Gədəbəyin məhsulu bol olarsa...

post-img

Hamı deyir ki, Gədəbəyin kənd təsərrüfatı məhsullarının – kar­tofunun, almasının, yerkökünün, kələminin, balının... tayı-bərabəri yoxdur. Özü də bu deyilənlər tək­cə gəlişi gözəl sözlər deyil. Maraq üçün gedin bazara, normal, əsl Gədəbəy kartofu tapa bilsəniz, demək çox şanslı insansınız. Bu dağ rayonunun məhsulları, necə deyərlər, əl-əl axtarılır. Hətta qiy­məti digər yerlərin məhsullarından xeyli ucuz olsa belə.

– Gədəbəyin torpağı, təbiəti əvəz­sizdir, elə insanları da həddindən artıq zəhmətsevər adamlardır. Düzdür, tən­bəllər də var, torpaqdan lazımınca isti­fadə etməyənlər də. Amma belələri az­dır. Çalışırıq ki, çox yox, hətta 5-6 sot torpağı olan adama da kömək edək, problemləri ilə maraqlanaq, görək niyə bəziləri əkib-becərməyə meylli deyil... 

Rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlovla qısa söhbətimizdə dediyi bu sözlərdə böyük həqiqət var. Bu gün Gədəbəydə torpaq kəndlinin bir nömrəli dolanışıq yeridir. Keçən il rayon mərkəzindən bir qədər aralan­mışdım ki, yol kənarındakı həyətlərin birində ciddi-cəhdlə yer belləyən bir nəfəri gördüm. Yaxınlaşıb tanış oldum. Öyrəndim ki, tarix müəllimidir, yenicə məktəbdən qayıdıb və həyətyanı kiçik torpaq sahəsində kartof toxumu ək­məyə hazırlaşır. “Mən neçə illərdir ba­zara getmirəm, yeddi nəfər ailə üzvüm var, buradan götürdüyüm məhsul ilbo­yu bizə bəs edir” dedi.

Bəs problem nədədir ki, bəziləri kəndli olduğunu sanki unudub, adətən şəhərə xas işlər üçün rayon icra haki­miyyətinə, digər təşkilatlara üz tutur, bəzən də asan iş axtarır? Bəri başdan qeyd edək ki, hər həftə rayon icra haki­miyyətində keçirilən qəbullarda, eləcə də səyyar qəbullarda qaldırılan prob­lemlər, qarşıya çıxan çətinliklərin həlli istiqamətində geniş tədbirlər planı ha­zırlanıb və o ciddi nəzarət altındadır.

– Siz inanırsınız, bizim fermerlərlə, yəni iri torpaq mülkiyyətçiləri ilə prob­lemlərimiz az olur, nəinki 6-7 sot tor­paq sahəsinə malik sakinlərlə. Bəzən elə məsələ ilə bağlı müraciət edirlər ki, baxırsan çox asan yolla həll etmək mümkündür. Sadəcə torpaqla məşğul olmaq həvəsi yoxdur, nəyisə bəhanə gətirərək iş görmək istəmir…

Bu sözləri isə rayon Dövlət Aqrar İn­kişaf Mərkəzinin direktoru Asif Nağıyev dedi. Sonra da əlavə etdi ki, Mərkəz hamı ilə, fermerlərlə, digər əlaqədar təşkilatlarla əlaqəli çalışır. Əgər belə olmasa Gədəbəydə məhsul ildən-ilə azalar, adamların da əli işdən soyuyar. Təbii ki, problemlərimiz var. Məsələn, rayonun iqtisadiyyatının əsasını təşkil edək kartofçuluqda bugünkü vəziyyət bizi tam qane etmir. Biz heç cür razı­laşa bilmərik ki, bir vaxtlar ildə 200 min ton kartof istehsal edən rayonda indi bu rəqəm 125 min tona düşüb. Bir sıra məşhur sortlar – “Ağçiçək”, “Telman” kartofları tezliklə tamamilə aradan çıxa bilər. Onların normal yetişdirilmə­si xeyli çətinləşib. Çünki lazımi mineral gübrələr çatışmır, ya da çox bahadır...

Direktora xatırlatdıq ki, Tərəvəzçi­lik Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən müasir seleksiya yolu ilə yeni yaradılan Uğur, Çənlibel, Vaqif və Turan kartof sortlarının Gədəbəy rayo­nunun Slavyanka kəndi ərazisində nü­mayiş əkinləri aparılmışdı, bəs nəticəsi nə oldu? Dedi ki, bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zaman­da, əkin dövriyyəsində olan mövcud sortlardan məhsuldarlığı 30-40 faiz daha çoxdur. Hazırda həmin sortların rayonlaşdırılaraq toxumçuluğun təşkil olunması üzərində iş gedir. 

Yeri gəlmişkən, Gədəbəydə istə­nilən kənd təsərrüfatı məhsulunun dəmyə şəraitində yetişdirilməsi müm­kün olduğu üçün suvarma problemi yoxdur. Lakin hazırda rayonda 180 hektar suvarılan ərazi var ki, adamlar çətinliklərlə üzləşirlər. Bu ərazidə azı iki artezian quyusuna ehtiyac var…

Gədəbəydə ilkin emal müəs­sisələrinə də ehtiyac çoxdur. Xüsusilə gön-dəri, yunun ilkin emalı müəssisələ­rinin olmaması hər il tonlarla məhsulun az qala çölə atılması ilə nəticələnir. Keçən il rayonda 218 min 692 baş xır­dabuynuzlu mal olub və hesablamala­ra görə bu heyvanlardan yarım milyon tona yaxın yun qırxılıb. Amma hanı?­Hamısı dağılıb gedib, çölə atılıb. Hara aparsınlar, kimə satsınlar? Halbuki emal müəssisəsi olsaydı, həm heyvan­darlıqla məşğul olanlar, həm də rayo­nun özü xeyli pul qazana bilərdi.

“Aqroserviz” də yoxdur. Əslində, 2017-ci ilə kimi Gədəbəydə adıçəkilən servizin filialı olub. Niyə bağlayıblar, niyə 5-6 ildir yoxdur, heç kəs bilmir.

Yüksək keyfiyyətli toxumların, gübrələrin alınıb gətirilməsində də bir sıra maneələr aradan qaldırılmalıdır. Bu işlər ayrı-ayrı sahibkarlara deyil, mərkəzləşdirilmiş qaydada, yəni dövlət səviyyəsində həll olunmalıdır. Kimsə gedib Rusiyanın hansısa bir vilayətin­dən toxumluq kartof gətirirsə, təkcə ona ümid bağlanmamalıdır. Özü də bu sortların bir çoxunun mənşəyi tam öyrənilmir, lazımi nəzarət yoxdur, yerli şəraitdə yetişdirilməsi bəzən nəzərə alınmır və sair. 

Gübrə satışı da onun kimi. Bir qə­dər gözüaçıq fermerdirsə, hardan oldu, tapıb gətirəcək. Bəs qalanları? Nə tapı­lır, nə ziyanvericilərə qarşı lazımi təsirə malik deyil, nə də qiyməti münasibdir.

...Artıq 2023-cü ilin üçüncü ayı başa çatır. Bu il Gədəbəydə əvvəlki illərdən daha çox məhsul ədə etmək barədə düşünürlər. Rayon icra hakimiyyətinin rəhbərliyi tez-tez fermerlərlə görüşür, onların toplantılarını keçirir, seminarlar, digər tədbirlər təşkil edirlər. Şübhəsiz, adamları maraqlandırmaq, problemlə­rinin həllində yardımçı olmaq öz təsiri­ni göstərəcəkdir. İndiyədək 3 min 661 hektar sahədə şum qaldırılmış, 3 min 288 hektar sahədə payızlıq səpin işlə­ri aparılmış, 3 min 500 nəfər fermer 2 min 867 hektar sahəyə payızlıq əkinini bəyan etmişdir.

Rəqəmlərlə sizi yormaq istəmirəm. Amma onu da nəzərə almaq lazım­dır ki, hər rəqəmin arxasında minlərlə gədəbəylinin alın təri dayanır. Gərək bunu unutmayaq. Elə edək ki, Gədə­bəyin məhsulu bol olsun, dadlı olsun, keyfiyyətli olsun... Məhsul ki, bol oldu, demək, bu ucqar dağ rayonu daha fi­ravan yaşayacaq. Bu firavanlıq tək­cə Gədəbəydən və gədəbəylilərdən asılı deyil. Bir sıra nazirliklərin və baş idarələrin, şirkətlərin rəhbərləri yay aylarında gəlib buz kimi bulaqlardan su içib “ox ay...” deyərkən gərək sadə gədəbəylini, torpaqla əlləşən kəndlini, fermeri unutmasın, onların problemləri ilə maraqlansın...

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

hamlet8.jpg

Sosial həyat