Böyük Qələbənin müjdəsi – Aprel döyüşləri

post-img

1994-cü ildə Bişkekdə atəşkəs müqaviləsinin imzalanmasından sonra baş vermiş Aprel döyüşlərində ordumuz böyük strateji üstünlüklər əldə etdi. Bu döyüşlər həm də gələcək qalibiyyətimizin müjdəsi kimi tarixə düşdü. Təbii ki, İkinci Qarabağ müharibəsindən sonra Aprel döyüşləri başqa məna kəsb edirdi. Bəs Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış bu döyüşlərin əhəmiyyəti nədə idi? “Aprel döyüşləri” nəyi dəyişdi, nəyi öncədən müəyyənləşdirdi?

Düşmən Birinci Qarabağ müharibə­si başa çatdıqdan sonra ilk dəfə olaraq, Azərbaycan Ordusunun gücünü hiss etdi. Bundan başqa, 2016-cı ilə qə­dər Azərbaycan faktoru Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı”nın mövqelərini gücləndirirdi. Ermənistan cəmiyyət hesab edirdi ki, onları Azər­baycanın qisasından qoruya biləcək insanlar məhz Serj Sarkisyan koman­dasıdır. İşğalçı ölkədə belə bir mif do­laşırdı. Amma 2016-cı ilin baş vermiş Aprel döyüşlərindən sonra bu mif dar­madağın oldu. Hərbi meydanda məğ­lubiyyət sonda Ermənistanda Nikol Paşinyan komandasının hakimiyyətə gəlməsinə şərait yaratdı. 

Təbii ki, Aprel döyüşlərinin nəti­cələri Ermənistan ictimaiyyətində bö­yük narahatlıqların baş qaldırmasına səbəb oldu. Həmin döyüşlər Ermə­nistan ordusunun məğlubedilməzliyi mifini alt-üst etdi. Ermənilər anladılar ki, Azərbaycan Ordusu qarşısında tab gətirməyəcəklər. Eyni zamanda, Aprel döyüşləri həm də ATƏT-in Minsk qru­punun fəaliyyətsizliyinə, həmsədrlərin açıq desək, dişsiz mövqeyini ifşa edən güclü siqnal oldu. Qeyd edək ki, Ermə­nistan parlamenti hələ 2019-cu ildə Ap­rel döyüşlərində məğlubiyyətin səbəb­lərini araşdıran müvəqqəti komissiya yaratmışdı. Bu iş üzrə sabiq prezident Serj Sarkisyanın dəfələrlə ifadə verdiyi açıqlanır. Yekəxana və özündən razı danışan quldurbaşı S.Sarkisyan Aprel döyüşlərişdən sonra müsahibəsində işğal olunmuş 7 rayonun Azərbaycana qaytarılmasını müzakirə etdiyini bildir­mişdi. Onu belə müzakirələrə başla­mağa, əlbəttə ki, 2016-cı il Aprel dö­yüşlərinin nəticələri vadar etmişdi. 

Aprel döyüşləri erməni mütəxəs­sisləri tərəfindən də geniş müzakirə edilir. Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan deyir ki, Aprel döyüşündən sonra erməni tərəfinin məğlub olması ilə bağlı fikirlər səsləndi. Ancaq indi, 2020-ci ilin payız müharibəsindən sonra məğlubiyyətin nə olduğu və necə baş verdiyi aydın­laşdı. Bundan başqa, indi məlum oldu ki, Azərbaycanın Aprel müharibəsində əsas məqsədi Ermənistan ordusunun müdafiə qabiliyyətini yoxlamaqdan ibarət imiş. Onun sözlərinə görə, Er­mənistan tərəfi üçün bu, iki nöqtədə lokal əməliyyat idi: “Uzaq cənubda (Lələtəpə) və uzaq şimalda (Talış). Siz buna müharibə deyə bilməzsiniz, bu, yerli toqquşma və kəşfiyyat xa­rakterli döyüş, böyük hərbi eskalasiya idi”. A.İskəndəryan əsl müharibənin 2020-ci ildə olduğunu vurğulayır. Onun fikrincə, Azərbaycanın 2020-ci ildə qarşısına qoyduğu hədəflər 2016-cı ildəkindən fərqlənirdi. 2016-cı ilin Aprel döyüşündən sonra növbəti müharibə­də dronların böyük rol oynayacağı ay­dınlaşmışdı. Sonradan məlum oldu ki, Ermənistan Aprel döyüşlərindən dərs götürmədi.

Erməni ekspert məğlubiyyətin sə­bəblərini də açıqlayır. Onun sözlərinə görə, ermənilər hələ də düşünürdülər ki, həmişə belə olacaq, yəni, azərbay­canlıların istənilən təzyiqinə tab gətirə biləcəklər. Bundan başqa, ermənilər əmin idilər ki, siyasi yolla məsələni ki­fayət qədər uzun müddətə yubatmaq olar. Amma göründüyü kimi, siyasi faktorlar işləmədi. A.İskəndəryanın sözlərinə görə, rəsmi İrəvan yeni dö­yüş standartlarını kifayət qədər qiymət­ləndirmədi. Erməni ekspert səbəblərin sırasına Ermənistandakı daxili siyasi böhranı da əlavə edir. 

Erməni hərbi ekspert Hayk Xaçik­yanın fikrincə, 2020-ci ildəki mühari­bədən sonra əminliklə demək olar ki, Aprel döyüşləri daha böyük mühari­bənin başlanğıcı oldu: “Ermənistanda da Aprel döyüşlərindən sonra başa düşdülər ki, düşmən bununla məhdud­laşmayacaq. Onun sözlərinə, Aprel dö­yüşləri 2020-ci ilin payız müharibəsi ilə müqayisədə miqyasına görə daha kiçik idi. Amma Aprel döyüşlərindən sonra Azərbaycan hərbi rəhbərliyi öz taktika­sında dəyişikliklər etdi. 

Xatırladaq ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri bütün cəbhə boyu düşmən tərəfindən intensiv atəşə tutulmuşdu. Nəticədə aprelin 2-dən 5-dək ermə­nilər təmas xəttində silahlı təxribatlar həyata keçirmişdilər. Döyüşlər zama­nı Azərbaycan Ordusu ermənilərin mövqelərinə güclü cavab zərbələri en­dirmişdi. Əks-hücum nəticəsində 2000 hektardan çox ərazi azad edilmiş və geniş sahə əməliyyat nəzarətinə götü­rülmüşdü. Goranboy rayonu və Nafta­lan şəhəri üçün təhlükə yarada biləcək Talış kəndi yaxınlığındakı yüksəkliklər, həmçinin Seysulan məntəqəsi düşmən qüvvələrindən təmizlənmişdi. Horadiz şəhərinin düşməndən qorunması üçün Füzuli rayonu istiqamətində strateji əhəmiyyət kəsb edən Lələtəpə yük­səkliyi də Azərbaycan Silahlı Qüvvələ­rinin nəzarətinə keçmişdi. Bu döyüşlər nəticəsində 320 erməni məhv edilmiş, 500-dən çoxu yaralanmışdı.

Bir sözlə, dördgünlük Aprel döyüş­ləri təkcə savaş meydanında deyil, bütövlükdə, Azərbaycan üçün uğurlu oldu. Düşmənin məğlubiyyəti onun əhalisini ayıltdı, siyasətçiləri və eks­pertləri əmin etdi ki, Ermənistan silahlı qüvvələri yalnız kağız üzərində güclü və yenilməzdir. Ermənilər Aprel dö­yüşlərinin, eləcə də 44 günlük müha­ribədə sarsıdıcı məğlubiyyətin acılarını heç zaman unutmayacaqlar. Hər iki əlamətdar hadisə onlara bir dərs oldu ki, başqasına məxsus olanları ələ keçi­rib rahat yaşamaq mümkün deyil.

S.ELAY,
“Xalq qəzeti”

Sosial həyat