Ermənistan sülh prosesində maraqlı deyil

post-img

Aprelin 14-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirlərinin məhdud tərkibdə keçirilən iclasında çıxış edib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir müavini çıxışında ölkəmizin MDB çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığa və hökumət başçıları, o cümlədən xarici işlər nazirlikləri səviy­yəsində məhsuldar qarşılıqlı fəaliyyətin davam etdirilməsinə əhəmiyyət verdiyi­ni diqqətə çatdırıb.

Çıxış zamanı MDB-nin qarşılıqlı fəaliyyət məsələləri ilə yanaşı, müasir dünyada təhlükəsizlik və yeni çağırış və təhdidlərə qarşı mübarizənin aktual məsələlərinin müzakirə olunduğu siya­si məsləhətləşmələr mexanizmi olduğu bildirilib. Mövcud çətin beynəlxalq şə­raitdə MDB ölkələrinin xüsusən təhsil, elm, mədəniyyət, səhiyyə, gənclər və idman sahələrində əməkdaşlığı geniş­ləndirməkdə davam etdirdiyi diqqətə çatdırılıb.

Nazir müavini daha sonra Azərbay­canın keçmiş münaqişənin nəticələ­rinin aradan qaldırılması, o cümlədən ölkəmizin regionda sülh və təhlükəsiz­liyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərindən, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpa­sı və inkişafı məqsədilə həyata keçir­diyi layihələrdən, erməni əsilli əhalinin reinteqrasiyası prosesindən bəhs edib.

Azərbaycan tərəfindən atılan müs­bət addımların fonunda Ermənistanın əksinə, vəziyyəti gərginləşdirməkdə davam etdiyini bildirən nazir müavini, qarşı tərəfin müxtəlif təxribat xarakterli hərəkətlərdən istifadə etməklə Azər­baycanın və bütövlükdə beynəlxalq ictimaiyyətin iki ölkə arasında sülhün bərqərar olması və münasibətlərin nor­mallaşdırılması istiqamətində ardıcıl səylərini sarsıtmaq cəhdlərindən söz açıb. Bu xüsusda, nazir müavini aprelin 11-də Ermənistanın Gorus rayonunun Dığ kəndi istiqamətindən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azər­baycan Respublikasının Laçın rayonu ərazisindəki Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəti­cəsində Azərbaycan Ordusunun hərb-çilərinin şəhid olduğunu və yaralandı­ğını bildirib.

Nazir müavini beynəlxalq ictimaiy­yətin sülh sazişi üzrə danışıqlara dair ciddi çağırışları fonunda Ermənistanın bu kimi təxribatlarının sülh prosesində maraqlı olmadığının bariz nümunəsi olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışında Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması ilə bağlı erməni tərəfinin fərziyyələri ilə bağlı məsələyə aydınlıq gətirən nazir müavini Azərbaycanın təbii sərvətləri­nin qeyri-qanuni istismarının, bu sər­vətlərin Ermənistana daşınmasının və sırf humanitar məqsədlər üçün nəzər­də tutulmuş Laçın yolundan sui-istifadə hallarının yolverilməz olduğunu vurğu­layıb. Suveren Azərbaycan ərazilərin­də bu kimi fəaliyyətlərin Azərbaycan dövlətinin təhlükəsizliyinə və bütövlü­yünə ciddi təhlükə yaratdığını bildirib.

Bu xüsusda, nazir müavini Azər­baycanın Ermənistandan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının, elə­cə də Praqa və Soçi razılaşmalarının bütün müddəalarının, xüsusən də qey­ri-qanuni erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı kontingentinin mü­vəqqəti yerləşdiyi Azərbaycan ərazilə­rindən çıxarılmasının təmin olunması, habelə nəqliyyat kommunikasiyaları­nın açılması, dövlət sərhədinin delimi­tasiyası ilə bağlı danışıqlar prosesinin davam etdirilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması is­tiqamətində real addımlar atmasını gözlədiyini vurğulayıb.

“Xalq qəzeti”

Siyasət