Bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov dünən Vilnüsdə litvalı həmkarı Qabrielius Landsberqis ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
Litvada işgüzar səfərdə olan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan rəhbərliyini Bakı-İrəvan arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırıb. C.Bayramov litvalı həmkarı Qabrielius Landsberqislə görüşdən sonra keçirilən birgə brifinqdə qeyd edib: “Həmkarımı münaqişədən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırdım, həmçinin Azərbaycanın sülh gündəliyinin təkmilləşdirilməsi istiqamətində göstərdiyi səylərdən, o cümlədən Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların son raundundan danışdım. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, kommunikasiyaların açılması – bütün bu məsələlər də gündəmdədir”.
Həmçinin Azərbaycanın XİN başçısı sözlərinə onu da əlavə edib ki, münaqişədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylərdə zəif dinamikanın müşahidə olunmasına baxmayaraq, bütün sahələrdə, o cümlədən ikitərəfli münasibətlərin əsaslarını müəyyən edən sülh müqaviləsi layihəsi, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ümidlərimizi doğrultmayıb.
“Biz Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırırıq”, – deyən C.Bayramov ərazi bütövlüyü və suverenlik məsələlərinə də toxunub: “Hesab edirik ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasının ən yaxşı yolu ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və bir-birinin suverenliyinə hörmətə əsaslanır. Azərbaycanın bu məsələdə mövqeyi aydın, prinsipial və dəyişməzdir”.
“Xalq qəzeti”