Süni intellekt – inkişaf, yoxsa işsizlik?

post-img

İnsan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan, eyni zamanda, intellektin araşdırılması kimi də başa düşülən süni intellekt dünyanı düşündürən əsas məsələlərdəndir. Müasir həyatımızda, demək olar ki, hər şeyin daha sürətli və daha səmərəli olmasının ən mühüm səbəblərindən biri də bununla bağlıdır. 

Bu sahədə aparılan tədqiqatlar kompüter elmləri, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimizasiya, məntiq nəzəriyyəsi və bir sıra başqa sahələrə əsaslanır. Bu sahənin inki­şafı ilə insan kimi düşünən, həmçinin qərarlar qəbul edə bilən texniki qur­ğuların yaradılması, eyni zamanda, insan məntiqinin maşınlarda tətbiqi nəzərdə tutulur. Bütün əqli əməliyyat­ları insanlar kimi icra edə bilən intel­lektual proqram, sistem və robotların yaradılması, şübhəsiz, çox vaxt tələb edən məsələlərin həllində böyük ef­fekt verə bilər. 

Qlobal iqtisadiyyata sıx inteqrasi­ya olunan və dünyadakı müasir trend­lərdən kənar qalmayan Azərbaycan üçün bu texnologiyaların inkişaf etdi­rilməsi vacibdir. Ölkəmizdə bu sahədə kifayət qədər uğurlu beynəlxalq təcrü­bə mövcuddur və onlardan yararlan­maq xüsusilə əhəmiyyət kəsb edir. 

Technogen MMC ve Shield Solution MMC-nin Təsisçisi, CISCO-nun həqiqi uzvu Fərrux Rəcəblinin dedikləri: 

– “Süni intellekt bu günümüz və gələcəyimiz üçün ən vacib texno­logiyadır. O bizə hansı üstünlüyü ve­rir? Vaxt itirmədən görmək istədiyimiz işləri tez bir zamanda icra edə bilirik. Axtarışa düşmürük, əlavə vəsait sərf etməyə ehtiyac qalmır. Bir düyməyə toxunmaqla, yaxud bir komanda ver­məklə görəcəyimiz işləri süni intellekt avadanlıqları, robotlar yerinə yetirə bi­lirlər. Bu gün bütün sektorlarda süni in­tellektlər inkişaf etdirilir. Qrafik dizayn, tərcümə, proqramlaşdırma, xidmətlər – hər yanda süni intellektdən istifadə olunur. Düzdür, onun Azərbaycanda istifadəsi o qədər də geniş yayılma­yıb, çünki təkmilləşmə mərhələsində­dir. Qısa zamanda ölkəmizdə də hər sektorda süni intellekt çalışacaq. 

Süni intellektin, avtomatlaşdırma­nın mənfi cəhəti də ondan ibarətdir ki, tətbiq olunması işçiyə olan tələbatı azaldacaq. İstər otellər, restoranlar şəbəkəsində, istərsə də digər xidmət sektorlarında, o cümlədən dövlət qu­rumlarında belə hallar ola bilər. Təbii ki, 5 insanın görə biləcəyi işi bir maşın görürsə, ondan istifadə olunacaq. 

Əlbəttə, süni intellektin müsbət cəhətləri danılmazdır. ABŞ və Avropa ölkələrində ondan daha çox istifadə edilir. Bu ölkələrin təhsil sektorunda tətbiq edilməsini xüsusi vurğulamaq istəyirəm. Hansısa yeni layihənin, yeni standartın, texnologiyanın həmin sektorda test olunması və testlərdə tələbələrin iştirakı ilə bu layihənin daha tez təkmilləşdirməsinə imkan yaradır. Təhsil sektorunda süni intel­lekti tətbiq etmək üçün bir sıra nüans­lar var. Dünya ölkələri bu tipdə olan layihələri, standartları çalışırlar ki, əv­vəlcə təhsil sektorunda tətbiq etsinlər. 

Azərbaycanda da hazırda bir neçə universitetdə süni intellekt üzərində iş gedir. Böyük ehtimalla, ölkəmizdə də onun ilk tətbiqi təhsil müəssisələrində olacaq”. 

Beləliklə, istənilən bir yeniliyin tətbiqində insanların ən böyük arzu­su hər hansı sahədə insanları əvəz etmək yox, onların işini daha da səmərəli etmək, sürətləndirməklə ya­naşı, həm də asanlaşdırmaq, işin ic­rasında dəqiqliyə nail olmaqdır. Məhz cəmiyyət də belə yenilikləri səbirsizlik­lə tətbiq edəcəyi anı gözləyir.

 

Leyla QURBANOVA,
“Xalq qəzeti”

suni.jpg

Sosial həyat