Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
İstanbul, 29 aprel 2023-cü il
Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyevin idarə etdiyi “Togg” avtomobili Türk dünyasının iki ən nüfuzlu liderini İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışına gətirəndə, sanki bütün İstanbulda ucadan eşidiləcək bir mahnı səsləndirilirdi: “Yol ver türkün bayrağına”.
Ölkəmizdə və qardaş Türkiyədə məhşur olan, dinləyicilərə vətənpərvərlik ruhu aşılayan bu mahnı başdan-başa Azərbaycan–Türkiyə qardaşlığı himni idi. İstiqlal şairimiz Əhməd Cavadın 1914-cü ildə Gəncədə olarkən yazdığı ( yeri gəlmişkən, gələn il həmin şeirin 110 yaşı tamam olacaq) şeirə dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyli dörd ildən sonra – 1918-ci ildə mükəmməl bir mahnı bəstələmişdi. O zaman Üzeyir bəy həmin mahnını Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf etmişdi. Mahnını İstanbulda Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Xalq artist Azərin ( Anaxanım Tağıyeva) oxuyurdu.
Azərin birmənalı şəkildə Azərbaycan ab-havası ilə oxuyur, bütün dünya İstanbulun cah-cəlalına bənd olur, hava limanına toplaşanlar üç dövlət başçısının meydana gəlişini alqışlayır, mən isə qəlbən, ruhən Şuşaya gedirdim. İstanbuldakı təmtəraq mənim gözümdə və xəyalımda cənab Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin iyun ayında Şuşadakı çıxışını canlandırırdı. Qardaş ölkənin lideri deyirdi: “Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi... Bildiyiniz kimi, qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab Əliyevlə Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, başqa bir həyəcan var idi. Altı ay sonra qədim Şuşa şəhərində onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz söz, çox şükür, yerinə yetirildi”.
Əhməd Cavad, Üzeyir bəy Hacıbəyli, Nuru paşa, Qafqaz İslam Ordusu, Azərbaycanın istiqlalı, Türkiyə ilə qardaşlıq münasibətlərimiz – bütün bunların hərəsi bir mükəmməl yazı mövzusudur. Türkiyənin dünyada söz sahibinə çevrilməsi, bu prosesə Mustafa Kamal Atatürkün, Nəriman Nərimanovun və Heydər Əliyevin verdiyi töhfələr, sonrakı dövrlərdə prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin həmin tarixi ənənəni yaradıcılıq və ardıcıllıqla davam etdirməsi də şanlı tariximizin qürurverici səhifələridir.
Həmin tarixi şanlı adlandırmağımız təsadüfi deyil. Çünki 70 il davam edən kommunist rejimi dövründə – SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı Türkiyə və Anadolu türkünə olan inamını, sevgisini qətiyyən azaltmamışdı. Hətta, istənilən azərbaycanlı 1918-ci ildə ölkəmizə xilaskar kimi gəlmiş Türk Ordusunun şəhid əsgərlərinin məzarlarını qoruyub saxlamış, dağılmağa qoymamışdı.
Nəhayət, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində həmin qardaşlıq nümunələri tarixi abidəyə çevrilmişdi. 1918-ci ilin mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar faciəsində, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan qəhrəman Vətən övladlarının dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm abidə ucaldılmışdı. Professor Musa Qasımlının dediyi kimi, bu, insanların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir”.
...Bu gün dünya yeni reallıqlar ərəfəsindədir. Doğrudur, Azərbaycan otuz il düşmən tapdağında olan torpaqlarını işğaldan azad edərək regionda yeni reallıqlar yaradıb. Ancaq Türk dünyası regionda yox, Avrasiyada, bütövlükdə planetimizdə yeni reallıqlar yaratmaq ərəfəsindədir. Azərbaycan Prezidentinin fikrincə, 2023-cü ildə Türk dünyasını böyük hədəflər gözləyir.
Dövlət başçımız ötən il noyabrın 22-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündəki çıxışında demişdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.
Azərin oxuyurdu: “Fırtınalar dursun yana, Yol ver Türkün bayrağına!” Sanki təqvimdə 2023-cü il aprelin 29-u yox, 2022-ci il sentyabrın 20-i idi. Həmin gün cənab Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışında deyirdi: “Türkiyə azərbaycanlı qardaşlarının bundan sonra da yanında olacaq. Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə regionda tarixi “pəncərə” açılıb. Türkiyə bölgədə sülh və sabitliyin bərqərar olması üçün çox mühüm addımlar atıb. Son günlər Ermənistan – Azərbaycan sərhədindəki vəziyyət bizim ümumi işimizə kölgə salsa da, inanırıq ki, iki ölkə arasında münasibətlər tezliklə normallaşacaq, hərtərəfli sülh sazişi imzalanacaq və regionda sülh bərpa olunacaq”.
... On minlərlə “TEXNOFEST” iştirakçısı Azərbaycan Przidentinin “Bir millət, iki dövlət, bir yumruq” tezisini alqışlayırdı. Mən isə Azərbaycan liderinin 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan sammitində işğalçı ölkənin quldur başçısıı Serj Sarkisyanın Türkiyənin əleyhinə danışdığı anları xatırlayıram. Həmin məqamda dövlət başçımız demişdi ki, bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: “Ancaq mən buradayam və Türkiyə – Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi ermənilər idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl – Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir”.
Bəli, zaman dəfələrlə sübut edib ki, Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin yanındadır. Bu isə rəqib və bədxahlarımız üçün o qədər də asan dəf ediləcək maneə deyil. Ona görə də böyük şairin 109 il əvvəl yazdığı xəbərdarlıqdan nəticə çıxarmağın vaxtıdır: “Yol ver türkün bayrağına!”
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

