Müasir dünyamızda qlobal terrorizmin bəşəriyyətin təhlükəsizliyi baxımından ən böyük təhdid mənbəyi olaraq qaldığı şübhəsizdir. Bu da şübhəsizdir ki, beynəlxalq terrorizm ona qarşı beynəlxalq səviyyədə mübarizəni zəruri edir. Ancaq təəssüflər olsun ki, bir çox hallarda siyasi amillər, fərdi yanaşmalar, ikili standartlar terrorizmə, o cümlədən, ayrı-ayrı terror təşkilatlarına vahid mövqedən yanaşmağa, terrorizmə qarşı birgə mübarizə təşkil etməyə imkan vermir. Məhz bütün bu amillərin nəticəsidir ki, Azərbaycan və Türkiyə onilliklərdir ki, terrorizmə qarşı təkbaşına – yalnız öz qüvvələri daxilində mübarizə aparmaqda, bu mübarizədə böyük uğurlara imza atmaqdadır.
Avropa təhlükədən sığortalanır
Məlumdur ki, Azərbaycan və Türkiyənin terrorizmə qarşı apardığı mübarizə Qərb dövləltəri tərəfindən heç vaxt paraktiki dəstək almayıb. Əksinə, bir çox hallarda bəzi Qərb ölkələri terrorçu təşkilatların, yaxud separatçıların yanında yer alıb, onlara dəstək veriblər. Buna nümunə olaraq Fransanın bu gün də erməni terroruna kömək etdiyini, separatçılara açıq-aşkar dəstək verdiyini göstərmək olar. Halbuki, Türkiyə və Azərbaycanın terrora qarşı apardıqları mübarizə yalnız bu dövlətlərin deyil, bütün dünyanın, o cümlədən, Avropanın terrordan müdafiəsinə xidmət edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada İŞİD terror təşkilatına qarşı keçirilən son əməliyyatla bağl açıqlamasında bu həqiqəti Qərb dünyasına xatırladaraq deyir: “Türkiyə kəşfiyyatı uzun müddət idi İŞİD-in qondarma başçısı Əbu Hüseyn əl-Qureyşini izləyirdi. Bu şəxs dünən MİT-in (Milli İstihbarat Təşkilatı) Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib.
Güclü Türkiyə dinc vətəndaşları üçün qürur mənbəyidir. Terrorçular artıq başlarını qaldıra bilmirlər, bu da Avropanın təhlükəsizliyinə töhfə verir, amma bunu anlamırlar, hətta müdafiə edirlər. Terror təşkilatlarına qarşı ən təsirli şəkildə mübarizə aparan yeganə ölkə bizik. PKK-nın ən böyük terrorçuları zərərsizləşdirilib”.
Göründüyü kimi, Avropadakı bəzi qüvvələrin terrorçuları himayə etdiyi Türkiyə Prezidenti tərəfindən də etiraf olunmaqdadır. Əslində, terror təşkilatlarının bir çox hallarda Avropa dövlətləri tərəfindən himayə olunması gerçəkliyi, həm də bugünə qədər beynəlxalq terrorizmə qarşı mübarizədə qəti uğurun hansı səbəblə əldə edilməməsi sualını izah edir. Bu fakt sübut edir ki, terrorun bəzi qlobal güclər tərəfindən himayəsi fonunda bu təhlükədən tam olaraq sığortalanmaq mümkün deyil. Bununla belə, qardaş Türkiyə də, eyniylə Azərbaycan kimi, terrora qarşı mübarizəni yorulmadan davam etdirməkdə, bu sahədə ciddi uğurlara imza atmaqdadır. Bir faktı qeyd edək ki, 2022-ci ildə Türkiyə 87-si xüsusi dərəcəli təhlükəli olmaqla, ümumilikdə, 1220 terrorçunu zərərsizləşdirib. Eyni zamanda, Türkiyə ötən il 185 terror aktının qarşısı alıb, minlərlə insanın həyatını xilas edib.
2020-ci ildə erməni faşizminə qarşı müharibədə qətiyyətli qələbə əldə edən Azərbaycan da terrorizmə, o cümlədən, mina terroruna qarşı mübarizəsini davam etdirməkdədir. Statistikaya nəzər salsaq görərik ki, 2022-ci ildə Azərbaycan ermənilər tərəfindən ərazilərimizdə basdırılan 12,313 min minanın zərərsizləşdirilməsinə nail olub. Bütün bu rəqəmlər həm Azərbaycan, həm də Türkiyənin beynəlxalq dəstək olmadan terrora və terrorizmə qarşı hansı miqyasda mübarizə apardığını göstərir.
Terrora dəstək də cinayətdir
Azərbaycan və Türkiyənin qlobal terrorizmə qarşı apardığı bu mübarizə bütün dünyada terror təhlükəsinin azalmasına, bəşəriyyətin, o cümlədən, onun bir parçası olan Qərb dünyasının terror risklərindən sığortalanmasına xidmət edir. Təəssüflər olsun ki, hər iki türk dövlətinin sərgilədiyi bu fədakarlıq Avropa dövlətləri tərəfindən təqdir və dəstəkdən kənar qalmaqdadır. Bu, azmış kimi, müəyyən məqamlarda terrora siyasi-iqtisadi dəstək verən bəzi dövlətlər Azərbaycan və Türkiyənin terrorizmə qarşı apardığı mübarizənin əhəmiyyətini azaltmaqda, bu mübarizənin daha effektiv nəticə verməsini əngəlləməkdədir. Məlumat üçün qeyd edək ki, erməni faşizminin qatı himayədarlarından olan İran son bir il ərzində terrorun bilavasitə və ya dolayısı ilə dəstəklənməsi məqsədilə 16 milyard dollar məbləğində vəsait sərf edib. Bu vəsaitin miqdarı terrorizmin hansı səviyyədə himayə edildiyini göstərir.
Təbii ki, terrorizmin dəstəklənməsi, onun himayə edilməsi bütün bəşəriyyətə, onun təhlükəsizliyinə xəyanət deməkdir. Çünki terrora, terrorçuya göstərilən ən xırda dəstək belə nəticə etibarı ilə bəşəriyyət üçün ağır fəsadlara, qorxunc nəticələrə səbəb olur. Bu isə o deməkdir ki, törədilən hər terror aktına görə məsuliyyət onu icra edənlərlə yanaşı, həm də onlara yardım edənlərin üzərinə düşür.
Hazırda Türkiyə və Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizənin lokomotivləri qismində çıxış edirlər. Bu gün bütün dünyanın terrorizmə qarşı mübarizə fonunda atmalı olduğu yeganə addım Azərbaycan və Türkiyənin ətrafında birləşmək, terrorizmə qarşı mübarizədə bu ölkələrə dəstək vermək, bu yolla öz təhlükəsizliklərinin təmin edilməsinə yardımçı olmaqdır.
Seymur ƏLİYEV

