İslama zidd rejimin terror xronologiyası

post-img

İran İslam Respublikası yarandığı gündən dünyanın müxtəlif yerlərində siyasi qətllər həyata keçirib. Bu, Tehranın dövlət siyasətinin tərkib hissəsidir. Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilmiş terror aktının da İran xüsusi xidmət orqanlarının işi olduğunu təsdiqləyən dəlillər var. Bu və ya digər məsələlərlə bağlı “haqqın.az” saytının iranlı politoloq Ural Hatəmi ilə söhbətindəki ayrı-ayrı məqamları oxucuların diqqətinə çatdırırıq.

Beləliklə, U.Hatəmi bildirib ki, İran bütün dünyada terror fəaliyyətini fəal şəkildə təşkil edir, həyata keçirir və ma­liyyələşdirir. Bunu çoxsaylı araşdırma, məhkəmə qərarı və digər sənədlər də təsdiqləyir. Fars rejimi iki istiqamətdə terror siyasəti aparır. Birincisi, rejimə qarşı çıxan İran müxalifətçilərinə, ikin­cisi isə digər ölkələrin vətəndaşlarına və qurumlarına qarşı. Onun sözlərinə görə, ölkə xaricində siyasi opponentlə­rin fiziki məhvi təcrübəsi hələ ötən əsrin 80-ci illərinin sonlarından başlanıb və bu günə qədər də davam etməkdədir.

Politoloq ilk olaraq İran şahı Rza Pəhləvinin bacısı oğlu, keçmiş donan­ma kapitanı Şəhriyar Şəfiqin öldürülmə­sinə diqqət çəkib. O, Parisdəki evinin həyətində başından iki güllə vurularaq qətlə yetirilib. Daha sonra monarxiya İranının son baş naziri Şapur Bəxtiyar Parisdə hotel otağında boğazı kəsilmiş halda tapılıb. Bir neçə ay sonra müxalif siyasətçi, professor Əbdülrəhman Bru­mand evinin liftinin qarşısında bıçaqla­naraq öldürülüb. Daha sonra isə Böyük Britaniyada, Almaniyada, Avstriyada, Türkiyədə, İordaniyada, Səudiyyə Ərə­bistanında, habelə Tailandda fars–mol­la rejiminin əleyhdarlarına qarşı siyasi sui-qəsd dalğası yayılıb.

Bundan başqa, İran kəşfiyyatının agentləri və ya muzdlu qatilləri siya­si xadim, aktyor Fereydun Fərroxza­dı, keçmiş general Qulaməli Oveisi, müxalifət fəallarından Efat Qazi və Əbdülrəhman Qasemləni güllələyiblər. İnqilabdan əvvəl İranın Vaşinqtondakı səfirliyində mətbuat attaşesi işləmiş tanınmış jurnalist Əli Əkbər Təbatə­bəy isə ABŞ-da öldürülüb. 1986-cı ildə İstanbulda İran agenturasının üzvlə­ri keçmiş baş nazir Şapur Bəxtiyarın yaratdığı İran Müqavimət Hərəkatının lideri Əziz Moradini iki güllə ilə qətlə yetiriblər.

Politoloq Hatəmi tanınmış türk jur­nalisti Uqor Momjinin qətlində də İran xüsusi xidmət orqanlarının əlinin ol­duğunu bildirib. Onun sözlərinə görə, Momji Türkiyədə islamçı terror qrupla­rının fəaliyyəti ilə bağlı jurnalist araşdır­maları apardığı üçün aradan götürülüb. 

İran siyasi rəhbərliyinin qurbanla­rının siyahısını davam etdirən Hatəmi 1996-cı ildə Fransada güllələnərək öldürülən hüquq müdafiəçisi və aylıq “Piam Azadeqan” jurnalının redaktoru Reza Məzlumyanın adını çəkib. İranlı politoloqun fikrincə, ən səs-küylü ter­ror hücumu 1992-ci il sentyabrın 17-də Berlinin Mykanos restoranında törədi­lib. Burada SEPAH agentləri və “Hiz­bullah”dan olan livanlılar dörd nəfəri öldürüb, iki iranlı müxalif kürdü yarala­yıblar.

Hatəmi iddia edir ki, İranda siyasi qətllərlə bağlı qərarı 20-25 nəfərdən çox olmayan seçilmiş din xadimlərinin dar çevrəsi verir. “Bu insanlar təbii ki, şəriətə istinad edərək fətva verirlər”, Politoloqun bildirdiyinə görə, məsələn, Ayətullah Xomeyni özü britaniyalı ya­zıçı Salman Rüşdinin öldürülməsi ilə bağlı fitva verib. Azərbaycanlı jurnalist və yazıçı Rafiq Tağının qətli ilə bağlı fit­vanı isə aşağı rütbəli din xadimi Ayətul­lah Lənkərani verib. Belə qətllərin fitva­sı o deməkdir ki, özünü şiə hesab edən hər bir şəxs, hansı ölkədə yaşamasın­dan asılı olmayaraq, nəzərdə tutulan “fəaliyyəti” yerinə yetirməyə, hədəfə alınmış şəxsi öldürməyə borcludur. Yəni, fitva İslamın bu cərəyanının bü­tün tərəfdarları üçün müqəddəs dini vəzifəyə çevrilir. İran hakimiyyəti tək­cə iranlılara deyil, terror aktını həyata keçirmək üçün ayətullahların iradəsinə fanatik şəkildə bağlı olan digər millət­lərin və xalqların nümayəndələrinə də “xeyir-dua” verə bilər. Bunun müqabi­lində şiə din xadimləri onları hər za­man mükafatlandırmağa və sığınacaq verməyə hazırdırlar.

Hatəmi, eyni zamanda, bildirib ki, SEPAH rəhbərliyi və İranın Kəşfiy­yat və Təhlükəsizlik Nazirliyi (MİS) müstəqil şəkildə öz qərarlarını qəbul edə və xaricdə terror aktları həyata ke­çirə bilərlər. İranlı politoloqun sözlərinə görə, bilavasitə SEPAH-a gəlincə, bu strukturun İslam Respublikası hüdud­larından kənarda sui-qəsdlər və hə­də-qorxu aktları həyata keçirən xüsusi Qüds bölməsi var. 

Ümumən, adları çəkilən hər iki qu­rum dünyanın müxtəlif bölgələrində terror qruplarının təşkili və idarə olun­ması ilə məşğuldur. Rejim terror aktın­da iştirakını gizlətmək istədiyi hallarda vasitəçilərdən – Hizbullah, Fatmayun, Rota əl-Əştər, Kətaib Seyid əl-Şühə­da və başqa iranpərəst təşkilatların xidmətlərindən “yararlanır”. Maraqlı­dır ki, bir qayda olaraq, bütün qətllər hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilib və onları törədənlə­rin əksəriyyəti həbs edilib.

Ural Hatəmi, həmçinin hesab edir ki, uğurlu terror aktlarının sayının azal­ması İran terrorçularının çağırışlarına cavab verən Qərb təhlükəsizlik xidmət­lərinin peşəkar fəaliyyəti ilə bağlıdır. 2016-cı ildən 2018-ci ilə qədər Parisdə iranlı müxaliflərin qətlini planlaşdıran terror planı üzə çıxarılıb. Fransanın paytaxtında siyasi aksiya zamanı İran agentlərinin partlayış təşkil etmək cəh­dinin qarşısı alınıb. Türkiyədə İsrail obyektlərinə hücum planlaşdıran 4 SEPAH agenti həbs edilib, Keniyada iranpərəst qrupun İsrailin Nayrobidəki səfirliyinə hücum cəhdinin, eləcə də Qərb ölkələrində bir sıra obyektlər­də partlayışlar törətmələrinin qarşısı alınıb. Digər Afrika ölkəsi Nigeriyada ABŞ səfirliyinə qarşı terror aktı hazırla­yan 3 iranlı həbs edilib. ABŞ-da 2018-ci ildə Amerikadakı İsrail hədəflərinə hücumlar, həmçinin, Səudiyyə Ərəbis­tanının Vaşinqtondakı səfirinə və ta­nınmış müxalif İran radiostansiyasının təmsilçilərinə qarşı sui-qəsdlər planlaş­dıran agentlər şəbəkəsi üzə çıxarılıb və zərərsizləşdirilib.

Politoloq Hatəmi açıqlamasında 2012-ci ildə Yeni Dehlidə İran agent­lərinin İsrail diplomatlarına qarşı ter­ror aktı həyata keçirdiklərini, nəticədə bir İsrail və üç Hindistan vətəndaşı­nın yaralandığını vurğulayıb. 2016-cı ilin fevralında isə Filippin hakimiyyəti İran kəşfiyyat orqanlarının Səudiyyə Ərəbistanına məxsus mülki təyyarəni qaçırmaq planını üzə çıxarıb. 2017-ci ilin oktyabrında İstanbulda İran əley­hinə təbliğat yaydığına görə, Tehran Məhkəməsi tərəfindən qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edil­miş GEM televiziya şirkətinin sahibi və direktoru Səid Kərimiana qarşı 27 güllə atılıb. Mühacirətdə olan İran müxalifə­ti Milli Müqavimət Şurası bəyanatında Kərimyanın ayətullah Əli Xameneinin şəxsi göstərişi ilə İnqilab Keşikçiləri tərəfindən öldürüldüyünə inandığını bildirib. 2017-ci ilin mayında Türkiyə mediası Kərimyanın qətlində təqsirlən­dirilən iki nəfərin İrana gedərkən, saxta pasportla Serbiyada həbs edildiyini ya­zıb. Ümumilikdə, ABŞ Dövlət Departa­mentinin məlumatına görə, İran İslam Respublikası yarandığı gündən indiyə­dək 360-dan çox xarici vətəndaşı qətlə yetirib.

Ural Hatəminin sözlərinə görə, İran iqtisadiyyatının nəhəng böhranı, milli valyutanın dəyərdən düşməsi, qiymət artımı, bəzi mallarda bahalaşmanın 300 faizə çatmasına baxmayaraq, fars molla rejimi qətlləri və adam oğurluğu­nu səxavətlə maliyyələşdirməyə da­vam edir. Politoloq qeyd edib ki, haki­miyyət hər il təkcə Qüds korpusuna 7 milyard dollara qədər vəsait ayırır. Bu isə o deməkdir ki, teokratiyanı dünyaya yaymaq ideyaları ilə silahlanmış rejim mövcud olduqca, həm İranın özündə, həm də onun hüdudlarından kənar­da qətllər və adam oğurluqları davam edəcəkdir.

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət