Şamil Ayrım: “AK Partiya seçki kampaniyasını musiqisiz, sakit aparacaq”

post-img

“Ədalət və İnkişaf Partiyasının seçki kampaniyası əvvəlki illərdə keçirilən ənənəvi kampaniyalardan fərqli olacaq. Çünki Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar ölkəmiz hüzün, kədər içindədir. Hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da göstərişi ilə əsrin fəlakəti olan bu zəlzələdə həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq AK Partiyanın seçki kampaniyası musiqisiz, səs-küysüz və sakit bir şəkildə aparılacaq”.

Bu fikirləri Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Türkiyənin hakim Ədalət və İn­kişaf Partiyasının (AK Partiya) İstanbul millət vəkili Şamil Ayrım “Xalq qəze­ti”nə açıqlamasında bildirdi.

Hazırda Türkiyə Böyük Millət Məcli­sində (TBMM) 28 dönəm millət vəkilləri siyahısında olmaq üçün öz namizəd­liyini də irəli sürən Şamil Ayrım dedi ki, prezident və parlament seçkiləri kampaniyasına artıq start verilsə də, AK Partiyanın budəfəki prezident və parlament seçkisi kampaniyasında seçicilərlə daha çox üz-üzə görüş for­matına üstünlük verilir: “Prezidentliyə namizədlərin siyahısı martın 31-də dərc olundu və aprelin 1-də Türkiyədə prezidentliyə namizədlərin seçim kam­paniyası mərhələsinə başlandı.

Parlament seçkiləri üçün isə AK Partiya aprelin 9-11-də namizədləri müəyyənləşəcək. Aprelin 15-də seçim kampaniyasına başlanır. Mayın 14-də isə prezident və parlament seçkiləri ke­çiriləcək. Bayraqlı, təntənəli, işıqlı mi­tinqlərin yerini daha çox üzbəüz görüş­lər və ziyarətlər tutacaq. Biz AK Partiya olarak sahədə və ya qapı-qapı gəzərək insanlarla kampaniya aparmağın daha doğru olduğunu düşünürük”.

Təmsil etdiyi partiyanın seçki rey­tinqinə toxunan millət vəkili ictimai sor­ğularda AK Partiyanın yüksək mövqe­də bərqərar olduğunu və düzgün seçim kampaniyası ilə reytinqlərinin hər za­manki kimi daha da yüksələcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, 2018-ci il iyunun 24-də keçirilən seçkiləri 52,6 faiz səslə Rəcəb Tayyib Ərdoğan qazanmışdı.

 

M.SULTANOVA
Ankara

Son xəbərlər