İrəvanda ara qarışıb, məzhəb itib

post-img

Ermənistanda daxili gərginlik postmüharibə dövrünün pik həddinə çatmaqdadır. İctimai-siyasi sferanın bütün sahələrində özünü göstərən qarşıdurma artıq parlament və hökumət səviyyəsinə yüksəlib. Görünən odur ki, Hayastan dövlətinin üzləşdiyi böhran cəmiyyətlə yanaşı, hökuməti də cəbhələrə bölməkdə, qütbləşdirməkdədir. Son günlər reallaşan həbs və istefaların fonunda parlament, sözün həqiqi mənasında, qaydasız döyüş meydanına çevrilib... 

Xalqın gözünə kül üfürən hakimiyyət

Mövcud gərginlik xalq-hakimiyyət nümayəndələri arasında açıq qarşıdur­malarla müşayiət olunur. Nümunə kimi aprelin 2-də parlamentinin spikeri Alen Simonyanın İrəvanın mərkəzində sa­kinlərin ciddi ittihamları ilə üzləşməsini göstərmək olar. Spikerin onu “satqın” adlandıran vətəndaşa cavabı çox əcaib formada olub. Parlamentdə tez-tez si­yasi əxlaqdan, şəxsi nümunədən dəm vuran spiker onu tənqid edən vətənda­şın gözünə tüpürüb. Bu barədə “Şərəf duyuram” fraksiyasının üzvü Hayk Ma­micanyan sosial şəbəkədəki hesabında paylaşıb. 

O, bildirir ki, parlamentin sədri tərəfin­dən təhqir olunan vətəndaş Karen Mkrt­çyandır. Hayk Mamicanyan, həmçinin vətəndaşın spiker tərəfindən ağır söyüş­lərə “qonaq edildiyini” də yazıb. Spikerin göstərişi ilə Karen Mkrtçyan polis tərəfin­dən həbs olunub. 

Bu olay Ermənistan cəmiyyətində ya­şanan gərginliyin real mənzərəsini əks etdirməklə yanaşı, hakimiyyətin başında xalqın gözünə tüpürən, onu təhqir edən adamların olduğundan xəbər verir. İki gün bundan əvvəl isə baş nazir Nikol Pa­şinyanın oğlunun döyülməsi ilə bağlı spi­ker Alen Simonyanın verdiyi açıqlamanın özü də Ermənistanda xalqla hakimiyyət arasında nifrət və qarşıdurmanın olma­sından xəbər verir. Qeyd edək ki, Simon­yanın bu açıqlamasından az sonra həbs məlumatı İrəvan polisi tərəfindən təkzib olunub. 

Parlament – qaydasız döyüş meydanı 

Ermənistan cəmiyyətini bürüyən gər­ginlik parlamentə də sirayət etməkdə, fraksiyalar arasındakı qarşıdurmanı daha da gücləndirməkdədir. Martın 31-də par­lamentdəki “Hayastan” fraksiyasının de­putatı Mher Saakyanla “Vətəndaş müqa­viləsi” partiyasının deputatı Vladimir Vardanyan arasında baş verən dava bu gərginliyin bariz nümunəsi olub. Həmin davada Mher Saakyan həmkarı Vladi­mir Vardanyana xəsarət yetirdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Parlamentdə daha bir “qayda­sız döyüş” mart 15-də reallaşıb. Ermənis­tan Milli Assambleyasında parlamentin iqtisadi məsələlər üzrə daimi komissiya­sının iclası zamanı “Vətəndaş müqavilə­si” partiyasından deputat Sisak Qabriel­yan ölkədən Türkiyəyə ixrac edilən xam qızılın həcmindən narahatlığını bildirib. Bunun ardınca Sisak Qabrielyan gözlə­nilmədən müxalifət blokunun deputatı Tadevos Avetisyana hücum edib. Bir-bi­rinin ünvanına ağır ittihamlar səsləndirən tərəfləri digər deputatlar güclə ayırıblar. 

Bəli, bu gün Ermənistan parlamen­ti qaydasız döyüş meydanını xatırladır və orada qoldangüclü deputatların sözü arqument və faktlarla danışan deputatla­rın sözündən daha doğru hesab edilir.

Arayış olaraq qeyd edək ki, Ermənis­tan parlamenti 107 deputatdan ibarətdir. Hakim “Vətəndaş müqaviləsi” partiyası parlamentdə 71 deputatla təmsil olunur. Müxalifətdəki “Hayastan” fraksiyasının isə parlamentdə 29 yeri var və onun rəh­bəri sabiq müdafiə naziri Seyran Ohan­yandır. “Şərəf duyuram” farksiyası da Er­mənistan parlamentində müxalif düşərgə sayılır. Bu fraksiyaya milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanes­yan rəhbərlik edir. 

Paşinyanın Ermənistan parlamentin­də əsas dayağı hakim “Vətəndaş müqa­viləsi”dir. Paşinyan məhz bu partiyanın parlamentdəki nümayəndələri vasitəsilə müxalifətin təzyiqlərini neytrallaşdırma­ğa, özünü çoxsaylı siyasi hücumlardan qorumağa çalışır. 

Ermənistanın baş naziri “Vətəndaş müqaviləsi” partiyasını müxalifətin qa­nunvericilik sahəsində irəli sürdüyü “ar­zuedilməz təkliflər”lə mübarizədə də əsas silah hesab edir. Nümunə üçün qeyd edək ki, cari ilin mart tarixində məhz “Vətəndaş müqaviləsi” partiyasınının bitərəf qalması səbəbindən müxalifətin Qarabağla bağlı bəyanat layihəsi parla­mentdə dəstəklənmədi. 

Onu da bildirək ki, Ermənistan parla­mentindəki müxalif fraksiyalar bu ölkənin keçmiş prezidentləri olan Robert Koçar­yan və Serj Sarkisyan tərəfindən həvəslə dəstəklənməkdədir. 

Spiker deputatlara qarşı

Ermənistan parlamentində fraksiya­lar arasında qarşıdurma bir yana, spi­ker və sıravi deputatlar arasında söz davası və qarşıdurma adi hal alıb. Bu qarşıdurma özünü daxili məsələlər kimi, xarici məsələlərə münasibətdə də aşkar hiss edilməkdədir. Ermənistanın Rusi­ya əleyhinə Roma Statutuna qoşulması cəmiyyətdə olduğu kimi, parlamentdə də qarşılıqlı ittiham və təhqirlərə səbəb olub. Spiker və deputatlar arasında bu məsələdə ciddi fikir ayrılığı yaranıb. Bir sıra deputatları, o cümlədən “Vətən­daş müqaviləsi” partiyasının üzvü Qaqik Melkonyan Putinin Ermənistana səfəri zamanı onun həbs ediləcəyini bildirsə də, parlamentin spikeri Alen Simonyan bu ehtimalı “absurd” adlandırıb. Puti­nin həbsi ehtimalının hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü tərəfindən səsləndirilməsi rəsmi İrəvanın Moskva ilə bağlı siyasətinin hakim partiyanın daxilin­də belə dəstəklənmədiyini ortaya qoyur. 

İqtidar fraksiyasından digər deputat Qurgen Arsenyan isə rus qoşunlarının Ermənistanda “əbədiyyətə qədər” qalma­sına etiraz edib və buna lüzum görmədi­yini vurğulayıb. 

Ermənistan mövcud siyasi sistemin­dəki qeyri-sağlam mühit parlamentin üzvləri ilə hüquq-mühafizə orqanlarının rəhbərliyi arasındakı münasibətlərdə də ciddi gərginliyin yaşanması ilə müşayiət edilir. 

Elə spiker Alen Simonyanın 2018-ci ildə baş vermiş bir olaya görə cari ilin 16 yanvar tarixində İrəvan Məhkəməsin­də dindirilməsi bunun əyani sübutudur. Məhkəmədə Simonyan Ermənstan DİN rəisinin sabiq müavini Levon Yeranosya­nın cinayət işi üzrə zərərçəkən qismində dindirilib və o, 5 il əvvəl etiraz aksiyası zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü iddia edib. Simonyanın bu iddiası parlament və hökumətdəki qar­şıdurma ilə yanaşı, sərbəst aksiyanın güc strukturu tərəfindən qəddarlıqla ya­tırılması məsələsini də yenidən gündəmə gətirib. 

Məhkumlar ölkəsi

Ermənistanda hakimiyyətdaxili zid­diyyətlər və onun fəsadları genişlənmək­də olan həbslərin timsalında da özünü göstərməkdədir. Bir müddət öncə İrəva­nın vitse-meri Gevorq Simonyanın həbsi, sabiq səhiyyə naziri, hakim partiyadan olan deputat Arsen Torosyanın həbsinin gündəmə gəlməsi bu dalğanın bütün şid­dəti ilə davam etdiyindən xəbər verir. 

Hökumət nümayəndələri ilə yana­şı, parlament üzvlərinin də həbsi ictimai gündəmi məşğul edən mövzulardandır. Aydındır ki, parlamentarilərin həbsinə hazırlıq onların toxunulmazlığının ləğvi ilə başlayır. Yeri gəlmişkən, Ermənistan parlamenti gizli səsvermə nəticəsində “Ermənistan” fraksiyasının nümayən­dəsi, “İzmirlyan” tibb mərkəzinin keçmiş direktoru Armen Çarçyanı deputat toxu­nulmazlığından məhrum edib. Çarçyan Ermənistan baş prokurorluğu tərəfin­dən rüşvət almaqda və seçicilərə təzyiq göstərməkdə ittiham olunur. 

Müxalif “Ermənistan” blokunun rəh­bəri, sabiq müdafiə naziri Seyran Ohan­yanın da deputat toxunulmazlığı bu ilin fevralında ləğv edilib. Buna səbəb Sey­ran Ohanyanın rüşvət və korrupsiyada ittiham olunmasıdır. Spiker Alen Simon­yan Seyran Ohanyanla yanaşı, “Hayas­tan” müxalifət fraksiyasının 3 deputatının da həbs olunacağını istisna etməyib.

Ermənistan iki ildən çoxdur ki, həbs­lər və istefalarla çalxalanmaqdadır. Yəqin bu gedişlə yaxın bir neçə il ərzində Ha­yastanda məhkumluq həyatı yaşamayan siyasi fiqur qalmayacaq.

 

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət