SEPAH-ın canı Xameneinin əlindədir

post-img

“Biz SEPAH-dan danışanda onu təhlükəsizlik qüvvəsi, kəşfiyyat və dövlət qurumu modelində bir təşkilat olaraq tanıyırıq. Lakin o, bunlardan daha üstün bir qurumdur. Yəni, Xameneinin yanında dayanan ən güclü orqandır”. 

Azərbaycan Demokrat Firqəsi ABŞ Komitəsinin məsul şəxsi Rə­him Şahbazi hakerlər tərəfindən ələ keçirilən gizli sənədlə bağlı me­diaya bu açıqlamasının davamında bildirib ki, Xameneinin hakimiyyəti davam etdikcə SEPAH-ın bölünməsi mümkün deyil:

–Xamenei onlara çox inanır, inqi­lab keşikçiləri də göstərişləri birbaşa ondan alırlar. SEPAH-da rəhbərliyə qarşı olan müxalif qüvvələr var. Gizli görüşdə toplaşanlar da bununla bağ­lı öz fikirlərini bildiriblər. Xameneini özündən sonra ölkəni kimin idarə edə­cəyi sualı daha çox narahat edir. O, SEPAH daxilindəki müxalif qüvvələrə çox da güc sərf etmir, yaxud da onları görməzliyə vurur. Lakin tədbirini də əl­dən vermir. 

Şahbazi onu da vurğulayıb ki, ha­kimiyyət Azərbaycan türklərindən ibarət olan SEPAH və “Bəsic”dəki qüvvələrə bir o qədər də etibar et­mir: “Təbrizdəki Ləşkəri-Aşura SE­PAH-ın bölmələrindən biridir. Lakin rejim Şimali Azərbaycan sərhədini türklərdən ibarət olan SEPAH qüv­vələrinə etibar etmir. O bölgəyə fars məntəqələrindən SEPAH qüvvələri gətirməyə çalışır. Odur ki, SEPAH-da parçalanma olarsa, bundan gələcəkdə Azərbaycanın xeyrinə də yararlanmaq olar. SEPAH-ın parçalanmış qolu elə millətimizin mənafeyini qoruyacaq və dəstək verən qüvvələrdən olacaq”.

Rəhim Şahbazi özünü müxalifət hesab edən Rza Pəhləvinin də SE­PAH-ın imkanlarından yararlanmaq istədiyini diqqətə çatdırıb: “Rza Pəhləvi danışıqlarında qeyd edir ki, İranın gələcəyində SEPAH-ı tamamilə ləğv etmək olmaz. Onların içində çox yaxşı qüvvələr var və heç də hamısı pis deyil. O, əsl hədəfini ortaya qoya­raq SEPAH-la fikir alış-verişi edib. Bir növ, demək istəyib ki, sizi tamam ara­dan götürmək niyyətimiz yoxdur. Pəh­ləvi hazırkı rejimin gedəcəyi, özünün hakimiyyətə gələcəyi halda SEPAH-ın mövcudluğunun onlara xeyir verəcəyi­ni düşünür. Çünki ordunun, SEPAH-ın köməyi ilə ölkəni parçalanmadan və daxili savaşdan qurtarmaq olar. Lakin Pəhləvinin bu vədlərini SEPAH rahat­lıqla qəbul etməz”.

Siyasət