Xankəndidə separatçı Ruben Vardanyanın rəhbərliyi ilə həyata keçirilən imzatoplama kampaniyası bu gün başa çatır. Kampaniyanın nəticələrini ictimaiyyətə açıqlayacağını bildirən Vardanyan bəzi qərarlar haqqında da cəmiyyəti məlumatlandıracağını qeyd edib. Hələlik qərarların konkret nələrdən ibarət olacağı məlum olmasa da, bütün hallarda ölkəmizə qarşı yeni təxribatlara start veriləcəyi məlumdur. Əslində, absurd imzatoplama prosesinin özü növbəti oyunbazlığın başlanğıcı hesab edilə bilər.
Vardanyan Şeyx Nəsrullah rolunda
Vardanyanın liderliyi ilə həyata keçirilən imzatoplama prosesi ilə bağlı gülünc və təxribat xarakterli məqamlardan biri separatçıların vaxtilə Qarabağda mövcud olan qondarma rejimi yenidən diriltmək, ona həyat vermək istəyi ilə bağlıdır. Kampaniyanın fəallarından olan David Bağıryan iddia edir ki, hər kəs qondarma rejimi, onun müstəqilliyini tanımalı, erməni xalqının “iradəsinə” hörmət etməlidir. Hansı ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu qurama, separatçı rejimi dəfn etdiyi, onu tarixin zibilliyinə göndərdiyi məlumdur. 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatda da nəinki Qarabağda mövcud olmuş qanunsuz rejim, ümumiyyətlə, buradakı ermənilərin statusu haqqında heç bir ifadə yer almayıb. Bu faktın özü ermənilərin vaxtilə işğalda saxladıqları ərazilərdə formalaşdırdıqları qondarma “respublika”nın dəfninin siyasi müstəvidə də təsdiqləndiyini göstərir. Belə olan halda Vardanyanın yenidən Qarabağda mövcud olmuş faşist rejimini diriltmək cəhdi separatçıların ölkəmizə qarşı təxribatlara ara vermədiyini, sülh müqaviləsinin imzalanmasına süni yolla mane olmağa çalışdıqlarını göstərir.
Əslində, İrəvanın dəstəyi ilə Vardanyanın Xankəndidə yaratmağa çalışdığı şou, yalançı “xalq etirazı” 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın kobud şəkildə pozulması deməkdir. Bu isə onu göstərir ki, Ermənistan nəinki sülh müqaviləsinin imzalanmasında maraqlı deyil, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında ilkin razılaşma sənədi sayılan üçtərəfli Bəyanatın şərtlərini belə yerinə yetirmək istəmir.
David Bağıryan “əsir erməniləri”
Azərbaycan əleyhinə aksiyaya səsləyir
Xankəndidəki proseslər fonunda diqqətçəkən məqamlardan biri də David Bağıryanın erməniləri Azərbaycan əleyhinə aksiyaya səsləməsidir. Bağıryan bildirib ki, hər bir erməni onun səsinə səs verməli, Azərbaycan əleyhinə aksiyada iştirak etməklə, öz mövqeyini ortaya qoymalıdır. Bağıryanın bəyanatlarından məlum olur ki, o, anti-Azərbaycan mitinqinin mümkün qədər kütləvi olmasına çalışır. Məqsəd sosial sifariş daşımayan, bir ovuc separatçının şəxsi iradəsini əks etdirən aksiyaya “ümumerməni hərəkatı” donu geyindirməkdir.
Təbii ki, aksiyanın təşəbbüskarı kimi Vardanyan qələmə verilsə də, əslində, bu təşəbbüsün İrəvan tərəfindən irəli sürüldüyü və dəstəkləndiyi ortadadır. Bu isə o deməkdir ki, rəsmi İrəvan anti-Azərbaycan aksiyasının kütləviliyini təmin etmək naminə bütün imkanlardan, eyni zamanda, inzibati rıçaqlardan istifadə edəcək, mənəvi-psixoloji baxımdan əsirliyində saxladığı Xankəndi ermənilərinə ciddi təzyiq göstərəcək. Başqa sözlə desək, aksiyaya ermənilər inzibati məcburetmə fonunda cəlb ediləcək ki, bu da sözügedən aksiyanın heç də “xalqın iradəsi”, “ümumerməni hərəkatı” anlayışları ilə bir araya sığmadığını göstərir.
“Dəmir yumruq” üçün darıxan başlar
David Bağıryan irəli sürdükləri tələblərin tanınması üçün 7 gün vaxt verəcəklərini, nəticə hasil olmadığı təqdirdə “bildikləri kimi” hərəkət edəcəklərini vurğulayıb. Bağıryanın irəli sürdüyü tələbin qondarma Qarabağ rejimini diriltmək olduğunu nəzərə alsaq, bu tələbin heç vaxt müzakirə predmeti olmayacağı birmənalıdır.
Bağıryanın 7 gündən sonra nə edəcəyinə gəlincə, əslində, bu da məlumdur. Separatçıların və onların mənəvi atası Vardanyan 7 günün sonunda yenə anti-Azərbaycan bəyanatları səsləndirəcək, yağa bilmədikləri üçün sadəcə guruldamaqda davam edəcəklər. Bu mənada Vardanyan və Bağıryanın təhdidlərinin heç bir əhəmiyyət kəsb etmədiyi ortadadır. Ancaq baş verənlər fonunda müşahidə edilən bir həqiqət var ki, bu da separatçıların başlarının “Dəmir yumruq” üçün darıxmasıdır. Və ola bilsin ki, separatçıların bütün tələblərinə “yox” deyən rəsmi Bakı hansısa məqamda onların bu istəyini nəzərə alsın.
Seymur ƏLİYEV