Xəbər verdiyimiz kimi, aprelin 27-28-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XII Plenar İclası keçirilib. İclas Ankara Bəyannaməsinin qəbul olunması ilə başa çatıb.
Ankara Bəyannaməsində Azərbaycan üçün bir çox vacib məsələlər öz əksini tapıb. Sənəddə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və qarşılıqlı hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək bir daha təsdiq olunur və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və sülhün əldə olunmasında mühüm amil olacağına inam ifadə olunur.
Sənəddə həmçinin Ermənistandakı yurdlarından qovulmuş etnik azərbaycanlıların hüquqlarının bərpa edilməsi, onların beynəlxalq hüquqa uyğun olaraq doğma evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması prosesinə dəstək ifadə olunur.
Bəyannamədə müharibədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərində Azərbaycan Respublikası ilə həmrəylik ifadə olunur, TÜRKPA-ya üzv və müşahidəçi dövlətlər bu prosesə öz dəstəyini və töhfəsini verməyə dəvət edilir.
Sənəddə siyasi müdrikliyi və rəhbərliyi ilə Azərbaycanın dövlətçilik və inkişaf tarixində silinməz iz qoymuş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması alqışlanır.
TÜRKPA-ya üzv dövlətlərin təmsilçiləri motivindən asılı olmayaraq, bütün forma və təzahürlərində terrorizmi birmənalı şəkildə pisləyir və terrorizmə qarşı güclü həmrəylik nümayiş etdirir, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolunu vurğulayır və üzv dövlətləri terrorizm, radikalizm, terrorizmə səbəb olan ekstremizm və separatizmə qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə və bu məqsədlə beynəlxalq forumlarda səyləri əlaqələndirməyə çağırır.
Əliqismət BƏDƏLOV,“Xalq qəzeti”

