Azərbaycan–Ermənistan sərhədi delimitasiya olunmayıb. Bu, Ermənistanın sülh prosesinə qeyri-konstruktiv yanaşmasının nəticəsidir.
10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasından 3 ilə yaxın vaxt keçsə də, Ermənistan nə sərhədlərin delimitasiyasına, nə də bir sıra digər öhdəliklərini yerinə yetirməyə başlayıb. Nəinki prosesə başlamayıb, hətta regiona Avropa İttifaqının monitorinq missiyasını (əslində jandarmları) cəlb etməklə, vəziyyəti daha da çətinləşdirib. Bununla Ermənistan təkcə Azərbaycanla sülh yaradılmasına mane olmur, həm də Rusiyannı Cənubi Qafqazda mövcudluğuna son qoymaq istəyir, öz aləmində, guya, Qərbə inteqrasiyanı sürətləndirməyə çalışır.
Amma sən saydığını say, gör fələk nə sayır, deyiblər. Rusiya Azərbaycan–Ermənistan şərti sərhədində KTMT missiyasını yerləşdirməkdə israr edir. Ermənistan hələ buna hazır deyil. İrəvan bu il martın 10-da KTMT baş katibinin müavini kvotasından da imtina edib. Rusiyanın Aİ missiyasının regionda mövcudluğu ilə barışmaması da səbəbsiz deyil. İlk növbədə, bu, onunla bağlıdır ki, Aİ missiyası regionda sülh yaradılmasına xidmət etmir. Bunda Qərbin, xüsusən Fransanın xüsusi maraqları var. Ermənistana isə bu maraqların reallaşması üçün plasdarm rolu ayrılıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hələ 2022-ci ilin yanvarında keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ermənistanda Aİ missiyasının yerləşdirilməsi xeyirdən çox ziyan gətirir. Bu il martın 16-da KTMT-nin baş katibi İmanqali Tasmaqambetov da Ermənistanda olub, bir sıra rəsmi şəxslər, o cümlədən, baş nazir Nikol Paşinyanla görüşüb. O, martın 31-də KTMT-nin mənzil-qərargahında rəhbərliyin geniş tərkibli görüşü zamanı deyib ki, Ermənistan–Azərbaycan sərhədində və Qarabağ zonasında vəziyyət ciddidir, sabitlik yoxdur, vəziyyətlə bağlı risklər hazırda aktual olaraq qalır. Görünən budur ki, Rusiya KTMT-nin Ermənistana daxil olmasında israrlıdır. Dünən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də jurnalistlərlə söhbətində bildirib ki, KTMT missiyası Ermənistana gəlməyə hazırdır, bu məsələlər üzərində iş gedir: “Düşünürəm ki, bunun nəticəsində hansı qərara gələcəyimizi dəqiqləşdirəcəyik”.
Bu gün reallıq bundan ibarətdir ki, rəsmi Bakı da sərhədimizdə heç bir xarici müşahidə missiyasına ehtiyac duymur. Çünki Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Sadəcə, Ermənistanla bəzi məsələləri həll etmək qalır ki, avropalı missionerlər mane olmasa, onları da yoluna qoymaq olar. Məsələ bundadır ki, avropalı missionerlər, doğrudan da, regionda sülh işinə tormoz yaradıblar. Onların gəlişindən sonra Ermənistan kifayət qədər ürəklənərək Azərbaycan ordusunun mövqelərini atəşə tutmağı intensivləşdirib. Ermənistanın təxribatları hətta iri toqquşmalara da gətirib çıxarıb, nəticədə hər iki tərəfdən itkilər olub. Hətta Azərbaycan ordusu bəzi sahələrdə yeni mövqelərə qədər irəliləyərək ölkənin təhlükəsizliyini daha yaxşı təmin etməli olub. Bu da son nəticədə ermənilərin ziyanına sonuclanıb. Belə ki, Ermənistan son vaxtlar Qarabağa Laçın-Xankəndi yolundan kənar, alternativ yollarla hərbi yüklər daşıya bilirdilərsə, ordumuzun yeni mövqelərə yerləşməsindən sonra bu imkanlar da əldən verilib. Bu da Aİ missiyasının Ermənistana “xeyri”.
Amma hesab edirik ki, bu, son olmayacaq. Ermənistan hələ Rusiyadan da çoxlu sayda bu cür sürpriz “xeyirlər” görəcək. Çünki bu ölkə və onun baş naziri Nikol Paşinyan təzə avropalı “dayıları”na güvənərək, özünün satqın xislətini bir daha təsdiq etdikcə müvafiq cavabını alacaq. Amma artıq Ermənistana mesajlar çatdırılmaqdadır ki, yaddaşını bərpa etsin və KTMT-nin yerləşməsinə razılıq versin. Artıq məcburetmənin ilk dinc addımları atılmaqdadır. Belə ki, artıq Ermənistandan Rusiyaya süd məhsullarının ixracı ilə bağlı problem başlanıb. Yəqin ki, ardınca daha böyük təzyiq rıçaqları da işə salınacaq. Bu da avropalı dostlarının Ermənistana növbəti “xeyri” olacaq.
Hazırda Aİ missiyası Ermənistanı, doğrudan da, çətin seçim qarşısında qoyub: İrəvan ya Moskva, ya Qərb seçimi qarşısında çıxılmaz vəziyyətə düşüb. Təbii ki, Rusiyanın təsir və təzyiq dairəsindən çıxmaq Ermənistan üçün asan deyil. Bu şəraitdə Qərblə inteqrasiya da effektiv alınmır. Odur ki, Paşinyan Rusiyanın yanına qayıtmaq müqabilində ondan Qarabağla bağlı güzəştlər tələb etmək iddiasındadır. İrəvan indi Qarabağa BMT müşahidəçilərinin yerləşdirilməsinə çalışır. Amma Rusiya bunu özünün “qırmızı xətti” hesab edir və ona xəbərdarlıq edir ki, başı girməyə burnunu soxmasın.
Bundan əlavə, Qarabağ Azərbaycanın tarixi ərazisidir, bu, BMT sənədləri ilə də təsdiq olunub və Bakı heç zaman orada hansısa missiyanın yerləşdirilməsinə razılıq verməyəcək. Orada Rusiya sülhməramlıları yerləşdirilib və 5 illik müddət tamam olduqdan sonra onlar çıxıb gedəcəklər. Bu məsələdə Ermənistana avropalı “dayıları” da kömək edə bilməyəcək. Çünki vaxtilə Ermənistan öz ərazisində Aİ missiyasının yerləşdirilməsinə razılıq verəndə də Bakı buna yol vermədi. Qarabağda belə missiyanın yerləşdirilməsi də Ermənistan üçün xam xəyaldan başqa bir şey ola bilməz...
Tural İSMAYILOV,
politoloq
– Rusiya çalışır ki, Ermənistan ərazilərində Avropa İttifaqının missiyasını hansısa bir formada bloklasın. Çünki ölkəyə yaxşı bəllidir ki, orada Aİ müşahidə missiyası adı altında əslində Qərbin casus şəbəkəsi kəşfiyyat-diversiya işləri ilə məşğuldur. Və Moskva Qərbin Ermənistan ərazilərində Rusiyaya qarşı casus fəaliyyəti ilə məşğul olmasının yaxşı fərqindədir. Ona görə də Moskva bu vəziyyəti ən azı müəyyən qədər neytrallaşdırmaq və həmçinin, Ermənistana nəzarət imkanlarını nümayiş etdirmək üçün KTMT missiyasının bu ölkənin ərazisinə daxil olmasına çalışır.
Lakin burada maraqlı məqam ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq uzun müddətdir, rəsmən KTMT missiyasına qarşı bir savaş başladıb və bu savaş fonunda ölkəsinin təşkilatla bütün əlaqələri bloklanır. Bu baxımdan Paşinyan hansısa formada KTMT missiyasının Ermənistan ərazilərinə daxil olmaması üçün əlindən gələn hər şeyi edəcək. Bununla yanaşı, hesab edirəm ki, Avropa İttifaqının mülki missiyası adı altında casus şəbəkəsinin Ermənistan ərazisində olması faktorunun özü də KTMT missiyasının bu əraziyə daxil olmaq ehtimallarını sıfırlayır.
Digər tərəfdən, bu gün Qarabağda hansısa bir missiya yerləşdirilməsinə çağırış etməyin özü Azərbaycanla Ermənistan arasında və Cənubi Qafqazda formalaşa biləcək sülh və etimad ehtimallarını bəri başdan sabotaj etmiş olur. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edib və eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına görə, orada müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib. Bu sülhməramlıların fəaliyyət müddəti başa çatdıqdan sonra onlar ərazini tərk edəcək.
Azərbaycan dövləti isə, təbii ki, erməni əsilli vətəndaşlarının Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün əlindən gələn hər şeyi edir. Bu baxımdan Azərbaycanın xəbəri və icazəsi olmadan Ermənistanın hansısa BMT missiyasından və onun Qarabağa daxil olmasından danışması, hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərini sabotaj etməklə qalmır, həm də Qarabağ ətrafında yeni gərginlik ocağı və münaqişə mənzərəsi olmasına işarə edir. Bu gün Ermənistan da daxil olmaqla heç bir dövlətin haqqı yoxdur ki, özbaşına Azərbaycan ərazilərinə hansısa missiya dəvət etsinlər.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”


