Məlum olduğu kimi, martın 24-də Hayastan konstitusiya məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunda təsbit edilmiş öhdəliklərin əsas qanuna zidd olmadığı barədə qərar qəbul edib. İndi Ermənistan hökuməti Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edə bilər. Əgər parlament statutu ratifikasiya etsə, o zaman sənədə uyğun olaraq Ermənistanın hüquq-mühafizə orqanları Rusiya Prezidenti Vladimir Putin bu ölkəyə səfər edəcəyi təqdirdə onu həbs etmək öhdəliyini yerinə yetirməli olacaq. Onu da bildirək ki, Putin və Rusiyanın uşaq hüquqları üzrə ombudsmanı Mariya Lvova-Belovanın saxlanılması BCM-in martın 17-də onların həbsinə dair verdiyi order əsasında həyata keçirilməlidir.
Hayastanın konstitusiya məhkəməsinin bu qərarı aydın səmada qəflətən çaxan ildırım effekti yaradıb. Haylar hələ də qərarın şokundan ayılmayıblar desək, səhv etmərik. Ölkənin rəsmi şəxsləri, deputatlar, ictimai-siyasi xadimlər, bir-birinin ardınca, çıxarılan qərarın hələ V.Putinin həbsi demək olmadığı haqda açıqlamalar verirlər. Çünki hakimiyyət başında olduqları 2018-ci ilin mayından bəri vaxtaşırı anti-Rusiya addımları ilə Kremli qıcıqlandıran Nikol Paşinyan iqtidarının mənsubları budəfəki davranışla daha uzağa getdiklərinin fərqinə varıblar. Onlar Moskvanın bu dəfə bərk qəzəblənməsinin əlamətlərini, yəqin ki, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya edəcəyi təqdirdə bunun ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi ilə bağlı İrəvana xəbərdarlıq etməsində görüblər. Odur ki, haylar hazırda Rusiya rəhbərliyinin könlünü almaq üçün dəridən-qabıqdan çıxırlar.
Onların bu cəhdləri görkəmli yazıçı Mixail Bulqakovun “Qaçış” pyesindən bir epizodu yada salır. Əsərdə çapar Krapilin cəbhə komandanı, general-leytenant Roman Xludovu əzazilliyinə görə kəskin tənqid edir, onun ünvanına ağır sözlər işlədir. Lakin birdən diksinib ayılır, diz çökərək, yalvarır: “Zati-aliləri, Krapilinə rəhminiz gəlsin! Ağlım başımda deyil!” Lakin çaparın yalvarışları nəticə vermir, Xludov “Yox, əsgər! Sən yaxşı başlamışdın, ancaq pis qurtardın!” – deyərək Krapilinin öldürülməsini əmr edir. İndi haylar da çapar Krapilin kimi qorxuya düşüblər və Kremlin hirsini soyutmaq, əsəblərini cilovlamaq üçün canfəşanlıq edirlər.
***
Sonuncu dəfə bu istiqamətdə Hayastan parlamentinin sədr müavini Akop Arşakyan danışıb. O, “Armenpress” agentliyinə müsahibəsində deyib ki, Ermənistan V.Putini BCM-in orderi əsasında, hətta ölkə parlamenti Roma Statutunu ratifikasiya etdikdən sonra da həbs etmək fikrində deyil. Arşakyanın sözlərinə görə, Ermənistan Rusiya Federasiyasının narahatlığını dinləyib və Roma Statutu ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin etmək iqtidarındadır.
***
Hayastanda kifayət qədər tanınan, ictimai fikrə təsir etmək imkanına malik jurnalist, “Mediamaks” şirkətinin direktoru Ara Tadevosyan rəhbərlik etdiyi “mediamax.am” saytında dərc etdirdiyi “Tamahkarlığın və korafəhmliyin ciddi siyasi nəticələri” sərlövhəli məqaləsində yazır: “Zənnimcə, Ermənistan hakimiyyəti konstitusiya məhkəməsinin martın 24-dəqəbul etdiyi qərardan sonra yaranmış vəziyyətə düşməmək üçün bu gün çox şey verərdi. Nikol Paşinyan hökumətinin siyasi intihara qərar verməsi ilə bağlı fərziyyəni bir kənara qoysaq, aydın olar ki, BCM-in Putinə qarşı çıxardığı qərardan az sonra Konstitusiya Məhkəməsinin qərarının dərci qarşısının alınması mümkün olmayan təsadüfi cinayətdən başqa bir şey deyil. Məhkəmənin qərarının martın 24-də dərc olunması yəqin ki, müvafiq prosessual qrafiklə bağlıdır. Hökumətin tamahkarlıq və korafəhmlik problemi də elə buradan yaranır ki, bunun bədəlini biz baha qiymətə ödəyə bilərik. Nə konstitusiya məhkəməsində, nə xarici işlər nazirliyində, nə də Nikol Paşinyanın aparatında Putinlə bağlı baş verənlərin fonunda qərarın indi dərc edilməsinin nə ilə nəticələnəcəyini biləcək adam yox idi”.
Erməni jurnalist qeyd edir ki, qərarın qəbulu təxirə salına və ya qəbul edilsə də sonradan müəyyən əsaslar tapılaraq ictimaiyyətə açıqlana bilərdi: “Yaxud, heç olmasa, onun dərci siyasi hakimiyyət nümayəndəsinin izahlı çıxışı ilə müşayiət olunmalı idi. Sizi əmin edirəm ki, həssas situasiyalar olanda bütün dövlətlər belə “fırıldaqlara” əl atırlar”.
O, daha sonra yazır: “İndi yaş və quru bir-birinə qarışıb və başımıza göydən qar kimi problem ələnir. Amma bunu dərk edib həll yollarını axtarmaq əvəzinə, biz maymaqlığın yeni təzahürlərini görürük. Bəziləri təxminən bunu deyir: “Əgər ruslar 2020-ci ilin sentyabrında bizə kömək etsəydilər, BCM-in yurisdiksiyasının tanınması problemi yaranmazdı”. Düşünürlər ki, bu yurisdiksiyanın tanınması bizim təhlükəsizlik problemlərimizi həll edəcək”.
Ara Tadevosyan məqaləsini bu ikibaşlı sözlərlə bitirir: “Normal insan bilir ki, qəfəsdə yaralı pələng olanda içəri girmək və pələngin açıq yarasına daha bir zərbə vurmaq olmaz. Pələng sizi elə vuracaq ki, sağ qalsanız da, ölmək ondan fərzdir. Amma Ermənistan hakimiyyətinə, nədənsə, elə gəlir ki, bu da keçəcək”.
***
44 günlük Vətən müharibəsi dövründə Rusiyadan təyyarələrlə təzavüzkar ölkəyə silah daşınmasını təşkil edən “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan da Ermənistan konstitusiya məhkəməsinin qərarına etiraz edib. Moskvada yaşayan erməni milyarder qeyd edib ki, “Rusiya və Ermənistanın çoxəsrlik dostluq əlaqələrini, iki ölkə xalqlarının qədim tərəfdaşlığını” təhlükəyə atmaq qəbuledilməzdir. Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, S.Karapetyan Ermənistan hökumətinin son vaxtlar Rusiya liderlərinə qarşı sanksiyaların tətbiqində beynəlxalq təşkilatları dəstəkləmək üçün daha tez-tez çağırışlar etdiyini vurğulayıb: “Bu cür hərəkətlər birbaşa qarşılıqlı iqtisadi, siyasi, hərbi və mədəni əlaqələr baxımından Ermənistan–Rusiya münasibətlərini təhlükə altına qoyur”. O, Ermənistan iş adamları assosiasiyası adından rəsmi İrəvanı bu cür bəyanatların bütün mümkün risklərini ayıq şəkildə qiymətləndirməyə və ölkələr arasında tərəfdaşlıq münasibətlərinə təhlükə yaratmamağa çağırıb.
***
Hayastandakı bu etirazların nəticə verdiyini söyləmək mümkündür. Ölkənin “Joxovurd” qəzeti dünənki sayında hökumətin Roma Statutunun ratifikasiyası ilə bağlı yekun qərarını vermədiyini yazıb. Nəşrin xəbərinə görə, hökumət sənədi hələ ki, ratifikasiya olunması üçün parlamentə göndərməyib. Qeyd olunur ki, hakimiyyət orqanlarının ratifikasiya üçün üç ay vaxtı var.
44 günlük Vətən müharibəsi dövründə Paşinyanın çağırışına cavab verməyən, aralarında azı 11 min fərari olan hayların qorxaq, aciz və miskin olduqlarını bilirdik. Onların Rusiyanın göz ağartmasından sonra geri addım atacaqlarını da gözləyirdik. Haylar indi qorxu içindədirlər. Ancaq unudurlar ki, qorxunun əcələ faydası yoxdur.
Zaur MƏMMƏDOV,
politoloq:
– Ermənistan bu addımı atmaqla Qərbə xoş gəlmək istəyirdi. Amma onlar başa düşmədilər ki, bu, çox təhlükəli oyundur. Rəsmi İrəvan indiki həssas dönəmdə qərarın qəbulunu təxirə sala bilərdi. Çünki Ermənistanın hansısa ölkəni Beynəlxalq Cinayət Məhkəməsinə verməyə hazırlaşmadığı indiki dövrdə onun Roma Statutu ilə bağlı qərar qəbul etməsinə ehtiyac yox idi. Dünya bu məsələdə Ermənistan hakimiyyətinin qeyri-peşəkar davrandığına şahidlik etdi.
Digər tərəfdən, Rusiya Prezidentinin Ermənistanda həbsindən söhbət gedə bilməz. Onu kim həbs edəcək? Ermənistan hüquq-mühafizə orqanlarında Rusiyanın təsiri çox güclüdür. Bu ölkədə polisdə və orduda Rusiyaya bağlı kifayət qədər zabit var. Ermənistan sərhədlərini isə rus hərbçilər qoruyurlar. Bu məsələnin müzakirəsi Rusiyada ciddi qıcıq doğurdu. Rusiyalı ekspertlər bu dəfə nəinki Paşinyan hökumətini, ümumiyyətlə Ermənistan dövlətçiliyinin mövcudluğunu sual altında qoyan bəyanatlar verdilər. Bəziləri isə hətta ilk dəfə etiraf etdilər ki, Ermənistanın bugünkü dövlətçiliyi Azərbaycanın İrəvan xanlığı üzərində qurulub.
Səxavət HƏMİD, “Xalq qəzeti”