Azərbaycan nümayəndə heyətinin Tatarıstana səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası, biznes forum keçirilib, iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb.
Nazirlikdən bildirilib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov arasında görüş keçirilib. Tərəflər Azərbaycanın Tatarıstanla iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün görüləcək işlər barədə müzakirə aparıblar.
Kazanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
İclas çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən 3-cü iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə rəqəmsal iqtisadiyyat, elm, təhsil, gənclər, idman mədəni-humanitar, sosial və turizm sahələrində tərəfdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın “Ximqrad” Texnopolisinin “İnnovativ Sənaye Parkı – Yüksək Texnologiyalar sahəsində Texnopark”ı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

