“Zəngəzur ideoloqu”nun uğursuz canfəşanlığı

post-img

İran millətçi rejimi tarixi, dini-mədəni ortaqlıq daşıdığı şimal qonşusuna qarşı düşmənçilik niyyətlərini getdikcə daha aşkar və geniş nümayiş etdirir. Hakim mollakratiyanın vicdanını itirmiş ideoloqlarından olan Həqiqətpur adlı birisi ağalarının Azərbaycanla bağlı əndazəni aşmış təhdidlərinə haqq qazandırmaq məqsədi ilə son günlərdə, “mötəbər” və “obyektiv” ekspert rolunda çıxış edib. Bununla bağlı iranşünas alim, professor Vidadi Mustafayev redaksiyamıza açıqlamasında bildirdi:

–Yalanı gözün içinə açıq söyləmə­yi bacaranlardan biri olan Həqiqətpur fars elitası sıralarına daxil olub, orada qalmaq arzusu ilə yanan, lakin etibar edilməyən, keçmiş SEPAH zabitidir. Sonradan siyasətə üz tutan, mənsub ol­duğu xalqa xəyanət etsə də, ağalarına yaltaqlansa da yenidən inam və etibar qazanmayan bu uğursuz məxluq indi də özünü hakimiyyətə Qafqaz regionu üzrə ekspert kimi sırımağa çalışır. O, hakim rejimin Zəngəzur xofuna haqq qazandırmaqla itirilmiş nüfuzunu bərpa etmək üçün çürük filosofluğa qapılıb. Bu başabəla ekspert redaksiya heyəti özü kimilərdən ibarət olan irticaçı “anaj” saytına müsahibəsində İranın Zəngəzur dəhlizinə qarşı düşmən və qərəzli mü­nasibətinə ədalətlilik donu geydirmək üçün deyir ki, “Zəngəzur dəhlizi İsrailin marağına xidmət edir”.

Lakin bu əldədüzəltmə “qafqazşü­nas” həmin qənaəti ilə kifayətlənməyib bir az da irəli gedir, Zəngəzur dəhlizi ilə bağlı “NATO təhlükəsi” barədə də can­fəşanlıq edir: “Hansı sağlam düşüncə NATO-nun ayağının bizim sərhəd zo­lağımıza açılmasına dözə bilər?” Yəni İran Türkiyənin Azərbaycanla sərhəd­dən NATO üzvü Türkiyənin sərbəst keç­məsinə dözə bilməz.

Bu ekspertin sağlam düşüncə de­yil, azacıq bilik sahibi olması da şübhə doğurur. O, İranın Zəngəzur dəhlizinə qarşı çıxmasını, bir tərəfdən, İsraillə bağlayarkən bu ölkənin bölgədən nə qədər uzaqda olduğunu anlamadığı kimi, digər tərəfdən, Türkiyənin İranın Azərbaycanla sərhədindən keçəcəyini təhlükə sayarkən də bu dövlətlə tarixi qonşuluqlarının mövcudluğunu unudur. 

Müsahibimiz sonda qeyd etdi ki, kökü tarixdən gələn, dünyaya yeni bir qapı açan layihənin “gərəksizliyi­ni sübut etmək” heç kəsə müyəssər deyil:

–Tarixdən və coğrafiyadan adi sa­vadı olmayan birisi ekspert iddiası ilə qlobal siyasətə baş qoşub cəfəng və gülüş doğuran fikir söyləyəndə bilməli idi ki, artıq onun ölkəsi 71 ildən çoxdur ki, NATO-nun (1952-ci ildən) ən güclü ölkələrindən olan Türkiyə ilə qonşudur. Özü də bu qonşuluq Zəngəzur dəhli­zi kimi kiçik (40 km) sərhəd xəttini de­yil, çox uzun bir zolağı (534 km) əhatə edir. O ki, qaldı İranının Türkiyə – İsrail əməkdaşlığından çəkinməsinə, xoflan­masına, millətçi-molla rejimi heç vaxt bu ölkələrin yaxın-uzaqlığına etiraz et­məyib.

O ki, qaldı özünü həqiqətpərəst kimi göstərən Həqiqətpurun əsassız iddia­larına, bu zavallı Zəngəzur dəhlizinin açılmasından qorxan ağalarına xoş gəl­mək üçün öz dayaz ağlı ilə nəsə toqquş­durmaq istəyib. Lakin o anlamır ki, Zən­gəzur dəhlizi keçmişdə mövcud olmuş bir dünya yoludur və onun yenidən açıl­ması İrandan asılı deyil. Rejimin dayağı olan SEPAH-dan qovulmuş birisinin bu məsələlərdə bazarlıq etmək həvəsinə düşməsi isə mənasız cəhddir.

 

Hazırladı:
T.RÜSTƏMLİ, “Xalq qəzeti”

Siyasət