Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanla Azərbaycan arasında 35 ildən artıqdır davam edən milli ədavətə, kin-küdurətə son qoyan çağırış etmək əvəzinə, etnik nifrət hissini daha da qızışdıran açıqlama ilə çıxış edib. O, mayın 7-də Ermənistan Universitetinin tələbə və məzunları ilə görüşündə Qarabağ ermənilərinin “azad və müstəqil yaşamaq” hüququnun qorunmasının vacibliyini bildirib. Katolikos erməni apostol kilsəsinin (bəzən erməni Qriqorian kilsəsi də deyilir) xalqın “müstəqil dövlət” ideyasını hər zaman dəstəklədiyini təsdiqləyib. Eçmiədzin kilsəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, katolikos ölkəsinin və erməni xalqının düşdüyü çətin vəziyyətə toxunub.
***
Əslində, katolikos II Qareginin bu açıqlaması təəssüf doğursa da, bizim üçün təəccüblü deyil. Məsələ ondadır ki, Ermənistanla Azərbaycan, həmçinin Ermənistanla Türkiyə arasında yaşanan bütün münaqişələrin başında və sonrakı inkişafının mərkəzində hər zaman erməni apostol kilsəsi dayanıb. Tarixə nəzər salsaq, Türkiyəyə və Azərbaycana qarşı düşmənçiliyin, Qarabağda həyata keçirilən qırğınların, 1905-1907 və 1918-ci ilin martında soydaşlarımıza qarşı həyata keçirilən vəhşiliklərin başında erməni kilsəsinin dayandığını sübut edən kifayət qədər faktların mövcud olduğunu görərik. İki xalq arasında fitnə-fəsad toxumunu səpən də elə kilsə olub. Kilsə dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında fəal rol oynayan qurumdur. Bu, hər zaman belə olub və bu gün də belədir. Erməni diasporunun ən çox eşitdiyi və qərarlarını icra etdiyi qurum da kilsədir. Özü də diaspor kilsənin qəbul etdiyi qərarları hər zaman böyük həvəslə icra edib. İndi də erməni diasporu həmin fəaliyyəti yerinə yetirir. Onların Azərbaycanın və azərbaycanlıların ünvanına səsləndirdikləri şər-böhtanların, uydurmaların hamısı erməni kilsəsinin vermiş olduğu qərarlara bağlıdır. Belə bir tendensiyaya digər səmavi dinlərin heç birində rast gəlinmir. Erməni din xadimləri isə xalqımıza qarşı düşmənçilik siyasətinin başında dayanırlar.
***
Katolikos II Qareginin bu çağırışı həm də iki ölkə arasında başlanmış kövrək sülh prosesini pozmağa yönəlmiş addımdır. Məlumdur ki, mayın 1-4-də ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində iki ölkənin xarici işlər naziri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ Dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Bundan əlavə, Böyük Britaniyanın gündəlik qəzeti olan “Financial Times” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşəcəklərini yazıb. Qəzet qeyd edir ki, bu informasiyanı prosesdən yaxşı xəbərdar olan üç mənbə təsdiqləyib. “Financial Times” yazır ki, Nikol Paşinyan, Prezident İlham Əliyev və Şarl Mişel iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla görüşə bilər. Belə mühüm proseslərin yaşandığı bir dövrdə erməni katolikosunun verdiyi açıqlama erməni cəmiyyətini sülhə hazırlamaq istəyinə uyğun gəlmir. II Qareginin bu mövqeyi nifrət hissini artırmaqla milli ədavəti qızışdırmağa və başlanmış kövrək sülh prosesini pozmağa hesablanıb.
***
Katolikosun bir neçə gün əvvəl Ermənistan ordusunun üçüncü korpusunun sabiq komandiri, çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə hazırda həbsdə olan general-mayor Qriqori Xaçaturovun hüquqlarının müdafiəsi üzrə ictimai təşəbbüs qrupunun üzvlərini öz iqamətgahında qəbul etməsi də onun nə qədər siyasiləşməsinin göstəricisidir. Adı kilsə olsa da bu qurum hər zaman terrorçuları, müxtəlif qara əməllərlə məşğul olanları, “Daşnaksütyun” və “Hnçak” kimi partiyaları müdafiə etməklə məşğul olub. İndi də ayrı-seçkiliyi, irqçiliyi dəstəkləməklə məşğuldur.
Mayın 9-da Eçmiədzin kilsəsində ediləcək sülh duası da riyakarlıqdan başqa bir şey deyil. Bununla bağlı yayılan məlumatda səhər saatlarında ediləcək duanın mövzusunun “Doğma vətənimiz Ermənistan və Qarabağın sülhü və təhlükəsizliyi üçün” adlandırılması kilsənin növbəti təxribatlarından biridir. Qarabağ sözünün bura daxil edilməsi həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.
Kilsənin bu yaramaz əməlləri ölkəmizdə dəfələrlə tənqid hədəfi olub. Sonuncu dəfə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 2022-ci ilin oktyabrın 20-də Şuşada keçirilən III görüşündə çıxışı zamanı deyib ki, erməni apostol kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır.
***
Politoloq Aydın Quliyev də “Xalq qəzeti”nə açıqlamasında Eçmiədzin kilsəsinin və katolikosluğun tarix boyu Azərbaycana qarşı aparılan təcavüzkarlıq kursunun yaradıcılarından və ən fəal iştirakçılarından olduğunu bildirib. Qeyd edib ki, ümumiyyətlə, türk dünyasından qisas almaq siyasətinin başında bu qurum dayanır: “Bu gün də Azərbaycana qarşı aparılan siyasətin ən fal iştirakçılarından biri məhz Eçmiədzin kilsəsidir. Azərbaycanda separatizm hərəkatının hazırlanmasından başlamış ta indiyədək bu siyasətin ideya mənbəyi kilsə olub. II Qaregin dəfələrlə Qarabağa, Xankəndiyə səfərlər edib. Azərbaycanın bu ərazilərdə, guya, erməni mədəni və dini irsini məhv edən ölkə olması ilə bağlı rəy yaradan şəxslərdən biri məhz katolikosdur. O, Azərbaycan dövlətinə olmazın böhtanlar atıb”.
Aydın Quliyev qeyd edib ki, Eçmiədzin kilsəsi ölkəmizə qarşı bir vaxtlar təcavüz siyasətinin, indi isə revanşizmin mühüm qüvvələrindən biridir: “Bu siyasət digər ölkələrdə də aparılır. Təsadüfi deyil ki, dünya dini liderlərinin sammitinin iştirakçıları katolikosa dəfələrlə bu qisasçı və qızışdırıcı siyasətdən əl çəkməklə bağlı müraciətlər etsələr də, II Qaregin özünün qara əməllərindən bir addım da olsun geri çəkilməyib. Buna görə də, əslində, ondan apardığı siyasəti düzəldəcəyini gözləmək lazım deyil, onun Azərbaycanla bağlı apardığı revanşist siyasətin layiqli cavabı verilməldir. Çünki təcrübə göstərir ki, II Qaregin Azərbaycana və bütün türk dünyasına qarşı qara əməllərindən heç vaxt əl çəkməyib və əl çəkənə də oxşamır”.
Səxavət HƏMİD, “Xalq qəzeti”