Tacikistanın prokurorluq orqanları heyəti ölkəmizdə

post-img

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmə­tindən bildirilib ki, nümayəndə heyə­ti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azər­baycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını zi­yarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş ikitərəf­li görüşdə Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söy­kənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəf­fəqiyyətlə inkişaf etdirildiyini, dövlət baş­çılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrinin etibarlı əməkdaşlıq səviy­yəsinə qalxmaqla dostluq və tərəfdaşlıq prinsipinə əsaslandığını vurğulayıb.

Baş prokuror Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uy­ğun olaraq ölkəmizdə hüquq qaydası­nın möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar barədə həmkarına məlumat verib. 

Azərbaycan Respublikasının pro­kurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmon göstərilən yüksək qonaqpər­vərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və Tacikistan prokurorluq­ları arasında münasibətlərin müsbət dinamikasını vurğulayaraq bu əlaqələ­rin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. 

Kamran Əliyev rəşadətli ordumu­zun Qələbə qazandığı 44 günlük Vətən müharibəsi dövründə dost Tacikistanın ölkəmizə mənəvi dəstəyinə görə təşək­kürünü bildirərək Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb.

Görüşdə beynəlxalq təşkilatlar çər­çivəsində qarşılıqlı fəaliyyətin səmərə­liliyi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Bundan başqa, nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati bina­sında prokurorluğun struktur qurumları­nın rəhbərləri ilə görüş keçirib. Qonaq­lara ölkəmizin prokurorluq orqanlarının fəaliyyəti haqda geniş məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Hey­dər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən eksponatlar ilə tanış olub, onlara Mərkəzdə nümayiş olunan Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” və avtomo­bil kolleksiyası sərgisi barədə məlumat verilib.

Daha sonra qonaqlar “İçərişəhər” Muzey Mərkəzinin tərkibində fəaliyyət göstərən Şirvanşahlar Sarayı Komp­leksi və Qız Qalası, həmçinin UNES­CO-nun Ümumdünya irs siyahısına daxil edilmiş digər tarixi-memarlıq abi­dələri ilə tanış olublar. 

Həmçinin qonaqlar paytaxtımız­da keçirilən Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər.

Tacikistan Baş prokurorunun ölkə­mizə işgüzar səfəri başa çatıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər