Güneydə türk dilində kitabların “soyqırımı”

post-img

Güney Azərbaycanda 1946-cı il dekabr ayının 17-də baş verən mədəni soyqırım “yandırılmış kitablar günü” adı ilə xatırlanır. Dünya elmi informasiya dövriyəsində, eləcə də sosial və kulturolojı dairələrdə çox az xatırlanan bu hadisəni təhlil etməyə ehtiyac var.

İran şahlıq rejiminin (Pəhləvilər sü­laləsi) təzyiqindən və səriştəsizliyindən boğaza yığılmış xalq milli hakimiyyətini təsis etdi və milli dəyərlər çərçivəsində həyatını qurmağa başladı. İkinci dünya muharibəsinin nəticələri ilə dünyada və bölgədə daha da demokratikləşmə ümi­dində olan xalq 1946-cı ildə İran şah rejiminin hərbi hücumuna məruz qaldı. Qısa müddətdə minlərlə insan öldü­rüldü, on minlərlə soydaşımız ölkədən mühacirət edildi, bir o qədəri də sürgün olundu. Bu barədə tarixi sənədlərdə çox sayda məlumat verilir. 

Lakin 1946-cı ilin dekabr ayının 17-də, Azərbaycanda demokratik dövlət quruluşunun dağıdılmasından 4 gün sonra İran rəsmi dairələri kütləvi şəkildə kitab məhsullarının yandırılması aktları keçirməyə başladı. Azərbaycan dilin­də bütün növ kitablar, bədii ədəbiyyat, məktəb dərslikləri, mətbuat nümunələri, üzərində Azərbaycan dilində yazılmış hər bir kağız, sənəd yandırıldı. Bu işi rəsmi dövlət orqanları nəinki gizli et­mirdi, hətta kütləvi tədbirlər keçirilirdi, məktəblərdə kiçik yaşlı uşaqları öz ana dilində olan kitablarını gətirməyə və küt­ləvi mərasimlərdə yandırmağa məcbur edirdilər. Bu barədə məlumata İranın rəsmi mətbuat səhifələrində, Azərbay­canın görkəmli elm və mədəniyyət xa­dilmərinin xatirələrində çox rast gəlirik.

1947–1949-cu illərdə dünyanın siya­si güc mərkəzləri yeni dünya “xəritəsi­nin bölünməsi” ilə məşğul olduğundan bu mədəni soyqırımı beynəlxalq mət­buatda bir o qədər də işıqlandırılmadı. 1947-ci ilin Pris sülh konfransı da, əslin­də, dünyada sülh yaratmaq deyil, “pay bölgüsü” ilə məşğul oldu.

Təbrizdə çıxan “Azərbadəkan”(İran) qazeti 13 avqust tarixli baş məqaləsin­də yazırdı: “Kəndlilərin vəziyyəti olduq­ca pisdir, bütün Azərbaycanı dilənçilik və bədbəxtlik bürümüşdür... Hər gün və hər saat kəndlərdən şəhərə (Təbrizə) dəstə-dəstə yoxsul, ac, çılpaq və xəstə kişilər, qadınlar, uşaqlar və gənclər gəl­məkdədir. Bunlar işsizlərin və səfillərin sayını daha da artırırlar”. Bu mənzərə göstərirdi ki, milli kitaba yönəlmiş düş­mənçilik dövlətin məqsədyönlü fəaliyyə­tin nəticəsi olaraq baş verirdi.

İran Xalq Partiyası (“Hizbi Tudə”) Mərkəzi Komitəsinin orqanı olan “Mər­dom” qəzetində 1949-cu il fevral ayı­nın 3-də Abbas Cəfərinin “Azərbaycan xalqımızın mübarizəsinin ön səngə­ridir” adlı məqalədə deyilirdi: “Abbasi xəlifələrinin qanlı hökmranlığı əleyhinə vuruş meydanında, Qacar istibdadına qarşı döyüş səhnəsində, istismarçıların mənfur ağalığı əleyhinə mübarizənin hər zaman ön səngərində Azərbayca­nı gördük. Babək, Səttarxan və doktor Ərani Azərbaycanın şanlı oğullarıdırlar.” Siyasi mətbuatda verilən bu qiymətlən­dirmə İran səltənət rejimini də narahat edirdi. Güneydə milli iradənin sındırıl­ması məqsədi ilə İran rejimi fəaliyyətini genişləndirirdi.

1949-cu il oktyabrın 16-da Y.Kur­sanov və A.Əfəndiyevin Bakıda nəşr edilən “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində verilmiş məqaləsində deyilir­di: “Yaşasın Pişəvəri!” çağırışları getdik­cə daha gur səslənir. Bu, o deməkdir ki, Cənubi Azərbaycanda qısa bir müddət ərzində qalib gəlmiş xalq demokratiyası bütün ölkəyə nicat yolunu göstərdi. Bu ölkənin hazırki hakimləri, yalnız demok­ratiya yoluna çıxmaqla dəhşətli gələ­cəkdən yaxa qurtarmağın mümükün olduğu fikrini zavallı xalqın şüurundan heç bir terrorla çıxara bilməyəcəklər. 

Təbrizin Firdovsi gimnaziyasında ki­tabların yandırılması ilə bağlı Tehranda çıxan “İttilaat” qəzetinin xəbərində deyi­lirdi: “Təbrizdən olan xüsusi nümayən­dəmizin teleqrafı: “Türk dilində kitablar yandırıldı”. Firdovsi gimaziyasında şagirdlər və təbrizlilər Rezaye “qəhrə­manı”, polkovnik Zəngəneyə təşəkkür etdilər və öz duyğularını ifadə etdilər. Dünən insanlar bələdiyyənin qarşısında türk kitablarını yandırdılar”.

“Ataş” qəzeti Təbriz Bələdiyyə Mey­danında yanan kitablardan xəbər verir: “Bu gün bir çox sakinlərin və paytaxtın mətbuat xəbərçilərinin, ordu zabitləri­nin iştirakı ilə Bələdiyyənin qarşısındakı meydanda tələbələr tərəfindən “bay­ram” keçirildi. Dövlət məmurları artıq meydanın ortasında böyük bir atəş yan­dırdılar və bədnam Demokratiya firqəsi­nin çap etdiyi, uşaqlara zorla öyrətmək istədiyi çoxlu sayda klassik türk kitabla­rını “alqışlar” və “yaşasın şah” və “Ya­şasın cənab Əşrəf Qavam əl-Saltani” və “Azərbaycanın düşmənləri məhv olsun” və “İran xainləri məhv olsun” şüarları ilə bütün kitabları yandırdı. Sonra isə bəd­nam xain liderlərinin və muzdlularının fotoları da yandırıldı. Sonra müxbirlər danışdı və cənab Əhməd Şare şeirlər söylədi və Təbriz şagirdlərinin “şənliyi” saat birdə sona çatdı”. 

Hadisələrin bir iştirakçısı öz xatirələ­rində yazırdı: “21 Azərdən bir həftə keçdi, məktəbə getdik. 21 Azər olan məktəbin adının yenidən 15 Bəhmənə dəyişdirildiyini gördüm. Yeni direktor gəldi. Uşaqlar cənab Rəfəti götürdük­lərini dedilər. Müxaliflər məğlub oldular, Pişəvəri qaçdı və dilini də özü ilə apardı! İndi əsərlərinin qalıqlarını məhv etmək üçün birlikdə gedirik. Sıraya düzülüb Mirzə Hüseyni Vaez xiyabanı kimi tanı­nan dar xiyabandan keçdik. Lilava Ke­çid Meydanında yanğın alovlandı. Digər məktəb uşaqları da gəldi. Kitabları bir -bir atəşə atdıq. Yeni direktorumuz kita­bını alov içinə atan hər bir uşağa şirniy­yatlar verirdi. Digər məktəb direktorları da uşaqların kitablarını gizlətməməsi üçün diqqət edirdilər. 

“Kitab yandırma” mərasimindən sonra o gün məktəbi bağladılar ki, evə gedin, sabah gələrsiz. Atam evdə əsəb­ləşmişdi və deyirdi: “Kitabın günahı nə idi. Qəzetlər türk dilini Pişəvərinin dili adlandıraraq lağa qoyurlar, qonşu dili deyirlər. Dilin Pişəvərilə nə əlaqəsi var? Biz bu dildə nəsillər boyu danışmamı­şıqmı?”. Anam dedi: “Düşünürdülər ki, İranda, hətta dünyada, yalnız bir dil var”. 

Başqa bir xatirədə deyilirdi: “On minlərlə insan Demokrat Partiyası ilə əməkdaşlıq ittihamı ilə İranın cənubuna deportasiya edildi. Çox sayda insan, məcburi məhkəmələrində edama və ağır cəzalara məhkum edildi. Təbrizdə bir neçə həftədə, dar ağacları qoyul­muşdu və hər səhər bir neçə qurbanın cansız cəsədləri dar ağacının üstünə daşınırdı və bu ayaqların altında milli təhsil tərəfindən tərtib edilmiş və nəşr olunan Azərbaycan dilində dərsliklər yandırılırdı”. 

 

Pərviz KAZİMİ,
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru

CA9-(2).jpg

Sosial həyat