacaq, bunu əlahəz­rət zaman göstərəcək. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət