İranda hər 14 saatda bir nəfər edam edilir

post-img

“İranın Açıq Məlumat Bazası” araşdırma mərkəzi bu yaxınlarda dərc etdiyi hesabatda ölkədə cari ilin qışından bəri orta göstərici ilə müqayisədə edamların keçən 15 ilə görə 24 faiz artdığını və 2023-cü ildə “hər 14 saatda bir nəfərin edam edildiyini” açıqlayıb.

Bu hesabatda İslam Respublikasın­da 2008-2022-ci illər arasında hər 17 saatda bir edam olduğu bildirilib: “Bu ilin ilk 65 günündə İranda 113 nəfər edam edilib və bu, son 8 ildə ən yüksək göstəricidir”.

Bu hesabatda dərc olunan qrafiklər göstərir ki, ən çox edamlar müvafiq ola­raq Tehran, Əlborz, Batı Azərbaycan, Rəzəvi Xorasan və Sistan-Bəluçistan­da olub.

İnsan haqları təşkilatları, o cümlə­dən “Amnesty International” bildirir ki, İran edam statistikasına görə, Çindən sonra dünyada ikinci ölkədir.

İran İnsan Haqları Təşkilatı ayrıca 2023-cü ildə edamların sayını 137 nəfər olaraq açıqlayıb. İran “qətl”, “narkotik”, “silahlı soyğunçuluq” kimi cinayətlərə görə, adi məhbuslara, ayrıca bəzi siya­si məhbuslara “müharibə”, “yer üzündə fəsad” kimi ittihamlarla hələ də edam hökmü verən azsaylı ölkələrdən biridir. 

Ötən illərdə İran hökumətinin təh­lükəsizlik qurumları bir sıra siyasi fəal­ları və rejimin əleyhdarlarını, o cümlə­dən Ruhullah Zəm, Cəmşid Şarmehed və Həbib Osivədi qonşu ölkələrdən oğurlayaraq ölkəyə gətirib. İran–İs­veç ikili vətəndaşı Həbib Osivədin və İran–Almaniya ikili vətəndaşı Cəmşid Şarməhedin edam hökmləri son günlər ədliyyə tərəfindən açıqlanıb.

İslam Respublikasının məhkəmə orqanları tələsik mühakimələrin ardınca 2022–2023-cü il ümumi etiraz aksiya­larında məhbuslardan dördünü edam edib və ədalətsiz prosesdə mühakimə olunan 6 ərəb də daxil olmaqla, onlar­la siyasi məhbus hələ də edam riski ilə üz-üzədir.

 

Rəhman GƏNCƏLİ

Son xəbərlər