Son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilmişdir. Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində, Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
İstanbulda keçirilən “TEXNOFEST” tədbirində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı, məmnunluq doğuran çıxışı və xüsusən, Türkiyə dövləti və türk xalqı tərəfindən yüksək səviyyədə qəbul edilməsi barədə söz açan Anadolu telejurnalistlərindən maraqlı bir ifadə eşitdik: “İlham Əliyev təkcə Türkiyə və Türk dünyasında deyil, bütün İslam aləmində sevilən, inanılan və etimad göstərilən liderlərdəndir”.
Elə həmin günlər sosial şəbəklələrdə “İran Azərbaycana qarşı bu qədər təhdidlər səsləndirirsə, işğalçı Ermənistanı hərtərəfli dəstəkləyirsə, səfirliyimizdə terror törədilirsə, hansı İslami həmrəylikdən danışmaq olar?” – kimi populistik ifadələri də növbəti dəfə eşitmişdik. Hətta İranın təmsil olunduğu hansısa təşkilatın fəaliyyətində bizim də iştirakımızı arzu etməyənlər də tapılır. Bu isə təkcə maksimalistlik və ya siyasi radikallığın yox, həm də İƏT – Azərbaycan münasibətlərindən xəbərsizliyin göstəricisidir.
Həmin ritorikanın müəlliflərinə demək istəyirik ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən dərhal sonra İslam Əməkdaşlıq Təşkilatı dövlət müstəqilliyimizi də tanıyıb, ərazi bütövlüyümüzü də, haqq işimizi də. İran isə İslam dünyasında çoxsaylı intriqalar yaratdığına görə İƏT-in fəaliyyətinə heç bir təsir göstərə bilmir. Yəni, Tehranın Bakıya qarşı sərgilədiyi münasibətin İslam Əməkdaşlıq Təşkilatına heç bir dəxli yoxdur.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib ki, biz Tehrandan gələn ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik: “Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur! Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
Bu məqamda İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana münasibəti barədə yada salmalı olduğumuz çoxsaylı faktlardan üçünü xatırladaq. Məsələn, 2020-ci il sentyabrın 28-də – 44 günlük müharibənin başlanmasının ertəsi günü İƏT “İslam Əməkdaşlığı Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir” – deyə konkret və kəsərli bəyanatla çıxış etmişdi. Həmin il oktyabrın 14-də isə İslam Əməkdaşlığı Təşkilatı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması ilə bağlı “İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha təsdiqləyir” başlıqlı bəyanat yaymışdır. Çox keçməmiş həmin qurumun “Baş katiblik Ermənistanın Azərbaycan Respublikasına qarşı hücumlarının dərhal dayandırılmasına çağırır” adlı bəyanatını oxumuşduq.
Bu sənədlərin dünya mediasının manşetinə çıxarıldığı günlərdə Tehrandan İrəvana silah-sursat, yanacaq, ərzaq və digər məhsullarla dolu yük maşınları gedirdi. Üstəlik, İran rəsmiləri bəyan edirdilər ki, Qarabağın Azərbaycana qaytarılması bizim üçün “qırmızı xəttdir”.
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Bakının İslam Əməkdaşlıq Təşkilatına və İƏT-in Azərbaycana münasibəti barədə danışarkən xatırladır ki, ölkəmizin xarici siyasət prioritetlərində müsəlman dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığı hamı tərəfindən yüksək qiymətləndirilir.
Dövlət başçımız İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini dəfələrlə yüksək qiymətləndirib. O xatırladır ki, işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bilən İƏT rəhbərliyi həmin faktları xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirmişdi.
Bu da faktdır ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn, BMT tərəfindən də təqdir edilən İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurasının birgə əməkdaşlığının təzahürü olan “Bakı prosesi” mədəniyyətlərarası dialoqa xüsusi töhfələr vermişdir. Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bir dövrdə Azərbaycanın İƏT-lə birlikdə həmin tendensiyanın qarşısının alınması istiqamətində birgə fəaliyyətin aparması yüksək səviyyədə təqdir olunur.
Xatırladaq ki, 1969-cu ilin avqust ayında 14 müsəlman ölkəsinin xarici işlər nazirləri Qahirə şəhərində fövqəladə görüş keçirərək, Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar İslam dövlətlərinin Zirvə Konfransının keçirilməsi haqqında Səudiyyə Ərəbistanı Krallığının irəli sürdüyü təklifi qəbul etmişlər. Həmin il sentyabrın 25-də Mərakeşin Rabat şəhərində müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən İslam Konfransı Təşkilatı yaradılmışdır. Sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir.
28-30 iyun 2011-ci il tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Surasının 38-ci sessiyası zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur. Bu qurum 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusa malikdir. Eyni zamanda, Cenevrədə və Nyu-Yorkda İƏT-in daimi müşahidəçi missiyaları fəaliyyət göstərir. 2013-cü ilin iyun ayından etibarən isə İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçi missiyası fəaliyyətə başlamışdır.
Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.
1994-cü ilin may ayından etibarən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında daimi nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.
Sonrakı dövrləri əhatə edən bəzi faktları yuxarıda sadaladıq. Ancaq əlavə edilməli məqamlar çoxdur. Məsələn, ekspertlər yazırlar ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir.
Bundan əlavə, Azərbaycan Respublikasının təşəbbüsü ilə İslam Konfransı Gənclər Forumu (hazırda İslam Əməkdaşlığı Gənclər Forumu adlanır), onun Avrasiya Regional Mərkəzi (İƏGF ARM) və İƏT Əmək Mərkəzi kimi qurumlar yaradılmışdır. İƏGF-nin Avrasiya Regional Mərkəzi 2010-cu ildə təsis edilmiş və Bakı şəhərində fəaliyyət göstərir.
İslam Əməkdaşlığı Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın aktiv fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır. Məhz onun təşəbbüsü ilə 2009-cu ildə başlanan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası dünyanın 50-dən artıq ölkəsində həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı “soyqırımı aktı” və “insanlığa qarşı cinayət” kimi tanınmışdır.
Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, həm İƏT-in, həm də İSESCO-nun rəsmiləri işğaldan azad edilmiş Azərbaycan ərazilərində olmuş, beynəlxalq tədbirlərdə iştirak etmişlər. Ən başlıcası, İƏT Azərbaycanın regionda yaratdığı yeni reallıqları ilk tanıyan və ona hörmətlə yanaşan beynəlxalq təşkilatdır.
İ.QAÇAYEV, “Xalq qəzeti”