Qərbi Azərbaycan İcması ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub yazaraq, Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasına ABŞ-ın dəstək verməsini xahiş edib.
Bu barədə "Xalq qəzeti"nə İcmanın mətbuat xidmətindən məlumat verilib.
Məktubda, həmçinin bildirilir:
“Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını qorumaq üçün 1989-cu ildən bəri fəaliyyət göstərir.
Azərbaycanlıların kompakt yaşayan yerli əhali kimi mühüm mövcudluğa malik olduqları Ermənistandan qovulması 1991-ci ildə başa çatıb. Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi misli görünməmiş etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb.
Ermənistan bu ölkədəki Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib. Mədəni və dini obyektlərin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirab verməklə yanaşı, beynəlxalq humanitar hüququ və insan hüquqlarını kobud şəkildə pozur. Bundan əlavə, son üç onillikdə Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə icazə verməkdən imtina edib. Hərçənd, bu ziyarətlər sülh və barışıq üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır.
Bu ədalətsizlik Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaradıb, onları ərazi iddiaları irəli sürməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı güc tətbiq etməyə, işğalçılığa, kütləvi etnik təmizləməyə və insanlığa qarşı digər cinayətlərə daha da həvəsləndirib.
İstərdik ki, Ermənistanın bu haqsızlıqlarına son qoyulsun və onun nəticələri aradan qaldırılsın. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanaraq, İcma Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını, eləcə də qayıtdıqdan sonra fərdi və kollektiv hüquqlarının həyata keçirilməsini təmin etməyə çalışır.
Biz dinc, təhlükəsiz və ləyaqətli qayıdış konsepsiyamızı hazırlamış və dərc etmişik. Həmin sənəd BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri kimi yayılıb.
2020-ci ildə Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması iki ölkə arasında davamlı sülhün əldə olunması üçün əlverişli zəmin yaradır. Lakin Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, Ermənistanda monoetnik dövlətçilik siyasətinin, etnik təmizləmənin, irqi ayrı-seçkiliyin davam etməsi böyük ədalətsizlikdir. Bu vəziyyət davamlı sülhə nail olmaq üçün aparılan səylərə kömək etmir.
Biz Ermənistan və Azərbaycanın dövlətlərarası münasibətlərini normallaşdırmaq üçün davam edən səylərini yüksək qiymətləndirməklə və ABŞ-ın bu prosesi asanlaşdırmaq səylərini təqdir etməklə yanaşı, iki ölkə arasında bağlanacaq sazişdə azərbaycanlıların Ermənistana geri qayıtmaq hüququnun təsbit edilməsinin vacib olduğuna inanırıq. Bu, həm də iki ölkə arasında sülhün davamlı olması üçün vacibdir. Aydınlıq üçün qeyd etməliyik ki, geri qayıtmaq hüququmuzun təmin edilməsi Ermənistan və Azərbaycan arasında davam edən danışıqların uğuru üçün zəruridir. Lakin, bu danışıqların uğuru geri qayıtmağımız üçün şərt ola bilməz. Vətənində yaşamaq əzəli və ayrılmaz hüquqdur və Ermənistan Azərbaycanla münasibətlərinin xarakterindən və danışıqların necə getməsindən asılı olmayaraq bu hüququmuza hörmət etməyə borcludur. Ermənistanın Azərbaycanla siyasi fikir ayrılıqlarının olması ona etnik azərbaycanlıları qovmaq və onların geri qayıtmasına mane olmaq haqqı vermir.
Azərbaycanlıların geri qayıtması məsələsi barədə qərar verməyi Ermənistanın ixtiyarına buraxmaq son dərəcə ədalətsiz və yanlış olardı. Bu, insan hüquqlarının aliliyi ideyasına zidd olmaqla, Ermənistanın apardığı irqi ayrı-seçkiliyin qəbul edilməsi demək olardı.
Buna görə də, biz ABŞ-dan xahiş edirik ki, müvafiq siyasi və təhlükəsizlik təşəbbüsləri və sosial-iqtisadi yardım proqramları həyata keçirməklə Ermənistandan qovulmuş azərbaycanlıların dinc, ləyaqətli və təhlükəsiz şəkildə öz vətənlərinə qayıtmasına kömək edərək insan hüquqlarımızı möhkəm və ardıcıl şəkildə qorusun.
Nəhayət, bir daha qeyd etmək istərdik ki, bizim Ermənistandan təhlükəsiz və ləyaqətli qayıdış hüququmuza hörmət etmək barədə qanuni tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə zərər vuracaq şəkildə yanlış şərh edilə bilməz. Biz beynəlxalq hüququn aliliyinə və dialoqun dəyərinə tam şəkildə inanırıq. Təcavüzkar separatizm və azlıqların hüquqları bəhanəsi ilə ərazilərin zorla ələ keçirildiyi regionumuzun daha geniş kontekstini nəzərə alsaq, bizim bu aydın mövqeyimiz alqışlanmağa layiqdir.
Bu müstəvidə, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hüquqlarını təmin etmək və öz ərazi bütövlüyü və suverenliyi çərçivəsində re-inteqrasiya etmək niyyətini bəyan etmiş və əməli tədbirlər görmüş Azərbaycan hökumətinin müsbət yanaşmasına istinad etmək istərdik. Biz hesab edirik ki, Ermənistan hökuməti Azərbaycan hökumətinin bu yanaşmasına bizim hüquqlarımızı təmin etmək üçün beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə dair təşviqedici nümunə kimi baxmalıdır.
Əminik ki, Birləşmiş Ştatların qərəzsiz və hərtərəfli səyləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüquqlarına hörmət edilməsinə yardım edəcək və bununla da insan hüquqlarının ümumbəşəri dəyəri kimi qorunub saxlanması və davamlı sülhün bərqərar edilməsi təmin ediləcəkdir.
Biz Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı məsələlərdə ABŞ-ın müvafiq strukturları ilə dialoq və əməkdaşlığa hazırıq”.