Azərbaycan Ermənistana hər iki xalq üçün məqbul ola biləcək şərtlər təklif edir – siyasi şərhçi

post-img

Aprelin 11-də Ermənistanın sərhəddə törətdiyi növbəti təxribat zamanı şəhidlərimiz öz canları və qanları bahasına Vətən torpağının toxunulmazlığını təmin ediblər. Azərbaycan hərbçiləri ermənilərə hücum etməyib? Ümumiyyətlə belə bir iddia da, istək də olmayıb. Sadəcə olaraq ermənilər onlara yaxınlaşan az sayda Azərbaycan hərbçilərinə qarşı özlərinin say üstünlüyündən istifadə edərək hücum ediblər. Nəticədə də bizim igid oğlanlarımız şəhid olub. Əlbəttə ki, onların qanı yerdə qalmayıb, elə dərhal da intiqam alınıb. Yəni, ermənilərə yerləri göstərilib. Amma bütün bunlar əlbəttə ki, ümumilikdə xoş mənzərə deyil. Yəni, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etdikdən, Qarabağda hərbi əməliyyatları bitirdikdən sonra ümid edirdik ki, Paşinyan və onun başçılıq etdiyi Ermənistan Respublikası nəhayət hərbi ritorikadan imtina edəcək, masa arxasında bütün anlaşılmazlıqları çözmək üçün özündə güc tapacaq. İlk vaxtlarda belə idi, yəni Ermənistan buna gedirdi. Amma sonradan, xüsusilə də Fransanın dəstəyi ilə Ermənistan yolundan sapmağa başladı. Bu gün əgər şəhidlərimizin qanı axırsa, əlbəttə, bunun səbəbkarları Paşinyan və Ermənistan dövləti, onların siyasətinə dəstək verən digər ölkələrdir. Həmin dövlətlər Ermənistanı sülhə imza atmağa qoymur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Politoloq bildirib ki, Azərbaycan bütün mümkün vasitələrlə Ermənistana hər iki xalq üçün məqbul ola biləcək şərtlər təklif edir. Amma Ermənistan bu şərtləri üzdə qəbul edirmiş kimi görünsə də, arxada özünə dəstək olan dövlətlərlə məsləhətləşmələr aparıb, tamamilə başqa hərəkətlər edir, təxribatlar törədir. Ona görə də biz Azərbaycan tərəfi olaraq öz sərhəd və ərazi bütövlüyümüzü qorumaq üçün bundan sonra da hərbi qüdrətimizi artırmalı olacağıq. Bizim buna gücümüz çatacaq. Ermənistanın isə buna gücü çatacağı sual altındadır. Ona görə ki, çökmüş bir dövlətin yenidən Azərbaycanla müharibəyə girməsi axmaqlıqdan başqa bir şey deyil. Paşinyanın davranışları məhz axmaqlıq kimi qiymətləndirilə bilər.

“Əgər arada hansısa anlaşılmazlıq, sərhədlə bağlı qeyri-dəqiqlik varsa, bunun həlli yolu insanları öldürməkdən keçmir. Bunun həlli masa arxasında Azərbaycanın təklif etdiyi qaydada oturub müzakirədən keçir. Ermənistan bunu anlamırsa, əlbəttə itkiləri çox olacaq. Aprelin 11-də Ermənistan növbəti dəfə təxribata əl atdı, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi. Bu, onlara dərs olmalıdır. İstənilən silahlı qarşıdurmada həmişə Ermənistan bizdən sayca çox canlı qüvvə itirib. Bunu anlamamaq həqiqətən də axmaqlıqdır. O baxımdan mən düşünürəm ki, Azərbaycan öz “dəmir yumruğ”unu daim havada saxlamalıdır. Düşmən anlamalıdır ki, bizimlə güc dili ilə danışmaq onlara bəladan başqa bir şey gətirməyəcək”, - deyə Azər Həsrət qeyd edib.

Siyasət