Nepomnyaşi–Liren: Otuzuncu gedişdə sülh

post-img

“Chess.com” portalının məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada Şahmat Tacı uğrunda turnir davam edir. Dünən yarışın üçüncü günündə rusiyalı qrossmeyster Yan Nepomyaşi ilə çinli Dinq Liren arasında bir günlük fasilədən sonrakı görüş heç-heçə ilə yekunlaşıb.

Mənbə qeyd edir ki, ağ fiqurlarla oynayan Nepomnyaşi debütdə cüzi üstünlük qazansa da,  lakin planlarını tam reallaşdıra bilməyib. Belə ki, Çin qrossmeysteri Dinq Lirenin əzmlə müdafiə olunması görüşün nəticəsinə böyük təsir edib.  Nəticədə iti zəka sahibləri 30-cu gedişdə sülh bağlayıblar.

Oyundan sonra medianın suallarını cavablandıran rusiyalı qrossmeyster erkən heç-heçəni vəzir qambiti ilə əlaqələndirib. Nepomnyaşi bu cür taktika ilə mübarizə apararkən səhv edilmədiyi müddətdə partiyanı uzatmağın mənasız olduğunu söyləyib. 

Çinli qrossmeyster Dinq Liren isə ilk iki qarşılaşmada psixoloji narahatlıq etsə də,  artıq bu problemi geridə qoyduğunu söyləyib. O, üçüncü görüşdə rəqibinin belə taktikayla oynayacağını gözləmədiyini açıqlayıb. 

Qeyd edək ki, hazırda üç görüşdən sonra Nepomnyaşi 2:1 hesabıyla öndədir. Bu gün qrossmeysterlər 4-cü dəfə masa arxasına əyləşəcək, sabah isə istirahət edəcəklər. 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

İdman