Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında Vaşinqtonda dörd gün davam etmiş danışıqlar marafonu ilə bağlı müxtəlif fikirlər var. Mövcud istiqamətdə bir sıra müsbət impulslar hər iki ölkə cəmiyyətinə gəlib çatsa da, konkret hansı məsələlərdə irəliləyişin əldə olunduğu məlum deyil. Əlbəttə, açıqlanması hələlik məqbul görünməyən cəhətlərin olması təbiidir. Hər bir halda, əminliklə söyləmək mümkündür ki, Arlinqton raundu özlüyündə Birləşmiş Ştatların sülh nizamlanmasında mühüm halqanı təşkil etdi. Ən əsası isə Vaşinqtonun prosesə yanaşmasında səmimiyyət faktoru nəzərə çarpır ki, bu da son dərəcə vacibdir. Bəli, Ağ ev Cənubi Qafqaz regionu ilə bağlı özünün qlobal maraqları kontekstində, kifayət qədər, səmimi görünür. Dördgünlük danışıqlar üçün evsahibliyi də bundan qaynaqlanır. Azərbaycan cəmiyyəti məsələyə dəyər verir və bu səbəbdən də nikbindir.
ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin “çətin məsələlərin həllində mühüm irəliləyiş əldə edilib” kimi açıqlaması var. Əgər, irəliləyiş varsa, onun detalları ilə Bakı razıdır və sözündən geri dönən deyil. Bəs, Ermənistan necə, geri çəkilməyəcək ki? Bu sual, ritorik anlamda, görüş başa çatdıqdan dərhal sonra gündəmə gəldi və şübhələrin özünü doğrultması üçün çox gözləməyə ehtiyac qalmadı.
Hazırda Ermənistanın ictimai rəyindəki diskussiyalar da sualı aktuallaşdırmaqdadır. Belə görünür ki, İrəvanın siyasi dairələri Vaşinqton prosesinin əhəmiyyətini heçə endirməyə başlayıblar. Ehtimal etmək mümkündür ki, bu taktika danışıqlarda əldə edilmiş kövrək nəticələrlə razılaşmamaq üçün vasitədir. Hər halda, indiyədək keçilmiş yol var. Yəni, 44 günlük müharibədən sonra Ermənistanın vacib məqamlarda geri durması ilə bağlı yarıtmaz təcrübə hər kəsə yaxşı məlumdur.
***
İlk baxışdan düşünülə bilər ki, Vaşinqton danışıqlarının əhəmiyyətinə kölgə salmaq cəhdləri baş nazir Nikol Paşinyandan narazı kəsimin hakimiyyətin hər addımına qarşı çıxmaq əzmidir. Ancaq problemin qoyuluşu fərqli ovqat yaradır. Məlum olur ki, söhbət, heç də anti-Paşinyan ritorikasına əsaslanmayıb.
Məsələn, erməni siyasilər bildirirlər ki, Qərbyönümlü ekspertlərin yaratdıqları yüksək gözləntilərin əksinə olaraq, münaqişə tərəfləri intensiv danışıqlardan geri çəkildilər. Onların fikirlərinə görə, Blinkenin bəlağətli bəyanatı Ermənistanın və Azərbaycanın diplomatik komandalarının danışıq konstruktivizmi ilə bağlı ümumi ifadələrlə məhdudlaşdı. Sanki, dövlət katibinin “əhəmiyyətli irəliləyiş” ifadəsi sabun köpüyü imiş.
Bəli, İrəvan dairələri ən həssas məsələlərdə əsas fikir ayrılıqlarının qaldığını vurğulamağa fokuslanıblar. Baxmayaraq ki, Blinken sülh sazişinin uzaq olmadığını bildirmişdi. Bu yerdə onu da xatırladaq ki, Ermənistan XİN Vaşinqton danışıqlarında müzakirəyə çıxarılmış “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə müəyyən ortaq nöqtələrin mövcudluğunu bildirsə də, bəzi əsas məsələlərdə fərqli düşüncələrin qaldığını daha çox qabartmaqdadır.
Əlbəttə, İrəvanın əsas xarici siyasət idarəsinin mesajında təfərrüatlar dəqiq göstərilmir. Ancaq məlumdur ki, problemlərdən biri Rusiya sülhməramlılarının himayəsindəki Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dair məsələlərdir. Azərbaycan sülh sazişində Qarabağ erməniləri ilə bağlı hər hansı müddəanın yer almasına prinsipial şəkildə razı deyil. İrəvan isə daxili ictimai rəyə Qarabağ avantürasının davamlılığını sırımağa çalışır. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Praqaya səfəri zamanı “Azadlıq” radiosuna verdiyi müsahibədə də məsələyə toxunub: “Əsas fikir ayrılıqları Dağlıq Qarabağa aiddir, lakin təkcə bu deyil”.
Paşinyan həmin müsahibəsində, eyni zamanda, bildirib ki, hər bir razılaşmada, hətta, birmənalı şəkildə yazılmış müqavilədə də şərhlər yaranır. “Sual olunur: Bu yozumlar necə həll edilməlidir? Bu, çox vacib məsələdir. Axı sülh müqaviləsi imzalanandan sonra sənədin icra mexanizmi var. İstər beynəlxalq, istərsə də yerli mexanizmlər nəzərə alınmalıdır. Xüsusən də qoşunların çıxarılması (Ermənistan və Azərbaycan sərhədindən - red.) ilə bağlı bizim demilitarizasiya zonamız olmalı deyilmi?”, – deyən erməni baş nazir Qarabağ ermənilərinin hüquqlarına dair məsələnin həllindəki uyğunsuzluqları belə qiymətləndirib: Müəyyən hərəkət var, əgər əvvəllər tərəflərin mövqeləri arasında fərq 1 kilometr idisə, indi 990 metrdir.
Paşinyanın Vaşinqton danışıqlarının nəticələrinə alleqorik şərhindən belə məlum olur ki, dördgünlük intensiv danışıqlar və maksimum diplomatik səylər zamanı tərəflər mövqe yaxınlığı baxımından bir-birinə yalnız 10 addım yaxınlaşmağı bacarıblar. Bu, həm də İrəvanın ABŞ-ın nəhəng səylərinə verdiyi qiymətdir. Göründüyü kimi, Nikol da gələcək manipulyasiyalar üçün, necə deyərlər, əl yeri qoymaqdadır.
***
İndi isə Ermənistanın ictimai rəyində yayılmış və Vaşinqton raundunu heçə endirməyə yönəlmiş iddialara, bir qədər də konkret şəkildə nəzər salaq. Məsələn, politoloq Suren Surenyants danışıqların effektiv olmadığı fikrində israrlıdır. “Gözlənildiyi kimi, Mirzoyan-Bayramov danışıqlarının Vaşinqton raundu səmərəsiz oldu. Tərəflər, hətta, birgə bəyanat qəbul etmədilər, yalnız press-relizlə kifayətləndilər”, – deyən politoloq özünün “Vaşinqton uğursuzluğu” formulunu əsaslandırır.
Maraqlıdır ki, hazırda Ermənistanda ABŞ-dakı danışıqların əhəmiyyətini kiçiltmək yönümlü diskussiyaların episentrində Rusiya amili də dayanır. Təsəvvür edin, ilk baxışdan, anti-Rusiya ovqatına köklənmiş İrəvan siyasiləri, indi, nədənsə, Moskvanı yada salmağa girişiblər. Bu mənada politoloq Surenyants da istisna deyil. Əlbəttə, o, absurd fikir səsləndirməkdə unikaldır. Sən demə, Ermənistan güclənməli imiş ki, danışıqlar düzgün getsin: “Birincisi, Ermənistan-Azərbaycan birbaşa dialoq institutu səmərəli işləyə bilməz. Çünki İrəvanla Bakı arasında güc balansı pozulub. Azərbaycan güclüdür və öz şərtlərini İrəvana diktə etməyə çalışır. İkincisi, biz Rusiyanın siyasətini bəyənsək də – bəyənməsək də göz qabağındadır ki, Moskvanın iştirakı olmadan Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması mümkün deyil. Rusiya Cənubi Qafqazın əsas moderatorudur. Ölkə bu münaqişədə yalnız əsas vasitəçi deyil, həm də faktiki olaraq, münaqişənin tərəfi və iştirakçısıdır. Bu da 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın məntiqindən irəli gəlir. Təbii ki, deyilənlərdən belə nəticə çıxmır ki, danışıqların Moskva raundu uğurla başa çatacaq”.
Diqqət yetirək, Paşinyan Vaşinqton danışıqlarının davam etdiyi bir vaxtda, Praqada olarkən Moskvaya səfərinin anonsunu vermişdi. Deməli, erməni baş nazir manevr barədə əvvəldən düşünübmüş. O, nazirlərin ABŞ-dakı təmasını “uğursuzlaşdıraraq”, Kremlə sığınmaq yolunu planlaşdırıbmış. Deməli, Ermənistanın ictimai rəyindəki ab-hava təsadüf deyilmiş...
Bəli, erməni kütləvi informasiya vasitələri Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqların növbəti raundunun yaxın vaxtlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Moskvada baş tutacağını qabardırlar. Belə yanaşma, psixoloji baxımdan, danışıqları sıfır nöqtəsinə qaytarmağa hesablanıb. Bu, həm də ABŞ–Rusiya rəqabəti üçün, bir növ, impuls verməkdir. Əsl “məqsədi” pərdələmək yolu tutan Paşinyan, guya, bu iki güc arasındakı konseptual yanaşmalarda fərq yoxmuş kimi bildirir ki, Vaşinqtonda başlayan müzakirə Moskvada davam etdirilə bilər. Hər halda, kimə qaranlıq qalsa da, yanaşmalardakı fərq erməni baş nazirə çox yaxşı məlumdur.
İrəvanın Bakı ilə münasibətlərin nizamlanması kontekstindəki növbəti məqama, daha doğrusu, manipulyasiyaya diqqət yetirək. Ermənistan siyasiləri bildirirlər ki, iki Cənubi Qafqaz ölkəsi arasındakı nizamlanma birgə beynəlxalq səylər olmadan mümkün deyil. Onların iddialarına görə, problem Rusiya ilə Qərb arasında qlobal münaqişə və beynəlxalq xaos yaradılmaqla yoluna qoyula bilməz və belə olarsa, Ermənistanın və Qarabağın erməni əhalisinin təhlükəsizliyi baxımından risklər yaranar.
Diqqət yetirək, Fransanı bölgəyə cəlb etməklə, Rusiya ilə aşkar konfrantasiyalara getməkdən çəkinməyən və bu hərəkətlərlə özlərinin avantürist baxışlarını gerçəkləşməyə çalışanlar hazırda bölgədəki mümkün lokal xaosdan danışırlar. Görəsən, Rusiya Avropa İttifaqının Cənubi Qafqazdakı mülki missiyasını bölgədə əlavə qıcıqlandırıcılar kimi qiymətləndirəndə və məsələyə etiraz edəndə harada idilər? İndi, çətinə düşəndə yenidən Kremlə pənah aparmaq niyyətinə düşüblər. Bu niyyət daşıyıcılarından biri də Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin rəhbəri, politoloq Tiqran Qriqoryandır. O da həmkarı Surenyants kimi hesab edir ki, Vaşinqton danışıqları marafonu daha az nəticə ilə başa çatıb. Sanki, əvvəlki Rusiya vasitəçiliyi çox uğurlu imiş...
Erməni siyasilərin Vaşinqton prosesindən sonra qaldırdıqları daha bir problemə diqqət yetirək. Onlar yenə də Bakı-Xankəndi dialoqu məntiqini qabartmaqdadırlar. Nəzərə alaq ki, bu məntiq, nəinki Vaşinqton prosesinin, ümumən, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinin ruhuna tamamilə ziddir. Hər halda, Bakının belə bir absurd yanaşma ilə razılaşmayacağı tam bəllidir. Məsələyə mövcud aspekti nəzərə almadan yanaşma da onu göstərir ki, İrəvanda sülhə yaxınlaşmaq istəkləri yoxdur.
Sonda bir daha bildirək ki, Ermənistan Vaşinqton prosesini heçə saymaqla, belə demək mümkünsə, öz aləmində hansısa sıfır nöqtəsi müəyyənləşdirməklə, bir daha Azərbaycanla sülhdə maraqlı olmadığını göstərməkdədir. Azərbaycan cəmiyyəti 44 günlük müharibədən sonra sülh danışıqları ilə bağlı belə qənaətə gəlmişdi ki, İrəvan imitasiya yolu tutur və bu yol vaxt qazanmağı, yenidən güclənərək ölkəmizə qarşı aqressiv davranmağı hədəf seçib. Cəmiyyətimizin düşüncəsində haqlı olduğu yenidən təsdiqlənir.
Digər tərəfdən, Ermənistan sülh danışıqları fonunda aktivlik nümayişinin artmasının hansı zamana təsadüf etməsinə də diqqət yetirək. Nə vaxt ki, Azərbaycan kəskin addımlar atır, dialoq məsələsi o zaman aktuallaşır. 2022-ci ilin sentyabrındakı hərbi qarşıdurmadan sonra da belə oldu, Laçın-Xankəndi yolundakı sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra da. Belə çıxır ki, Ermənistanı konstruktiv mövqe nümayişi bir yana, belə mövqedə dayandığını göstərməsi üçün ancaq təzyiqlərə ehtiyac var. Amma hər şeyin də bir sonu var. Elə səbrin də.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”